Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Prezİdent İlham Əlİyev: “Azərbaycan həqİqətlərİnİ dünyaya çatdırmalıyıq”

-APA. “Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

 

Onun sözlərinə görə, bu, erməni xalqına aid deyil: “Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə qoyub ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq. Ancaq erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməyib və heç vaxt etməyəcək: “Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur. Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik. Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq. Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

 

Dövlət başçısı qeyd edib ki, digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz: “Bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında əsas tezis məhz bundan ibarətdir. Yenə də Qarabağ mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik”.

 

Prezident İlham Əliyev bildirib ki, xarici media resursları ilə daha sıx əlaqələr qurulmalıdır:  “Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə,Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşamışdır”.

 

Dövlət başçısı qeyd edib ki, məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu bölgədə xarici ianələr hesabına fəaliyyət göstərir. Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma əslində o, bölgədə nökərlik edir. Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki, erməni xalqı müstəqillik arzuları ilə yaşadığı dövrdə bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir? İşğalçı siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi olmasaydı, əlbəttə ki, erməni xalqı da real müstəqilliyə qovuşa bilərdi.Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır - münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq”. 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR