Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Ermənİstanda sİyasİ, sosİal-İqtİsadİ və demoqrafİk böhran: səbəblər və nətİcələr

Son vaxtlar Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirmişdir. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıya qalmışdır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac vermişdir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Bununla yanaşı, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Hazırda bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatmışdır. Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkənin xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstərici hesab olunur. Bu baxımdan hökumət yaranan problemləri həll etmək iqtidarında deyil. Çünki Ermənistan tamamilə iflasa uğrayıb və borc içində olan ölkənin rəhbərliyi nə edəcəyini bilmir.

Son rəsmi məlumatlara əsasən, ölkənin ümumi borcu 5 milyard dollara yaxındır. 2015-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələmişdir. Elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə, əhalinin hökumətə inamı tamamilə itmişdir. Bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari ildə də iqtisadi göstəricilər yaxşıya doğru dəyişməmişdir. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artmışdır və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməmiş, əksinə, mənfi təsir etmişdir. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırmışdır. Odur ki, Ermənistanda iqtisadi tənəzzül davam edir və cari ildə inflyasiya daha da artacaqdır. Bu səbəbdən böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

Buna görə də, “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının fəalları 2 aydan çoxdur ki, ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirirlər. Sosial problemlər fonunda təşkil edilən aksiyalar nəticəsində Ermənistanda ictimai-siyasi vəziyyət günü-gündən daha da ağırlaşır. Elektrik enerjisinin qiymətlərinin artmasına etiraz olaraq keçirilən mitinqlər artıq öz əhatə dairəsini genişləndirməkdədir. Belə ki, etiraz aksiyaları davam etdikcə, iqtisadi tələblər siyasi tələblərlə əvəz olunur. Yerevanda mitinqin amansızlıqla dağıdılması zamanı saxlanılan jurnalistlər arasında “Aykakan jamanak” qəzeti, “NETQ” nəşri, “news.am”, panarmenian.net saytlarının əməkdaşları da vardır. Bundan başqa, onlarca aksiya iştirakçısı saxlanılımışdır. Ermənistan mətbuatında kütləvi toqquşmalarda xəsarət alanlar barədə xəbərlər də yer almış, polis zorakılığı Yerevan küçələrində adi hala çevrilmişdir.

Buna baxmayaraq, Ermənistanın paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə bir neçə aydır başlanan silsilə mitinqlərdə iştirakçıların sayı da get-gedə artmaqdadır. Etirazçılar daha geniş miqyasda aksiyaların keçirəcəklərini bildirirlər. Artıq, “Ayağa qalx, Ermənistan!” vətəndaş hərəkatı avqustun 21-də növbəti ümumxalq mitinqinə qərar vermişdir. Bu məqsədlə ictimaiyyətə sosial şəbəkələr vasitəsilə çağırışlar edilmiş, hər bir vətəndaşı Ermənistan hakimiyyətinin yürütdüyü bu siyasətə qarşı birləşməyə çağırmışdır.

Bu baxımdan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün işğalçı ölkənin gələcəyinin də qeyri-müəyyən olduğunu qeyd etmək olar. Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirmişdir. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə qalxmışdır. Son bir ayda qiymətlər ümumilikdə 5,6 faiz artmışdır. Bu, ölkə iqtisadiyyatının iflası kimi dəyərləndirilir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ermənistan sosial inqilab astanasındadır.

Bununla yanaşı, Ermənistandakı dözülməz vəziyyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min əhali tərk etmişdir. Amma qeyri-rəsmi mənbələrə görə bu, deyildiyindən dəfələrlə çoxdur. “Armenia today” yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilməkdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan cana doymuşlar. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirmişdir. Ölkənin sosial problemlərini aradan qaldırmaq üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaratmışdır.

Bundan əlavə, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və təcavüzkar siyasətini davam etdirdiyinə görə faktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalmışdır. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu ölkəni tam maliyyə böhranı və regionda təcrid vəziyyətinə gətirib çıxarmışdır. Ölkənin büdcəsi, demək olar ki, boşdur. Ölkəni aclıqdan xilas edən ancaq erməni diasporunun və ABŞ Konqresinin mütəmadi maliyyə yardımıdır.

Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək xarici ölkələrə həmişəlik köçürlər. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum etmişdir və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə erməni xalqının özünün kriminal diktatura rejimindən əziyyət çəkdiyni bildirərək demişdir: “Bu rejim erməni xalqını elə pis vəziyyətə salmışdır ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq”.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan monoetnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin 80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40 faizi) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

Bununla yanaşı, münaqişənin nizamlanmaması, ilk növbədə, Ermənistandakı cinayətkar və kriminal rejimə—Qarabağ klanına sərf etmir. Mövcud status-kvonun dəyişməsi, yəni Azərbaycan ərazilərinin işğaldan azad olması bu klanın həyati maraqlarına uyğun gəlmir. Bu vəziyyətdən, yəni Ermənistanın cinayətkar rejiminin başında duranlar, xüsusilə forpost, marionetka dövlətin “siyasi elitası” Azərbaycan ilə münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə, guya Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında ölkəmizi təqsirləndirirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransında dövlət başçımız Ermənistanın cinayətkar rəhbərinin Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı təcavüzkarlıqda ittiham etməsi kimi sərsəm bəyanatlarına cavab olaraq bildirmişdi: “Bu isə tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq 10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi, daha təbii olardı. Çünki biz beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik”.

Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdıraraq qeyd etmişdir: “Necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər? Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir”.

Bu baxımdan Prezident İlham Əliyev qeyd etmişdir ki, müasir dövrdə Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür. Bununla yanaşı, son illərdə Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada, xüsusilə Qərbdə heç də bəzi qüvvələrin ürəyincə deyil. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu antiazərbaycan siyasəti davam edir.

 Azərbaycan Prezidenti bildirmişdir ki, erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da antizərbaycan fəaliyyətinə qoşulurlar və bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər: “...Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi, xüsusilə erməni lobbisinin bizə qarşı fəaliyyəti də bu saxta təbliğatda öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır... Biz erməni təbliğatını ifşa etməliyik və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın".

Bu səbəbdən dövlət başçısı qeyd etmişdir ki, erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar: “...Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq, bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq”.

Bununla bərabər, dovlət başçısı vurğulamışdır ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq, çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın: “Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir?”.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan, dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qorumaqla dövlətlərarası əlaqələrə girir. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Bundan fərqli olaraq, Ermənistan hakimiyyətini qəsb etmiş cinayətkar rejimin başında duranlar münaqişənin nizama salınması prosesində ölkəmizi güzəştə getməməkdə ittiham edirlər. Ancaq bu gün torpaqlarına təcavüz edildikdən və ərazisi işğala məruz qaldıqdan sonra da danışıqlar prosesində Azərbaycanın iştirak etməsinin özü təcavüzkar dövlət üçün elə ən böyük güzəşt deməkdir. Belə olan halda Ermənistanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti Azərbaycanı münaqişənin nizamlanması üçün digər variantlar axtarmağa məcbur edir. Ermənistanın cinayətkar, kriminal diktatura rejimi ölkədəki siyasi, sosial-iqtisadi və demoqrafik böhrandan fikri yayındırmaq məqsədilə daim sərhəddə və qoşunların təmas xəttində təxribatlar törədir. Son hadisələr, eləcə də təcavüzkar dövlətin mütəmadi olaraq ərazilərimizi atəşə tutmaqla törətdiyi diversiya hərəkətləri və buna Azərbaycanın tutarlı cavab verməsi düşməni vahimə icində saxlamaqla yanaşı, qüdrətli ordumuzun işğal edilmiş ərazilərimizin hərbi yolla qaytarmağa hazır olmasını bir daha təsdiq edir.

Ancaq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir: “Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosenti,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,
Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR