Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycanİn ərazİ bütövlüyünün təmİn edİlməsİ dövlətİmİzİn xarİcİ sİyasətİndə mühüm prİorİtet İstİqamətdİr

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır: “Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır”.

Dövlət başçısı bunun da səbəbinin Ermənistan sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istədyini, işğal olunmuş torpaqlardan çəkilmək istəmədiyini və danışıqları sadəcə olaraq bir proses kimi qəbul etdiyini bildirərək, təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini bir daha diqqətə çatdırdı.

Azərbayycan Prezidenti işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalı olduğunu bildirərək demişdir: “Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq”.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Hazırda bu artıq Ermənistanın dövlət terrorizmi siyasətinə çevrilmişdir. Məlumdur ki, bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli  Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Halbuki, erməni saxtakarlarının və onların himəyədarlarının, eləcə də ermənipərəst “tarixçilərin” uydurduqları “Böyük Ermənistan” dövləti adlanan mifin elmə heç bir aidiyyəti yoxdur və tarixi həqiqətə tamamilə ziddir. “Böyük Ermənistan” ideologiyası xəstə təxəyyülün məhsuludur və tarixi gerçəklikdən uzaq bir uydurmadır.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-yə daxil etməyə nail oldular. Bununla Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər  ərazilərdə də  tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Cənubi Qafqaz respublikalarının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşundakı ərazilərinin müqəddəratını əhəmiyyətsiz  etsə də, sovetləşmənin ilk illərində sovet Rusiyasının Azərbaycana münasibəti daha çox qərəzli məzmun daşıyırdı.

XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən  və mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bununla yanaşı, 1988-91-ci illərdəetnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı qovuldu. Onlara məxsus 51 min ev, 165 sovxoz və kolxoz əmlakı, çoxlu mal-qara talanmışdır. Ermənilər tərəfindən 217 azərbaycanlı vəhşicəsinəbqətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi. Həmin illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 119 obyekt və 1134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılmışdır.

1990-1992-ci illərdə  Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­si (4,4 min km²) Ermə­nis­tan silahlı qüvvələri tərəfindən bütünlüklə iş­ğal edildi.  Bununla yanaşı, bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşmüşdür. Hazırda 699 kv.km ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur. Bu gün hələ də işğal altında olan Qazax rayonunun Bağanis- Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndlərinin işğal edilməsi nəticəsində maddi-mədəniyyət nümunələri talanmış, dağıdılmış və  yandırılmışdır. Bundan əlavə, bu dövrdə ərazisi 5.368 kv.km olan Naxçıvan Muxtar Respublikasının 221 yaşayış məntəqəsindən 1-i, Sədərək rayonunun ərazisinin bir hissəsi (0,5%) Kərki kəndi zəbt olunmuşdur.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım isə  bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 1988-1993-cü illərdə Ermənistan si­lah­lı qüv­və­lə­ri Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gəsi ilə yanaşı, ətraf 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etdilər. Eyni zamanda, Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın    20 %-dən çox ərazisi işğal edilmişdir.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Dövlət başçısı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı  Azərbaycan özünün terrorizmdən əziyyət çəkən ölkələrdən olduğunu bildirərək qeyd etmişdir ki, bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Eyni zamanda,1988-1993-cü illərdə, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır. Ayrılıqda götürdükdə:

-                sərnişin avtobuslarında törədilmiş terror aktları nəticəsində 68 nəfər həlak olmuş, 132 nəfər yaralanmışdır;

-                sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 74 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır;

-                Bakı metropolitenində törədilən terror aktları nəticəsində 27 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır;

-                hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 104 nəfər həlak olmuşdur;

-                yaşayış məntəqələrində və mülki obyektlərdə törədilmiş terror aktları nəticəsində 881 nəfər həlak olmuş, 1239 nəfər yaralanmışdır;

-                mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları nəticəsində 10 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır;

-                sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

Ermənistanın hərbi təcavüzü Azərbaycanın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 min yaşayış binasının,7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km. su və 15 min km. elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur. Ermənilər işğal olunmuş ərazilərdəolan 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyəti olan 9 sarayı qarət etmiş və yandırmışlar. 44 məbəd və 9 məscid dağıdılmış, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

İşğal nəticəsində 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti çox qiymətli əşyalar, nadir eksponatlar talan olunmuş və oğurlanmışdır. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, həmin dövrdə  mənəvi-psixoloji zərbələrdən əlavə Azərbaycan iqtisadiyyatına təxminən  320 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Hazırda Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətin əsil mahiyyəti  açıqlanmış,  bu hadisələrə siyasi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar  Prezident  Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu Fərman azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son illərdə Ermənistanın  Azərbaycana qarşı  təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərinin ermənilər tərəfindən özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin yazılaraq çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir sıra dəyərli əsərlər yazılmışdır ki,   bunun nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir. Bundan əlavə, ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımlar ilə əlaqədar sənədlər və faktlar aşkar edilmişdir. Son vaxtlar Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani sübutdur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxışı zamanı bizim tariximizin böyük sərvətimiz olduğunu bildirərək demişdir ki, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar:Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər? Tarixi sənədlərdə bu barədə nə kimi fafaktlar və sənədlər mövcuddur?”

Lakin erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Ermənilər yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Doğrudurr, bu, lobbiçilik adı ilə gizlədilir. Azərbaycan bu gün dünya  səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bütün bunlar heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, biz erməni təbliğatını ifşa etməliyik və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır?”

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Belə ki, ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Bununla yanaşı, cənab Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.  Ona görə ancaq Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin  münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük  verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir: “Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər”.

Dövlət başçısı bəyan etmişdir ki, biz bundan sonra da bütün siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq: “...Bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”.

 

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq

münasibətlər və xarici siyasət” kafedrasının

 dosenti, syasi elmlər doktoru,

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ

bölgəsinin azərbaycanlı  İcması”

İctimai Birliyinin Əlaqələndirmə Şurasının Sədri

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR