XİN Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsinə dair açıqlama yayıb

Bakı, 23 noyabr, AZƏRTAC

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu il noyabrın 17-21-də iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil edilib. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, erməni jurnalistlər azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Erməni jurnalistlər Azərbaycanda olarkən müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.