Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Beynəlxalq bİrlİk təcavüzkar Ermənİstanı öz İradəsİnə tabe etdİrməlİdİr

 

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmizin son illərdə daha da artan nüfuzunu, eləcə də uğurlu xarici siyasətini qəbul edə bilməyən təcavüzkar Ermənistanın aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana qarşı növbəti silahlı təcavüzü baş verdi. Ermənistan silahlı qüvvələri cəbhə xəttində yerləşən mövqelərimizə hücum çəkib və təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutub.

Artıq neçənci dəfədir ki, Ermənistan bu cür təxribatlara əl atır. Bu təcavüz nəticəsində mülki insanlar və hərbçilərimiz həlak olub. Eyni zamanda, ordumuz tərəfindən düşmənə layiqli cavab verilib.

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin.

Aprelin əvvəllərində Azərbaycan ordusunun uğurlu əks hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox böyük psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdilər. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

Dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidilməyə başlandı. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Cənubi Qafqazda Azərbaycan Ordusunun qüdrəti dünyanın aparıcı güc mərkəzlərini də hərəkətə gətirdi. Bu hadisə diplomatik səylərin ön plana çəkilməsi ilə müşahidə olundu və dərhal ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Münaqişənin qısa müddətə yenidən başlanması və sülh yolu ilə həllinə dair təşəbbüslərin artması həm Rusiyaya, həm də Qərbə yaranmış situasiyada öz təkliflərini irəli sürmək üçün siyasi zəmin yaratdı.

Lakin aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri mütəmadi olaraq təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub. Belə ki, Ermənistan silahlı qüvvələri aprelin 27-28-də Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iriçaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə silahlı təcavüzünü davam etdirib. Nəticədə çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Bu, onu göstərir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmir.

Ancaq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkəmizin problemin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını bir daha bəyan edib: “Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Lakin münaqişəni nizama salmaq üçün yaradılan ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzuolunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır.

Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib.

Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Ancaq hazırda Dağlıq Qarabağda 1992-ci ilə kimi orada yaşamış erməni yoxdur. Orada cinayətkar rejim, ordu və onların ailələri, bir də Suriya və digər ölkələrdən oraya köçürülmüş imkansız ermənilər var. Onların da ümumi sayı 30-35 min nəfər ola, ya olmaya. Son hadisələr bunu bir daha təsdiqlədi. Yəni, Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumatda ermənilər tərəfindən həlak olanlar siyahısında niyə Dağlıq Qarabağın bir sakini də yoxdur?!

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəmizin ərazi bütövlüyünü dəstəkləməyənin yalnız Ermənistan olduğunu diqqətə çatdıraraq, Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmayacağını bir daha bəyan etdi: “Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”.

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha da artırıb. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Ona görə də ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağın vacibliyini bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin önəmini qeyd edib: “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidir.

 Bakı, 6 may, AZƏRTAC

Elçin Əhmədov

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”

İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri,

siyasi elmlər doktoru

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR