Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Elmar Məmmədyarov: Həll olunmamış münaqİşələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı üzrə dördüncü Riqa Sammitində çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov çıxışının əvvəlində səmimi qonaqpərvərliyə və Sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevin adından Latviya hökumətinə təşəkkür edib.

Nazir deyib ki, Şərq Tərəfdaşlığı üzrə ötən Vilnüs Sammiti tərəfdaşların Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən etmişdi. Bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb. Azərbaycanın Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətinin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır.

2004-cü ildən etibarən Azərbaycanda ümumi daxili məhsul 3,5 dəfə artıb ki, bu da dünyada rekord rəqəmdir. Son 11 ildə investisiyaların həcmi 180 milyard ABŞ dollarına çatıb. Bizim 2004-cü ildə 1,8 milyarda bərabər olan xarici valyuta ehtiyatlarımız hazırda 50 milyard ABŞ dollarını keçir. Nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir.

Bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir. Azərbaycan fəal vətəndaş cəmiyyətinin və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi stabillik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir.

E. Məmmədyarov bildirib ki, dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı sülh və rifah adasına çevirir. Bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanırlar. Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz. Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır.

Qeyd edilib ki, Azərbaycanın “Cənub” qaz dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir. “Cənub” qaz dəhlizinin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP layihəsi ilə bağlı oxşar tədbirin keçirilməsi infrastruktura dair məsələlərin həllində irəliyə doğru addım olub.

Müvafiq hökumətlərin qarşılıqlı etimad, etibar və dəstəyi, eləcə də cəlb olunan şirkətlər arasındakı effektiv əlaqə “Cənub” qaz dəhlizinin vaxtında və müvəffəqiyyətlə icrasının əsas ilkin şərtləri olub. Bununla əlaqədar, Azərbaycan Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə “Cənub” qaz dəhlizi ölkələrinin Məşvərət Şurasının Bakı şəhərində ilk iclasını keçirib.

“Cənub” qaz dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcək. Buna görə, Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir.

Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır.

Digər geostrateji layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Dörd il əvvəl Azərbaycan tərəfindən təşəbbüsü irəli sürülmüş bu layihə cari ildən fəaliyyətə başlayacaq. Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq.

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır. Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmaqda davam etməsi regiondakı qeyri-stabilliyin əsas səbəbidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcək.

Regionda sülhün, stabilliyin, eləcə də mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdır. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz şəraitdə qayıda bilmək hüquqlarını həyata keçirməlidir.

“Biz gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərimizdə tələblərə uyğun yanaşmanı dəstəkləyirik. Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji Tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq Avropa İttifaqının komissarı Yohannes Hana və qurumun ali nümayəndəsi Federika Moqeriniyə təqdim edilib.

Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadır”, - deyə nazir diqqətə çatdırıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR