Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstanın Azərbaycana təcavüzü və ATƏT

 

 

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Müşavirə­nin (ATƏM) Helsinki Yekun Aktını 33 Avropa döv­ləti, ABŞ və Ka­nada imzalamışlar. Müşavirənin ilkin mər­hələsi 1973-cü il iyulun 3-də Hel­sinkidə xa­ri­ci işlər nazirlərinin görüşü ilə başlan­mış­dır. 1973-cü ilin sentyab­rın­­dan 1975-ci ilin iyun ayına­dək Ce­nevrədə siyasi sənədlər ha­zırlanmış, 1975­-ci il iyulun 30-dan avqustun 1-dək isə Hel­sin­kidə Yekun Akt imzalan­mış­dır.

1994-cü ildə ATƏM-in Budapeştdə keçirilən Zirvə top­lan­tısında bu təş­­kilatın statusu genişləndirildi və o, Av­ro­­pada Təhlükəsizlik və Əmək­daş­lıq Təşkilatı (ATƏT) ad­lan­­dırıldı. 1975-ci ildən indiyədək təşki­la­tın üzvlərinin sa­­yı keçmiş SSRİ və Yuqoslaviya respublikalarının hesa­bı­na ar­­taraq 56-ya çatmışdır.

Yarandığı vaxtdan ATƏT özünün yüksək səviyyədə müntəzəm keçirilən görüşlərində və Zir­və top­lan­tı­la­rın­da (Belqrad 1977, Madrid 1980, Vyana 1986, Pa­­ris 1990, Helsinki 1992, Bu­da­peşt 1994, Lissabon 1996, İstanbul 1999) Av­ro­­pada sülhün qorunub saxlanmasına, regional və beynəlxalq mü­na­sibətlərin tənzimlənməsinə dair əhəmiyyətli qərarlar qə­bul et­mişdir. ATƏT-in mühüm nailiyyətlərindən biri də 1990-cı il­də Av­ro­pa­da adi silahlar haqqında müqavilənin imzalan­ma­sıdır. Elə həmin il noyab­rın 19-21-də ATƏT-in Parisdə keçi­ri­lən Zirvə toplantısında imzalanan “Pa­ris Xartiyası” ATƏT ta­rixində “Helsinki aktı”ndan sonra mühüm bir mər­hələ oldu. “Pa­ris Xartiyası” ATƏT-in fəaliyyətinə yeni məzmun gətirdi və Avropada “soyuq müharibə” dövrü başa çatdı.

         1990-cı il Paris Xartiyasından sonra ATƏT-in ilk dai­mi fəaliyyət ins­titutları yaradıldı. Bunlar Münaqişələ­rin Həl­li Mərkəzi, Azad Seç­ki Bürosu (hazırda Demok­ra­tik İnsti­tut­lar və İnsan Haqları İda­rə­si) və Katiblikdən ibarətdir. Bun­dan başqa ATƏT-in daha 3 siyasi or­qanı təsis edildi: ATƏT­-in üzvü olan ölkələrin xarici işlər nazir­lə­rin­dən iba­rət Nazirlər Şurası; Nazirlər Şu­ra­sına kömək etmək üçün Yük­sək Və­zi­fəli Şəxslər Komitəsi (1994-cü ilin dekabrından Ali Rəhbər Şura) və ATƏT üzvü olan ölkələrin dövlət və höku­mət başçılarının müntəzəm keçi­ri­lən Zirvə toplantısı.

         1992-ci ilin dekabrında Milli Azlıqların işi üzrə Ali Komissar və ATƏT-in sülhü müdafiə missiya və əməliyyat­la­­rı­na nəzarətin həyata ke­çi­ril­mə­si üçün Baş Katib vəzifə­ləri təsis edildi. 1993-cü ilin dekabrından Vya­nada ATƏT-in Daimi Komitəsi (1994-cü ilin dekabrından Daimi Şura) fəa­liyyət göstərir və burada bütün üzv olan dövlətlərin təmsilçi­ləri vardır. Dai­mi Komitə ATƏT üzvü olan dövlətlərdə siyasi mə­sələlərə dair, o cümlə­dən, böhranlı vəziyyət və silahlı münaqişələr olduqda məsləhətləşmələr apa­rır və müvafiq qərar­lar qəbul edir.

Bundan başqa, 1992-ci ilin iyulundan ATƏT-in Parla­ment Assamb­le­ya­sı fəaliyyət göstərir ki, o öz iclaslarını il­də bir dəfə keçirir. ATƏT-in Fəa­liyyətdə olan Sədri (Nazir­lər Şurasının axırıncı iclası keçirilən döv­lətin xarici iş­lər naziri) bir il müddətinə seçilir və onun opera­tiv fəa­liyyətinə ümumi rəhbərlik edir.

1992-ci illərin əvvəllərindən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü oldu və həmin il iyulun 8-10-da adı çəkilən təşkilatın Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı.

Müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM­-in xüsusi missi­ya­sı Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yük­sək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən 7-ci icla­sında münaqişə bölgəsində olan missiyanın mə’ruzəsi dinlənildi. Dağ­lıq Qarabağın Azərbaycan Respublikasına mən­­sub olmasını təsdiq edən sənəd­də, sərhədlərin dəyişdiril­mə­məsi şərti ilə, münaqişənin sülh yolu ilə həl­li­nə çağırış öz əksini tapdı.

ATƏM-in YVŞK-nin martın 13-14-də Helsinkidə keçi­ri­­lən 8-ci ic­la­sında Dağlıq Qarabağ münaqişəsinin davam et­mə­­si və onun dinc siyasi vasi­tə­lərlə aradan qaldırılması yol­la­rı müzakirə olundu. Bu görüşdən sonra ATƏM-in YVŞK-nin səd­ri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti mar­tın 19-23-də ikinci dəfə münaqişə bölgəsinə səfər etdi. Dağ­­lıq Qarabağ, Bakı və Yerevanda olan nümayəndə­li­yin məqsədi Qa­ra­bağda atəşin dər­hal dayandırılması, ATƏM müşahidəçi­lə­rinin münaqişə bölgəsində yer­ləş­dirilməsi imkan­larını öy­rənmək idi.

1992-ci il martın 23-24-də Helsinkidə ATƏM-in YVŞK­-nin 9-cu ic­la­sında münaqişə bölgəsində atəşi dərhal da­yandırmaq və münaqişə edən bü­tün tərəfləri ATƏM çərçi­və­sin­də Dağlıq Qarabağa dair sülh konfransının tez­liklə keçi­ril­məsi üçün hər cür şərait yaratmağa çağırdılar.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçiri­lən birinci əlavə görüşündə Dağlıq Qarabağda və­ziy­­yət müzakirə olundu. ATƏM­-in Nazirlər Şurası YVŞK-nin zə­manəti əsasında münaqişənin sülh yo­lu ilə nizamlan­ma­sı istiqamətində aparılan danışıqların səmərəli­li­yi­ni təmin et­mək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh kon­fran­sının ça­­ğı­rıl­ması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci il mayın 1-də ATƏM-in YVŞK-nin Helsinkidə ke­çirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təş­kili, iclasların ke­çi­ril­mə­si şərtləri, sədrin səlahiy­yət­lə­­ri və s. haqqında YVŞK-nin qərarı qəbul edil­di. Minsk Konfransının reallaşması üçün yaradılan eyni adlı qrup mü­na­qi­şə­nin nizamlanması istiqamətində fəaliyyət göstərməli, mü­na­qişə həll edi­ləndən sonra isə məsələnin həllində ney­tral, re­gionda maraqlı dövlət ol­ma­dığını nəzərə alaraq Bela­ru­sun paytaxtı Minsk şəhərində konfransa üzv olan dövlətlər top­lan­malı və Yekun sənədi qəbul etməli idilər. ATƏM-in Xarici İş­lər Nazirləri Şurası Minskdə keçiriləcək kon­fransa ha­zırlıq məqsədilə Dağlıq Qarabağ mü­na­qişəsi ilə əlaqədar gö­rüş keçirmək və məsələni həll etmək barədə Mario Rafael­li­yə mandat verdi.

1992-ci il mayın 7-də ATƏM-in Dağlıq Qarabağa dair Minsk Konf­ran­sı­nın sədri M.Rafaelli başda olmaqla ATƏM-in nümayəndə heyəti Azər­bay­can­da səfərdə oldu. Səfər zamanı o, bildirdi ki, regionda sülhün tezliklə bər­qərar olması üçün atəş uzun müddətə kəsilməli, iyunun ortalarında keçi­ri­ləcək konf­ransın çağırılması şərtləri və subyektləri müəyyənləş­di­ril­mə­lidir. Azərbaycan tərəfi bildirdi ki, Dağlıq Qarabağ nü­mayəndələri ancaq Azər­baycan nümayəndə heyətinin tərkibin­də konfransda iştirak edə bilər­lər.

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin hərbi tərəfini, eyni zamanda onun mahiyyətini də dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı. 

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvüləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və məzmununun qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Erməinistanın Azərbaycana qarşı təcavüzü "Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi qiymətləndirdi. Şuranın daimi üzvüləri münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar. BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilirkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.

ATƏM-in Minsk Qrupunun bu illərdəki fəaliy­yə­ti­nə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şura­sı­­nın mə’lum qətnamələrini yerinə yeritmək üçün hazırladığı “Tə­xirəsalınmaz tədbirlər cədvəli” heç bir tə’sir gücünə malik deyil­di. ATƏM-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yeri­nə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə me­xanizminin olmaması idi. Minsk Qrupu tərəfindən qəbul edi­­lən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri da­şı­yırdı. ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prin­si­pi mü­qaviləni pozan tərəfə öz əməllərinə görə məs’uliyyət daşı­ma­maq imkanı verirdi. Buna görə də ATƏM tərəflərin razı­lı­ğı ilə münaqişə bölgəsinə müşahidəçilər qrupu göndə­rə bi­lər­di. 1992-1993-cü illər ərzində Minsk Qrupunun qəbul etdiyi ye­ga­nə konstruktiv sənəd də məhz münaqişə bölgə­lə­rin­də bey­nəl­xalq hərbi müşahidəçilərin yerləşdirilməsini nə­zər­də tu­tan 1993-cü il 1 mart tarixli mandat idi. Bu illərdə hər­bi əmə­liyyatların dayandırılması və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏM-in və onun yaratdığı Minsk Qrupunun göstərdiyi sə’ylər heç bir nəticə vermədi.

Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər biri xeyli dərəcədə Rusiya-Qərb qarşıdurması kontekstində qiymətləndirilə bilər. 1992-ci ilin martında Minsk qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiya siyasi dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərirdi.

Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da, 1993-cü ildə özünün müstəsna rolunu israr etməklə, istər BMT, istərsə də ATƏM çərçivəsində regionda “sülhün və sabitliyin təminatçısı“  statusunu almağa səy göstərirdi. Rusiya ATƏM çərçivəsində vasitəçiliyi bitərəfləşdirməklə özünün münaqişənin nizama salınması planına aşkar üstünlük verirdi. Münaqişənin həllinə dair planlarda ATƏM ilə Rusiya arasında yaranmış fikir ayrılığı ondan ibarət idi ki, ATƏM münaqişənin nizama salınmasında çoxtərəfli vasitəçiliyin olmasını istəyir, sülh prosesinin beynəlxalq müşahidəçilərin nəzarəti altında aparılmasına və çoxmillətli sülhməramlı qüvvələrin formalaşmasına çalışırdı. Rusiya isə əksinə, münaqişənin nizamlanmasını öz nəzarətində saxlamaq və regionda geosiyasi maraqlarını təmin etmək üçün münaqişə bölgələrində yalnız rus qoşunlarının yerləşdirilməsini istəyirdi.

Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda öz qoşunlarını yerləşdirmiş, onu gizli və aşkar yolla silahlandıraraq Azərbaycan ərazilərinin işğal olunmasına imkan yaratmışdır. 1997-ci ilin əvvələrində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. Məlum oldu ki, bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir zamanda göndərilməyə başlanmış və bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaratmış, sonralar atəşkəs elan ediləndən sonra da bu proses davam etmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə məhz Prezident Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda həmsədrlik Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də münaqişənin həlli istiqamətində Rusiyanın “fərdi sülhpərvərlik“ istəyinin qarşısının alınması idi.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlara tam razi olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi.

         ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına eyni məzmunlu məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini, xüsusilə həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən Azərbaycanın dövlət başçısı "ümumi dövlət" ideyasının ATƏT-in prinsiplərinə uyğyn olmadığını və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı.

Ümumiyyətlə, 1992-ci ildən başlayaraq ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar və bu qurumla qarşılıqlı əməkdaşlıq Prezident Heydər Əliyevin ciddi səyləri ilə Azrəbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Yalnız, onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirilmişdir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı münaqişəni dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Belə ki, 2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycana səfəri zamanı dövlət başçısı İlham Əliyev qeyd etdi ki, münaqişənin nizama salınması prosesinda əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı, digər beynəlxalq qurumlar - ATƏT-in Parlament Assambleyası, Avropa Şurası və Avropa İttifaqının da fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. ATƏT-in Parlament Assambleyasının fevralın ortalarında keçirilən iclası zamanı Qoran Lenmarkerin məruzəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi ön plana çəkilmişdir.

2004-cü ilin martın 16-da ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passinin Azərbaycana səfəri zamanı dövlət başçısı cənab İlham Əliyevlə görüşündə Minsk qrupunun konkret təkliflərinin olmadığını və hər iki dövlətin prezidentlərinin dialoqundan çox şey gözlədiyini bəyan etdi. Son zamanlar Minsk qrupu həmsədrləri də problemin məhz Azərbaycan və Ermənistan rəhbərlərinin qarşılıqlı anlaşması sayəsində həll oluna biləcəyini dəfələrlə vurğulamışlar. Onu da qeyd etmək vacibdir ki, münaqişə başlayandan həqiqətən qarşılıqlı anlaşma mövcud olsaydı, heç Minsk qrupunun fəaliyyətinə də ehtiyac duyulmazdı. Çünkü tərəflərin bir-birinin şərtlərini qəbul etməməsi, xüsusilə Ermənistanın daim qeyri-konstruktiv mövqedən çıxış etməsi danışıqların nəticəsiz, münaqişənin isə həll olunmamış qalmasına gətirib çıxarmışdır.

Məhz bu səbəbədən də dövlət başçısı cənab İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən bir daha Minsk qrupunun fəaliyyətini tənqid etmiş və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalaraq, münaqişənin yalnız beynəlxalq hüquq normaları əsasında  respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmişdir.

ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Minsk qrupu indiyə qədər heç bir yeni təkliflə çıxış etməmişdir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Lakin münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində beynəlxalg təşkilatlarin səylari ilə yanaşi, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmişdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması oldu. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Uorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Rambuyedə, Sankt-Peterburqda, Surixdə və  habelə iki respublikanın sərhəddi - Sədərəkdə 30-dan çox görüş keçirmişlər.

Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasina maneə törədir.

Ona görə də beynəlxalq birlik təcavüzün qarşısını almaq üçün BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq tədbirlər görməlidir. Əgər böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Təcavüzkarın qarşısı alınmazsa, son vaxtlar Avropanın mərkəzində, o cümlədən Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə yönəldilmiş səylər münaqişənin bütün regiona yayılması nəticəsində heçə endirilə bilər. 

 

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

“Xalq qəzeti”

1 aprel  2010-cu il

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR