Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Xocalı facİəsİ Ankarada keçİrİlən “Ermənİ məsələsİ: mİflər və ya reallıqlar” mövzusunda beynəlxalq konfransın dİqqət mərkəzİndə olub

Bir neçə gün əvvəl Türkiyənin paytaxtı Ankarada “Erməni məsələsi: miflər və ya reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Türkiyə ilə yanaşı, Norveç, ABŞ, İsrail, Böyük Britaniya, İrlandiya, Azərbaycan, Fransa, Albaniya, Kanada və başqa ölkələrdən ekspertlər iştirak ediblər.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı 1918-ci ildə Bakıda mart hadisələri üzərində ətraflı dayanaraq deyib: “O illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının başlıca məqsədi Azərbaycanın qəlbini - neftlə zəngin Bakını qoparmaq və onu azərbaycanlılar yaşamayan bir şəhərə çevirmək olub. Bu məqsədlə 1918-ci ilin martında Bakının və onun ətraflarının dinc əhalisi soyqırımına məruz qalıb, bir neçə günün içində 10 mindən çox adam məhv edilib. Məqsəd Bakı şəhərinin gələcəkdə Azərbaycanın paytaxtına çevrilməsinə yol verməmək üçün onu azərbaycanlılardan təmizləmək olub. Amma bu addım uğursuzluqla nəticələnib. Ermənilər Bakını azərbaycanlıların əlindən almağa müvəffəq olmayıblar”.

Giresun Universitetinin rektoru, doktor Aygün Attar çıxışında qeyd edib ki, ermənilər XX əsrin əvvəlləri və axırlarında Azərbaycanın Qarabağ regionunda azərbaycanlı əhalini kütləvi şəkildə qırıblar. Professor Aygün Attar deyib: “Ermənistanın məqsədi təkcə müharibədə qalib gəlmək deyil, həm də Qarabağ ərazisində müsəlman əhalini tamamilə məhv etmək olub. Bu isə şüurlu şəkildə cinayət və soyqırımı törətmək deməkdir. Azərbaycanın Qarabağ regionuna gəlmə xalq olan ermənilərin tarix boyu heç bir müharibədə törədilməyən vəhşilikləri bəşəriyyət əleyhinə terrordur”.

Tennessi Texniki Universitetinin siyasi elmlər professoru Mixael Günter deyib: “Ermənilərin düşünülmüş soyqırımının qurbanları olması barədə iddialar həqiqətə uyğun deyil. Türkiyənin dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə bu ölkənin liderləri ermənilərin genişmiqyaslı və əlaqələndirilmiş üsyanı ilə qarşılaşıblar. Türklər onilliklər boyu ermənilərin provokasiyalarının və satqınlığının şahidi olublar. Bu yolla ermənilər “beşinci kolon”a çevriliblər”.

Çıxışında Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq amerikalı tarixçi Castin Makkarti deyib: “Türklər heç vaxt soyqırımı törətməyiblər. Bu məsələ nə qədər çox və dərindən araşdırılsa, türklərin haqlı olduğu bir o qədər aydın olar. Türkiyə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsini heç vaxt unutmamalıdır”.

İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut erməni faşistlərinin 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri kütləvi qanlı qırğın haqqında ətraflı sənədli təqdimatla çıxış edib. Onun təqdimatı konfransın iştirakçılarını və qonaqlarını şoka salıb.

Arye Qut deyib: “Bu faciənin tükürpərdici və amansız səhnələri Azərbaycanın qəlbində əbədi sağalmaz yaraya çevrilib. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri tərk etməyə macal tapmamış xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır və Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin səbəbi yalnız onların azərbaycanlı olması idi. Hazırda Ermənistanda yüksək vəzifələr tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni-yeni cinayətlər doğurur. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana ittihamlar irəli sürməlidir”.

Ekspert vurğulayıb ki, Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlamağa dəyər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”. Natiq 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” əsərində Xocalı soyqırımına haqq qazandıran Zori Balayanın etiraflarını da diqqətə çatdıraraq deyib: “Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb. Xocalıda əmrlər verən məhz bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Ekspert çıxışını belə yekunlaşdırıb: “Millətçi komandir Dronun başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və faşistlərə yararsız olan digər xalqların nümayəndələrini ələ keçirərək məhv etmək olub. Erməni legionu əsir düşərgələrində ölüm marşları da təşkil edib. Zənnimcə, erməni generalı Dronun məhz Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın şəxsində varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın və soyqırımı aktı törədiblər. Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı qaniçən Dro və Njdenin varisləridir. Xocalıda misli görünməmiş vəhşilik və amansızlıqla törədilən qanlı soyqırımı aktı XX əsrin ən dəhşətli faciələrindən biri olub. Erməni silahlı birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsirlikdə min bir işgəncə, təhqir və həqarətlərə məruz qalıblar. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR