Tural Gəncəliyev: Yumşaq gücdən istifadə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olub və bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, noyabrın 26-da Tural Gəncəliyev səfərlər çərçivəsində keçirilən görüşlərlə bağlı mətbuat konfransı keçirib.

Los-Anceles və Ankara şəhərlərinə səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Tural Gəncəliyev deyib: “Bu, icmamızın beynəlxalq miqyasda ilk xarici səfəridir. Dağlıq Qarabağın Azərbaycan icmasının üzvləri Gülməmməd Məmmədov, Ceyhun Ələkbərov və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ilə birlikdə erməni diasporunun özləri üçün paytaxt adlandırdıqları Los-Anceles şəhərində olduq, Ankaraya səfər etdik. Bu şəhərlərdə yerli ictimai-siyasi dairələrlə, tədqiqat və beyin mərkəzləri ilə görüşlər keçirdik. Los-Anceles şəhərində yəhudi, Pakistan və türk icmaları ilə görüş və dialoqlarımız oldu. Düşünürəm ki, bu icmaların resurslarından yararlanmalıyıq. Ankarada Türkiyənin aparıcı beyin mərkəzlərində görüşlərimiz zamanı bu mərkəzlərlə əməkdaşlığın perspektivləri, birgə layihələr, konfransların təşkili barədə müzakirələr aparıldı.

Biz görüşlərimizdə iştirakçılara Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı, bu təcavüzün ağır nəticələri barədə məlumat verdik. Həmçinin Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva Holokostu yaşamış 92 yaşlı Coşua Kaufman ilə görüşündə 8 gün erməni əsirliyində başına gətirilən müsibətlərdən danışdı”.

İnsan faktorunun, insan hüquqlarının müdafiəsinin çox mühüm amil olduğunu qeyd edən Tural Gəncəliyev Qərbdə statistikanın bir o qədər də maraqlı olmadığını bildirib. Burada insanın yaşadıqlarına, onun hekayəsinə qulaq asmağı daha çox xoşlayırlar. Biz yumşaq gücdən istifadə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq.