Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Mİnsk qrupu həmsədrlərİnİn mövqeyİ Ermənİstanın status-kvonu qoruyub saxlamaq sİyasətİ İlə üst-üstə düşür

Bakı, 25 yanvar, AZƏRTAC

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların və böyük dövlətlərin vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olub. Həmin vaxtdan indiyə qədər iki ölkənin prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Ki-Uestdə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada, Soçidə, Nyu-Portda, Parisdə, Berndə, habelə iki respublikanın sərhədi – Sədərəkdə ümumilikdə 50-dən çox görüş keçiriblər.

Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən, dünya birliyinin ikili standartlar prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir.

Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi sözdə bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən, beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır.

Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir.

Bu baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən növbəti sənədlərin - yəni, AŞPA-nın hazırda keçirilən qış sessiyasında Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artmasına dair” və Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı sənədlərin qəbul olunacağı gözlənilir. Əlbəttə ki, bu sənədlərin qəbul edilməsi Azərbaycanın ədalətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyinin bir daha təsdiqlənməsi deməkdir.

Ancaq ATƏT-in Minsk qrupu həmsədrlərinin yanvarın 22-də verdikləri bəyanatda deyilir: “Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.

Bu bəyanatın əsl mahiyyəti ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal faktını qəbul etmək istəmirlər. Onların mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu cür mövqe nümayiş etdirməsi ilk dəfə deyil. Xatırlamaq yerinə düşər ki, BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasının 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, bu ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir. Lakin həmin sənədlər qəbul edilərkən həmsədrlərin təmsil etdikləri dövlətlərin BMT yanındakı daimi nümayəndələri Ermənistanla yanaşı, bu sənədlərin qəbul olunmasının əleyhinə səs veriblər, yəni, işğal faktını qəbul etməyiblər. İndi də həmin mövqeni həmsədrlər nümayiş etdirirlər.

Ümumiyyətlə, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən dövlətlər münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər. Bu baxımdan, ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Məlumat üçün qeyd etmək lazımdır ki, 1992-ci ildən 2015-ci ilə qədər, yəni, 23 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 30 nəfər sədrlik (həmsədrlik) edib: İtaliya – 1 nəfər; İsveç – 1 nəfər; Finlandiya – 1 nəfər; ABŞ – 11 nəfər; Fransa – 9 nəfər; Rusiya – 7 nəfər.

Ermənistan Respublikası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapıb. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilib.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha artırıb. Eyni zamanda, dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb. Ona görə, ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağın önəmini bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini qeyd etməklə yanaşı deyib: “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

Azərbaycan Prezidenti İlham Əliyev bizim tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini bir daha dünyaya bəyan edərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.

Elçin Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər doktoru,

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR