Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

1988-1993

1988-1993

 

 

 

1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Proseslər o dərəcədə sürətlə cərəyan edirdi ki, azərbaycanlılar nə ermənilərin
brilyant sovqatı müqabilində Qorbaçovun hadisələrə biganəliyinin, böyük bir ərazinin respublikanın nəzarətindən faktiki olaraq çıxarılmasının, nə də hakimiyyətin etinasız və səriştəsiz siyasətinin məntiqini başa düşməyə imkan tapa bildilər. Konfliktin coğrafiyası isə günü-gündən genişlənirdi. 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi.
Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı. 1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı. 
 
1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çox qısa vaxt ərzində və məhdud imkanlar çərçivəsində Heydər Əliyev Naxçıvanda ciddi dəyişikliklər etməyə müvəffəq oldu. Naxçıvan MSSR Ali Sovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxtar respublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il sentyabr ayının 3-də isə Naxçıvan Ali Məclisi Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi haqqında qərar qəbul etdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi. 
1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi. Xocalı ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. 
 
2 aprel 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdilər. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalını ittiham edərək bu ərazilərin dərhal azad edilməsini və ordunun oradan çıxarılmasını tələb edən bəyanatla çıxış etdi. Ermənistan isə Azərbaycana qarşı müharibəni davam etdirərək 7 iyulda Ağdərəni tutdular. Bundan sonra ermənilər 1993-cü ilin iyul-oktyabr ayları arasında isə Ağdam (23 iyul), Füzuli (23 avqust), Cəbrayıl (23 avqust), Qubadlı (31 iyul) və Zəngilan (30 oktyabr) kimi Qarabağ ətrafı rayonlarını işğal etdi. Beləliklə, Azərbaycanın Qarabağ Bölgəsi (Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə) ətrafında işğal olunmuş rayonlarının sayı 7-yə (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) çatdırıldı. 
Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə hakimiyyətə yenicə seçilmiş Heydər Əliyev 2 noyabrda televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı.
Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Azərbaycan Respublikası belə bir şəraitdə 8 may 1994-cü ildə Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu. 
- See more at: http://garabagh.net/content_167_az.html#sthash.uJ8YIFfT.dpuf

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR