Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Elçİn Əhmədov: Qarabağla bağlı saytlarda saxta ermənİ təblİğatının İfşası İstİqamətİndə İşlər genİşləndİrİlİr

Bakı, 10 avqust, AZƏRTAC

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə inteqrasiya xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qorumaqla dövlətlərarası əlaqələrə girir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Bu baxımdan Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə cəmiyyətimizin, xüsusilə media nümayəndələrinin qarşısında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox mühüm vəzifələrin durduğunu bildirərək qeyd edib ki, müasir dövrdə Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür.

Son illərdə Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada, xüsusilə Qərbdə heç də bəzi qüvvələrin ürəyincə deyil. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin: “Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi, xüsusilə erməni lobbisinin bizə qarşı fəaliyyəti də bu saxta təbliğatda öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır... Biz erməni təbliğatını ifşa etməliyik və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın”.

Dövlətimizin başçısı Azərbaycan mediasının qarşısında duran bu zəruri məsələnin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək diqqətə çatdırıb ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın: “Deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır”.

Prezident bildirib ki, bu məqsədlə, ilk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq: “Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər”. Gələcəkdə xarici dillərdə internet saytlarının sayının daha da çox olmasının vacibliyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq: “Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ictimaiyyəti, eləcə də media nümayəndələri qarşısında qoyduğu bu məsələnin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O deyib ki, Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi saytı olan www.karabakh.az yenidən qurulub və təkmilləşdirilib. Bununla yanaşı, Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com və özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarətwww.therealstoriesofkarabakh.com saytları da təkmilləşdirilib.

Ölkəmizdə fəaliyyət göstərən saytlar içərisində məlumat bazasının dolğunluğu baxımından fərqlənən bu saytlarda, xüsusilə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərənwww.karabakh.az saytında 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm önəm kəsb edən fotolar da öz əksini tapıb. Eyni zamanda, erməni terror təşkilatlarının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qisminin xronoloji ardıcıllıqla göstərilməsi də çox zəruridir və mühüm siyasi əhəmiyyət kəsb edir.

Saytda yerləşdirilmiş müxtəlif analitik məqalələrdə azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da öz əksini tapıb.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-2014-cü illər ərzində 6 beynəlxalq təşkilat - BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş 100-ə qədər sənədin (qərar, qətnamə, bəyanat və s.) də ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından çox dəyərlidir. Eyni zamanda, bu sənədlər Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Bundan əlavə, www.therealstoriesofkarabakh.com saytında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizin hər biri haqqında ümumi məlumatla yanaşı, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, terror aktları, ümumiyyətlə Qarabağ həqiqətlərinə dair müxtəlif dillərdə 150-dək sənədli filmin yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda Qarabağ Araşdırmalar Mərkəzinin www.karabakhresearchcenter.com adlı saytının ingilis və rus dillərində bölmələrinin qurularaq materialların yerləşdirilməsi üzərində iş gedir.

E.Əhmədov deyib: “Biz də hər zaman olduğu kimi, cənab Prezidentin apardığı bu siyasəti dəstəkləyərək Ermənistanın beynəlxalq aləmdə ifşa edilməsinə nail olmaq üçün bütün qüvvələrimizi birləşdirib bundan sonra da çox ciddi calışmalıyıq. Məqsədimiz Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR