Tural Gəncəliyev: “Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyevin Lent.az -a müsahibəsi
- 2020-ci ildə Qarabağla bağlı danışıqlarda tərəflər arasında hər hansı razılıq əldə edilməsini mümkün sayırsınızmı?

- Biz, Dağlıq Qarabağ azərbaycanlıları olaraq, hələ də münaqişənin sülh yolu ilə nəticələnəcəyinə ümid edirik. İstənilən halda, 2020-ci ildən də ümidlərimizi kəsmirik. 2020-ci ildə münaqişənin tənzimlənməsi istiqamətində bizi böyük nəticələr, irəliləyişlər gözləyə bilər. Təsadüfi deyil ki, bu baxımdan icmanın da fəaliyyəti keçən il ərzində daha da intensivləşib. Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, münaqişənin həllində maraqlı tərəf kimi rolumuzu və mövqeyimizi çox gücləndirmişik. Bununla da ermənilərin 3-cü tərəf qismində təkcə Dağlıq Qarabağ ermənilərini irəli sürməsi kimi təxribatçı cəhdlərinin qarşısını almışıq. Düşünürəm ki, 2020-ci ildən münaqişənin tənzimlənməsi ilə bağlı nəticələri gözləməyə dəyər.

- 2019-cu illə bağlı səsləndirilən bu cür optimist proqnozlar özünü doğrultmadı. 2020-ci ildə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi nə dərəcə inandırıcıdır?

- Məsələyə geniş aspektdən baxmaq lazımdır. Azərbaycan regionda lider ölkədir. Rəsmi Bakının atdığı addımlar, həyata keçirdiyi beynəlxalq layihələr, yürütdüyü xarici siyasət təsdiqləyir ki, ölkəmiz Ermənistanı beynəlxalq, humanitar hüquq baxımından, istərsə də iqtisadi göstəricilər baxımından üstələmişdir. Ermənistanın sülhə məcbur edilməsi an məsələsidir. Müvafiq proseslər lazım olan məcrada inkişaf edərsə, 2020-ci ildən gözləntilərimiz çox böyükdür. Beynəlxalq ictimaiyyətin də Ermənistana təsiri bu il daha da artmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, vasitəçi olaraq, Ermənistanı məcbur etməlidir ki, işğalçı qoşunlarını torpaqlarımızdan çıxarsın. Biz yenə də münaqişənin sülh yolu ilə həll edilməsini daha üstün hesab edirik. Amma bizim BMT-nin nizamnaməsi ilə təsbit olunmuş hüquqlarımız var. Bu, bizə öz torpaqlarımızı istənilən yolla azad etməyə imkan verir və beynəlxalq hüququn prinsipləri ilə uyğundur. Bu hüquqdan istifadə etməyimizin qarşısını alan heç bir faktor yoxdur.

- Bundan öncə Qarabağdakı icmalar arasında da danışıqlar məsələsi gündəmə gəlmişdi. Qarabağın Azərbaycanlı İcmasının bu il danışıqlara aktiv qoşulması mümkündürmü?

- Biz Dağlıq Qarabağ Azərbaycanlı icmasının keçən il ərzində aktiv fəaliyyətini müşahidə etdik. İcmanın beynəlxalq istiqamətdə də fəaliyyəti çox genişləndi. Hazırda Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsi üçün danışıqlar davam etdirilir. Əgər məqsədəuyğun hesab edilsə, icmalararası dialoq vasitəsi ilə biz də prosesə öz töhfəmizi verməyə hazırıq. Bunun baş verməsi üçün Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsinin şahidi olmalıyıq. Ermənistana xüsusi təzyiq olunmalıdır ki, o bizim öz torpaqlarımıza geri qayıtmağımıza mane olmasın, mülkiyyət və digər hüquqlarımızın bərpa olunmasına heç bir əngəl törətməsin.

Keçən il ərzində biz ölkə daxilində və beynəlxalq arenada mühüm istiqamətdə işlər gördük. Bununla Dağlıq Qarabağ Azərbaycanlı icmasının münaqişənin həllində maraqlı tərəf kimi güclü faktor olduğunu göstərdik. Qısa zamanda biz öz gücümüzü və mövqeyimizi hamıya sübut etdik. Erməni tərəfi də bizim fəaliyyətimizdən sonra təşviş içərisindədir. Çünki onlar məhz Dağlıq Qarabağ Azərbaycanlılarının səsinin bu qədər ucadan gələcəyini gözləmirdilər. Ermənilər hesab edirdi ki, bizim susmağımız davam edəcək və meydanda tək qalaraq onlar istədiyi yalanları dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəklər. Amma Dağlıq Qarabağın Azərbaycanlı icması olaraq fəaliyyətimiz nəticəsində erməni yalanları və iftiraları ifşa olundu. Bu ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

- İcmalararası dialoqdan bəhs etdiniz. Bir müddət öncə erməni-azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Qarabağ icmasının erməni jurnalistlərlə Bakıda görüşü oldumu? Bu səfərlər münaqişənin həllinə müsbət mənada hansısa töhfə verdimi?

- Mən həmin vaxt Los-Ancelesdə səfərdə idim. Ona görə də onlarla görüşə bilməmişdim. Lakin icmanın üzvü həmin jurnalistlərlə görüşlərdə iştirak etmişdi və icmamızın mövqeyini onların diqqətinə çatdırmışdı. Ümumiyyətlə, erməni tərəfinin bu səfərdən sonra şou yaratması bizim hamımızı məyus etdi. Azərbaycan tərəfi bu səfərlərə konstruktiv mövqedən baxsa da, münaqişənin həlli üçün imkan kimi görsə də, ermənilər əksinə bu səfərlərdən təxribat, şou məqsədilə istifadə etdilər. Bu da bir daha göstərir ki, Ermənistan münaqişənin tənzimlənməsində maraqlı deyil. Onlar istənilən görüşdən, səfərdən istifadə edərək hər vasitə ilə münaqişənin uzanması üçün imkanlar axtarırlar.

Belə olan təqdirdə bu səfərlər davam etdirilməlidirmi?

- Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ortada olduqca bu səfərlərin heç bir nəticəsi olmayacaq. Jurnalistlər arasında səfərlərin heç bir əhəmiyyəti olmadığından hazırkı dövrdə buna lüzum görmürəm. Əgər Ermənistan tərəfi keçirilən görüşlərdən hər hansı nəticə çıxarardısa, bu görüşlərin davam etdirilməsindən danışmaq olardı. Amma indiki şəraitdə bunun mənası yoxdur.

- Qondarma rejimdə bu il “prezident seçkisi” keçiriləcək. Sizcə bu “seçki”dən sonra formalaşacaq yeni hakimiyyət konfliktə hansı formada təsir göstərəcək?

- Qondarma rejimin qondarma seçkilərini heç kim tanımır. Burada baş verənlər sadəcə teatr, oyundur. Azərbaycanlı icması öz torpaqlarına geri qayıda, öz torpaqlarımızda keçirilən seçkilərdə iştirak edə bilmirsə, orada keçirilən istənilən proses qanunsuzdur. Ona görə də heç bir nəticə və dəyişiklik gözləmirəm.

- Azərbaycan bu “seçki”nin qarşısını almaq və bölgəyə xarici müşahidəçilərin gəlməsinə mane olmaq üçün nə etməlidir?

- İşğal olunmuş ərazilərimizdə olan qanunsuz fəaliyyətlər hər zaman dövlətimizin diqqətindədir. Nəinki seçkilərə xarici müşahidəçilərin gəlməsinin, ümumiyyətlə, ermənilərin qanunsuz əməllərinin qarşısını almaq üçün bütün dövlət qurumları, xaricdəki səfirliklərimiz məsələni daim nəzarətdə saxlayırlar. Ermənistan, istər müşahidəçilər olsun, istər digər şəxslər olsun, onları aldadaraq işğal olunmuş torpaqlara aparır.

- Bu halların qarşısını necə almalıyıq?

- Xüsusi təbliğat formalardan istifadə edərək Dağlıq Qarabağın işğal olunmuş zona olduğunu beynəlxalq arenada bütün qurumların diqqətinə çatdırmalıyıq. Burada həyat fəaliyyətinin riskli olması xüsusilə diqqətə çatdırılmalıdır.

- Bəs bu vasitələrdən istifadə edə bilirikmi?

- Əlbəttə. İşğal altında olan torpaqlara səfər edən, tədbir keçirən şəxslərin, təşkilatların sayına baxsaq, bunu görərik. Ermənilər bu məsələyə beynəlxalq ictimaiyyətin yanaşmasına bələddirlər. İşğal olunmuş torpaqlara əsasən ya ermənilər tərəfindən aldadılmış şəxslər, yaxud da ermənipərəst şəxslər səfər edir. Bu torpaqlara hansısa böyük axın olmasından, kütləvi tədbirlərin keçirilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq. Ona görə də onlar bu torpaqlarda qanunsuz səfərlər keçirməkdə maraqlıdırlar, qanunsuz fəaliyyətlə buradakı resursları mənimsəyirlər. Bu vəziyyətin müvəqqəti olduğunu bildiklərindən, hazırda oğurluq, talamaq işi ilə məşğuldur.

- Bir az da Dağlıq Qarabağın Azərbaycanlı icmasının 2020-ci il planlarından bəhs edək...

- 2020-ci ildə icma fəaliyyətini daha da genişləndirəcək. Beynəlxalq səfərlər, ölkə daxilində icma üzvləri ilə görüşlərin sayı daha da artacaq. Biz öz fəaliyyətimizlə düşməni ifşa etməkdə davam edəcəyik. Biz sülh istəyirik və erməni icması ilə birlikdə yaşamağa hazırıq. Bu, bizim əsas mesajımızdır. Onlar da təəssüf ki, Ermənistanın və onun əlaltısı olan qanunsuz rejimin caynağından qurtara bilmirlər. Ona görə də, bizim istəyimizə müsbət cavab verə bilmirlər. Amma mən əminəm ki, orada elə ermənilər var ki, onlar da Azərbaycanın ərazi bütövlüyü şəraitində bizimlə birlikdə yaşamaq istəyirlər.

Rusiyanın müxtəlif vilayətlərində yaşayan bəzi erməni icmasının nümayəndələri var ki, onlar müxtəlif vasitələrlə bizə məlumatlar göndərirlər. Xüsusilə də keçmiş və orta yaşlı ermənilər keçmişdə birgə yaşadığımız dövrləri xatırlayır. Bəlli kənar qüvvələrin başlatdığı münaqişə nəticəsində onların da həyatı alt-üst olub.