Fərid Şəfiyev: Azərbaycan milli maraqlara əsaslanan siyasətini davam etdirir

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev dekabrın 3-6-da Azərbaycan nümayəndə heyətinin Brüssel şəhərinə səfəri ilə bağlı mətbuat konfransı keçiriblər. Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Avropa İttifaqının (Aİ) rəsmiləri, müstəqil beyin mərkəzlərinin, vətəndaş cəmiyyəti institutlarının, mətbu orqanlarının üzvləri və Avropadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Fərid Şəfiyev Brüssel səfərinin nəticələrini müsbət qiymətləndirib. Bildirib ki, səfərin əsas məqsədi ölkəmizin rəsmi mövqeyini Avropa İttifaqına üzv dövlətlərə çatdırmaq, Aİ ilə münasibətləri inkişaf etdirmək və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə tanıtmaq, bununla bağlı təbliğat işini gücləndirmək olub.

“Biz nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ–Azərbaycan münasibətləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirdik, Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) olduq. Mərkəzdə BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə olundu və Azərbaycanın xarici siyasəti, Ermənistan–Azərbaycan münaqişəsi, eləcə də Aİ ilə ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparıldı”, - deyə F.Şəfiyev bildirib.

Səfər çərçivəsində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 11-ci Assambleyasında iştirak etdiyini diqqətə çatdıran BMTM-nin sədri deyib: “Azərbaycan milli maraqlara əsaslanan siyasətini davam etdirir. Bunu ölkədə aparılan son islahatlar da sübut edir. Avropa İttifaqı bu islahatları müsbət qarşılayır”.

F.Şəfiyev rəhbərlik etdiyi qurumun bu il ərzində fəaliyyətinin məhsuldar və səmərəli olduğunu deyib. Bildirib ki, mərkəzin nümayəndələri ötən müddət ərzində bir çox ölkələrdə olub, beynəlxalq görüşlər keçiriblər, mərkəzin “aircenter.az” saytı iki (Azərbaycan və ingilis) dildə istifadəyə verilib. Bundan başqa, yeni layihə əsasında mərkəzdə erməni dili kurslarına start veriləcək.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev səfər zamanı Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlərində onları ölkəmizin milli maraqlarını müdafiə etməyə və torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasına qarşı haqq səslərini ucaltmağa çağırdıqlarını deyib. O bildirib: “İcmamız etnik təmizləməyə məruz qalmış azərbaycanlıların haqq səsini dünyaya çatdırmağa çalışır. Son vaxtlar icmanın fəaliyyəti daha da intensivləşib. Beynəlxalq səfərlər, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərin xüsusi əhəmiyyəti var. Dağlıq Qarabağın azərbaycanlı icması sülh naminə danışıqlar masasına oturmağa, qonşularla dinc və yanaşı yaşamağa hər zaman hazırdır”.