Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Qarabağ həqİqətlərİ haqqında qısamüddətlİ kursların növbətİ dərslərİ başlanıb

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlanıb.

AZƏRTAC xəbər verir ki, aprelin 15-dək davam edəcək kursların hazırkı dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarıdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışıb. O, qeyd edib ki, bir ildən artıqdır davam edən bu kursların əsas məqsədi son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.

Kurslarda “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri” mövzusunda ilk mühazirədə AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov bildirib ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanıb. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

Qeyd edilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir. Belə ki, həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüb.

Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəzasında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 157 kənd dağıdılıb və yandırılıb, Şuşa şəhərində dəhşətli qırğınlar törədilib. Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılıb, dağıdılıb və talan edilib. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılıb, maddi-mədəniyyət nümunələri məhv edilib.

Bildirilib ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Monoetnik dövlət yaratmağa nail olan Ermənistan sılahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətraf 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfəri isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll ediləcəyinə olan ümidləri daha da artırıb.

Qeyd edilib ki, hər zaman olduğu kimi, dövlətimizin başçısının apardığı bu siyasət dəstəklənərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyası genişləndirilir. Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə və işğal edilmiş digər torpaqlarda dalğalanmasına nail olmalıyıq.

Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkar veriləcək.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR