Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Cəhənnəmdə böyük çığırtı” kİtabının təqdİmatı keçİrİlİb

Bu gün “Lent.az” İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, baş redaktorlar, QHT nümayəndələri iştirak ediblər.

 

Tədbir “Cəhənnəmdə böyük çığırtı” kitabının müəllifi Vüsalə Məmmədovanın təqdimatında “APA TV”nin hazırladığı süjetlə başlayıb.

 

Təqdimat mərasimində çıxış edən “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: “Biz bu əsərlə həm də “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini “TEAS Press” Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün kitabın bir çox xarici dillərə tərcümə edilməsinə çalışacağıq”.

 

V.Mahirqızı qeyd edib ki, bu kitab təkcə Dağlıq Qarabağ müharibəsindən, azərbaycanlılara qarşı törədilən soyqırımdan bəhs etmir: "Bu əsər həm də insanın XX əsrin sonunda başqa  insana işgəncə, əzab verəcək təfəkkürlə böyüdüldüyünü göstərir. Əsl faciə budu. Bir insanın başqasına bu qədər əzab, işgəncə verməsi üçün onun hansı tərbiyəni, təhsili alması, nə qədər ədalətsiz, aqressiv bir  cəmiyyətdə böyüməsi lazımdır. Mən bu kitabı oxuduqca tolerant, müxtəlif dillərdə azad şəkildə danışan, istədiyi dinə sitayiş olunmasında heç bir problem olmayan bir cəmiyyətdə yaşadığıma görə nə qədər şanslı olduğumu düşünürdüm".

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə çıxışında “Cəhənnəmdə böyük çığırtı” kitabının Dağlıq Qarabağmünaqişəsi, münaqişə zamanı ermənilərin törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edub: “KitabınXocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr “Cəhənnəmdə böyük çığırtı” kitabında o şəxslərin öz dilindən təqdim olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki, onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür".

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli kitabda əsas məqsədin nifrət aşılamaq olmadığını qeyd edib: “Müharibələr bütün hallarda faciə gətirir, əziyyətini dünya çəkir. Bu kitabda isə insanların, insanlığın faciəsi əksini tapıb”.

 

H. Rəcəbli xüsusilə gənclərə kitabı oxumağı məsləhət görüb.

 

Tarixçi alim, millət vəkili Musa Qasımlı da belə kitabların mühüm olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, bu cür kitablar tarixi faktdır və gələcək araşdırmalar üçün önəmli mənbə rolunu oynayacaq: "Kitabda əks olunan bizim gerçək, ürək ağrıdan tariximizdir”. 

 

 

Millət vəkili Rəfael Cəbrayılov nəşr edilən kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərdən biri olduğunu söyləyib. O qeyd edib ki, bu kitab həm də azərbaycanlı və erməni müəlliflərin eyni hadisələrə nə qədər fərqli yanaşmalarını üzə çıxarır: "Erməni müəllif Zori Balayan ermənilərin işgəncə faktlarını hərarətlə təbliğ edir, hətta özünün də bunları eləməsindən fəxrlə yazır. Azərbaycanlı müəllif Vüsalə Məmmədova isə əsərdə insanın faciəsini göstərir, baş verənlərə təəssüflə yanaşır. Bu artıq cəmiyyətlər, düşüncələr arasındakı fərqdir".

 

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov əsas mənbəyin münaqişə zamanı faciələri yaşayan insanlar olduğunu vurğulayıb: “Bu kitab müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Əsir və girov düşmüş insanlarımız tapılmalı, belə kitablar hazırlanmalıdır. Çünki tarix üçün bu kitablar əsas mənbə olacaq".

 

 

Şuşa şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın növbəti təqdimat mərasiminin Dalıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında təşkil ediləcəyini söyləyib.

 

 

Daha sonra Xocalı faciəsi zamanı girov düşmüş və 3 il girov həyatı yaşamış Müşfiq Əliyev çıxış edib: “Mən girovluqda olanda Qırmızı Xaç Komitəsinin nümayəndəsi Pyer Riçar sayəsində girovluqdan azad olduq. O, öz yeməyini bizimlə bölürdü. Belə yaxşı insanları heç vaxt unutmaq olmaz. APA Holding sayəsində Pyerlə əlaqə qurmağım mümkün oldu".

 

 

 Kitabın müəllifi Vüsalə Məmmədova deyib ki, ən çox təəssüfləndiyi odur ki, mühasiblərinin gözlərindəki görüntüləri kitaba köçürə bilməyib: “Kitabın ərsəyə gəlməsində xidməti olan dostlarımıza təşəkkür edirəm. Siz bu kitabı oxuyub bitirənə qədər layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin ki, bu da mənim Vətənə hərbi xidmətimdir”.

 

Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR