Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

İnzİbatİ ərazİ bölgüsü

İnzibati ərazi bölgüsü

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət qurmaq imkanı verildi. Bu, sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Halbuki keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. Bundan başqa Ermənistanda tarixən yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən çox olmasına baxmayaraq Azərbaycan onlar üçün Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi.

DQMV yaradılan zaman Azərbaycanın 1923-cü ilə qədərki inzibati-ərazi bölgüsü kobudcasına pozuldu. Qəbul edilən qərara görə, Cavanşir, Qubadlı, Şuşa qəzalarının əraziləri bölündü. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu və elə o vaxtdan da Dağlıq Qarabağ termini meydana çıxdı.

1924-cü il noyabrın 26-da Azərbaycan, erməni və rus dillərində mətbuatda dərc edilən “DQMV haqqında əsasnamə”də göstərilirdi ki, Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-yə verilir. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Ancaq az sonra, 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Bununla da Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu.

1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnağ, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndiyə (Stepanakert) verildi, sonralar isə həmin torpaqlar hesabına Əsgəran rayonu yaradıldı. Stepanakert (Xankəndi) və Əsgəran rayonları bütünlüklə Şuşa qəzasının, əvvəllər Karyagin (Füzuli) rayonunun bir kəndi hesab edilən Hadrut rayonu isə Füzuli rayonunun ərazisi hesabına yaradılıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri inzibati baxımdan rayon-nahiyə-kənd pillələri əsasında bölünmüşdü: Dizaq rayonu, Vərəndə rayonu, Şuşa rayonu, Xaçın rayonu, Ceraberd rayonu.

Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsündə yeni dəyişiklik baş verdi. 1930-cu ilin avqustunda Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə də 5 rayona bölündü: Ceraberd, Martuni, Stepanakert, Dizaq, Şuşa.

Bu bölgüdə Vərəndə rayonunun ərazisi Mar­tuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu, Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq rayonunun ərazisi isə Hadrut rayonu adlandırıldı. SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsü belə qaldı və 5 rayondan ibarət oldu: Şuşa, Mardakert, Mar­tuni, Hadrut, Əsgəran.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi.

Bu qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı.

Bundan əlavə Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi.

Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv olunub. Bu qərara əsasən, Ağdərə rayonunun 8 kəndi (Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan) və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; 23 kəndi (Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ) və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri və 13 kəndi (Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq) və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilib.

İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

 

Elçin Əhmədov

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR