Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Avropa İttİfaqı İlə əməkdaşlıq Azərbaycanın Avroatlantİk İnstİtutlara İnteqrasİyasının mühüm tərkİb hİssəsİdİr

 

 

 

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər namizədi

 

Avropa İttifaqı ilə  əməkdaşlıq Azərbaycanın Avroatlantik institutlara inteqrasiyasının mühüm tərkib hissəsidir

 

"Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, beynəlxalq imici güclənir. Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi beynəlxalq təşkilatlarda və dünyada öz yerini möhkəmləndirir."

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Avropa İttifaqının (1993-cü ilədək Avropa Birliyi) əsası 1951-ci il aprelin 18-də Avropa Kömür və Polad Birliyini təsis edən müqavilənin imzalanması ilə qoyulmuşdur. Müqavilə Avropanın altı dövləti – Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq tərəfindən imzalanmışdır. Belə bir qurumun yaradılması təklifi Fransanın o zamankı xarici işlər naziri Robert Şuman tərəfindən 1950-ci il mayın 9-da irəli sürülmüş, ondan bir qədər əvvəl isə Fransanın Milli Planlaşdırma İnstitututnun başçısı Jan Monne tərəfindən söylənilmişdir. 1957-ci il martın 25-də Romada imzalanmış müqaviləyə əsasən Atom Enerjisi üzrə Avropa Birliyi və Avropa İqtisadi Birliyi təsis edilmişdir. 1965-ci ildə Brüsseldə yuxarıda adları çəkilən qurumların vahid orqanları yaradılmaqla bu üç təşkilat Avropa İqtisadi Birliyi adı altında birləşdirildi.

1973-cü ildə Danimarka, İrlandiya, Böyük Britaniya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə isə Portuqaliya və İspaniyanın Avropa Birliyinə qəbul olması ilə bu təşkilatın üzvlərinin sayı 12-yə çatdı. 1979-cu il martın 13-də valyuta dəyişmə mexanizmlərini ümumiləşdirmək məqsədilə Avropa Valyuta Sistemi təsis edildi. 1985-ci ildə Dövlət və hökumət başçılarının Milan sammitindən sonra  Vahid Avropa Aktının imzalanması inteqrasiya proseslərini sürətləndirdi və 1993-cü ilə kimi vahid daxili bazar yaratmaq, eləcə də  siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qarşıya qoyuldu.

1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində Avropanın 12 dövlət başçısı tərəfindən Avropa İttifaqının yaradılması haqqında müqavilə imzalandı. Müqavilədə Roma müqaviləsinin müddəalarına bir sıra düzəlişlər olundu və bu sənəd 1993-cü il noyabrın 1-dən qüvvəyə mindi. Müqaviləyə Avropa İqtisadi və Valyuta İttifaqının yaradılması, eləcə də bu qurum çərçivəsində vahid valyutaya keçmə prosesinə dair bir sıra maddələr daxil edildi. Həmin vaxtdan Avropa Birliyi Avropa İttifaqı adlanmağa başlandı.

 Maastrixt müqaviləsi həm də ilk dəfə olaraq Avropada Ümumi Xarici Siysət prinsiplərinin həyata keçirilməsini təsbit etməklə Avropa inteqrasiyasının dayağı sayılan ümumi xarici və təhlükəsizlik siysətinin əsası qoyulmuş oldu.   1997-ci ilin iyun ayında Amsterdamda dövlərarası yeni bir müqavilənin imzalanması ilə Maastrixt müqaviləsinə yeni düzəlişlər edilərək tərkibinə bir sıra maddələr əlavə edildi və bu müqavilə 1999-cu ilin may ayından qüvvəyə mindi. Amsterdam müqaviləsinə əsasən ümumi xarici və təhlükəsizlik siysəti üzrə Ali Nümayəndə vəzifəsi də təsis edildi.

1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul olduqdan sonra təşkilatın üzvlərinin sayı 15-ə çatdı və İttifaqın genişlənməsinin əsası qoyuldu. 1999-cu ildə vahid Avropa valyutasının qəbul olunmasına başlanmaqla Avropa valyutalarının bir-birinə münasibətdə və qəbul olunmuş  ümumi pul vahidi  avroya qarşı məzənnələr təsdiq edildi. Avropa İqtisadi və Valyuta İttifaqına 11 üzv dövlət daxil oldu və həmin dövlətlərin milli valyutası avro ilə əvəz olundu.

2001-ci ildə Nis müqaviləsi imzalandıqdan sonra Yunanıstan avro zonasının sayca 12 -ci üzvü oldu. 2002-ci il yanvarın 1-dən avro sərbəst olaraq dövriyyəyə buraxıldı və milli valyutalar həmin ilin iyul ayına qədər tam olaraq dövriyyədən çıxarıldı. 2003-cü ildə Aropa İttifaqına üzvlüyə namizəd olan 10 ölkə ilə müqavilələr imzalandı və Nis müqaviləsi qüvvəyə mindi. 2004-cü il may ayının 1-də Kipr, Malta, Polşa, Çex Respublikası, Slovakia, Sloveniya, Macarıstan, Latviya, Litva və Estoniya, 2007-ci il yanvarın 1-də isə Bolqarıstan və Rumıniya İttifaqa üzv qəbul oldular. Beləliklə, Avropa İttifaqının genişlənməsi nəticəsində təşkilatın üzvlərinin sayı 27-yə çatmış oldu.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qarşıya çıxan problemlərini, ilk növbədə özünün təhlükəsizlik məsələlərini, xüsusilə Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq təşkilatlar vasitəsilə ümumavropa təhlükəsizliyi səviyyəsinə çıxarmaqla regionda sülhün təmin edilməsinə onların təsir etməsini sürətləndirməyə çalışır. Eyni zamanda, ölkədə islahatların həyata keçirilməsi və dünya inteqrasiya proseslərinə daha sıx cəlb olunması prosesində qısa müddət ərzində Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələr yaratmışdır.

Azərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.

Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.

SSRİ süqut etdikdən sonra, 1991-ci ildə Avropa İttifaqı yeni müstəqil dövlətlərə texniki yardım və ekspert köməyi vasitəsilə demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturlarını yaratmaq, ölkələr arasında ticarət, nəqliyyat, gömrük işlərini inkişaf etdirmək üçün xüsusi TASİS proqramı hazırlamışdır.

TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı və TRASEKA-dır.

1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. "Brüssel Bəyannaməsi" adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə və TRASEKA proqramının dəstəyi ilə "Tarixi İpək yolunun bərpası"  adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən "Bakı Bəyannaməsi" də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıqdır.

Avropaya dövlətlərarası neft və qaz ixracı (İNOQEYT) Avropa İttifaqının yeni mstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da daxil olmaqla 15  dövlətin iştirakı ilə imzalanan çərçivə Sazişi əsasında fəaliyyət göstərir. 

1996-cı il aprelin 22-də Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan       “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

1999-cu il iyunun 22-dən qüvvəyə minən Avropa İttifaqının hazırladığı və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.                                                                                   

İmzalanan TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir.

"Saziş"də nəzərdə tutulur ki, Əməkdaşlıq Şurası Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir. Bundan başqa, fəaliyyət göstərən Əməkdaşlıq Komitəsi Şuranın tövsiyyələrinin həyata keçirilməsinə nəzarət edir.

Komitənin nəzdində ticarət və sərmayə qoyuluşu ilə əlaqədar müzakirələr aparmaq məqsədilə Xüsusi Alt Komitə yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır.

2004-cü il mayın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüssele rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması ilə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol imzalanmışdır.

Avropa İttifaqının Azərbaycanla əlaqələri təkcə TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır.

Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir.

Avropa İttifaqı öz nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-ci ildə isə Azərbaycan Avropa İttifaqında öz Daimi Nümayəndəliyini açmışdır. 2003-cü il iyulun 7-də Avropa İttifaqı Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsini təyin etməsi təşkilatın regionda fəallığının artmasını göstərən addım kimi qiymətləndirməlidir. Eyni zamanda, Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Avropa Parlamentinin sessiyasında "Avropa İttifaqının Cənubi Qafqaz siyasəti" mövzusunda Pyer Qartonun məruzəsi əsasında qəbul edilmiş qətnamədə ermənilərin işğal etdikləri ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə apardıqları göstərilmişdir. Bununla yanaşı, Avropa Parlamenti Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına maneə olan münaqişənin nizama salınması üçün işğal olunmuş Azərbaycan ərazilərinin (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad edilməsi təklifi ilə də çıxış etmişdir.

Dövlət başçısı cənab İlham Əliyev 2004-cü il martın 17-də Bratislavada "Daha geniş Avropaya doğru: yeni gündəlik" mövzusunda keçirilən beynəlxalq konfransda Ermənistanın işğalçılıq siyasətinin bütünlüklə Avropada, xüsusilə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə ciddi maneə olduğunu vurğulayaraq, təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğal olunduğunu, nəticədə bir milyondan artıq insanın acınacaqlı vəziyyətdə yaşadığını bildirməklə ölkəmizin prinsipial mövqeyini bəyan etmişdir.

2004-cü il mayın 12-də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Pyer Qarton Ermənistanda "Genişlənmiş Avropa - yeni qonşular" proqramı çərçivəsində keçirilən müzakirələrdə "Ermənistan işğal altında saxladığı ərazilərdən öz qoşunlarını tədricən çıxarmalıdır" deməklə Avropa İttifaqının Cənubi Qafqaz regionunda münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarı olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il mayın 19-da Brüsseldə Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə "Avropa Birliyi və Azərbaycan-tərəfdaşlıq üçün yeni üsullar" mövzusunda keçirilən siyasi brifinqdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün öz qətiyyətli mövqeyini növbəti dəfə bəyan etdi. Dövlət başçısının  nitqində bu son dərəcə mürəkkəb və tale yüklü problemin Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissəsinə çevrildiyi bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyevin Brüsselə bu səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla "Yeni qonşuluq siyasəti" proqrammı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi.

Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən    İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etmişdir. Avropa İttifaqının xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə qoşmaq üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər.

2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Avropa İttifaqı Şurasına tövsiyə etmişdir. 2004-ci il iyunun 14-də Avropa Komissiyasının tövsiyyəsinə təşkilatın Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Şura, Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı.

Qonşuluq Siyasətinin strategiya sənədinə əsasən Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət planları olacaqdır ki, bu sənəddə İttifaq ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Avropa Qonşuluq Siyasətinə görə bu prioritetlər aşağıdakılar ola bilər:

  • siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində tərəfdaşların tədricən Avropa İttifaqının daxili bazarında müəyyən paya sahib olmaq imkanı;
  • eyni zamanda, vətəndaşların, əmtəənin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya prosesləri;
  • Avropa İttifaqı ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s.

2004-cü ilin may ayında Avropa İttifaqı Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Adı çəkilən proqrama qoşulan ölkələr İttifaq institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli və şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə hörmət bəsləmək və xarici siyasət sahəsində beynəlxalq hüquq normalarına əməl etmək əzmində olduqlarını nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikası da bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il iyunun 1-də "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncamda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı. Bununla yanaşı, qəbul edilmiş sənəddə Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və enerji, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupun yaradılması nəzərdə tutulmuşdur.

Hazırda Avropa İttifaqı regionda həyata keçirdiyi yeni qonşuluq siyasəti layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar.

Bu mənada Prezident İlham Əliyevin 2006-cı il oktyabrın 6-8-də Brüsselə rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başladığını bildirən dövlət başçısı İlham Əliyev bu səfərin İttifaqın Cənubi Qafqaz regionuna dair yeni qonşuluq siyasətinin gələn beş il ərzində ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqındakı göstəricilərinə uyğynlaşdırılmasının əsasını qoyacağını bəyan etdi: "Avroatlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladılar. Bu sənədin imzalanması Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzərin enerji daşıyıcılarının nəqli nəticəsində İttifaqın enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır.

Həmin gün Brüsseldə Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə siyasi brifinq keçirildi. "Avropa İttifaqı-Azərbaycan: enerji sahəsində və digər sahələrdə əməkdaşlıq" mövzusuna həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinin artıq yeni səhifəsinin açıldığını bəyan edərək, əmin olduğunu bildirdi ki, səfər çərçivəsində imzalanan enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu əsasında bir çox sahələrdə əməkdaşlığımızı daha da məqsədyönlü və hərtərəfli formada qurmaq mümkün olacaqdır. Bununla yanaşı, birgə səylər nəticəsində Avropa İttifaqının Cənubi Qafqaza dair "Yeni qonşuluq siyasəti" çərçivəsində yeni addımlar atılacaq və bu da Azərbaycanın gələcək inkişafına böyük təsir göstərəcəkdir. Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri həm Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, həm də münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Azərbaycanın Avropaya inteqrasiyasının bundan sonra da davam etdiriləcəyini bildirdi.

Azərbaycan Prezidenti Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə “Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş” mövzusunda keçirilən görüşündə ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti artan ölkə olduğunu xüsusi qeyd edərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Bununla yanaşı, görüş zamanı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas məsələlərdən biri kimi müzakirə mövzusuna çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin həllində qətiyyətli mövqeyini növbəti dəfə bəyan edərək, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini, münaqişənin həlli yolunun Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsinin vacibliyini və işğal siyasətinin sonun olmadığını xüsusi vurğuladı.

Dövlət başçısı cənab İlham Əliyevin Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşündə Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin qarşılıqlı şəkildə faydalı olduğunu və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaranacaq yeni formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi.

Bu səfərin davamı olaraq mayın 7-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən Prezident İlham Əliyev bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyini qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Mayın 8-də Prqada “Cənub dəhlizi-Yeni İpək yolu” Sammitində dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələrinin, neft boru kəmərlərinin, sonra isə qaz kəmərlərinin inşasının uzaqgörən bir strategiya olduğunu və ölkəmizidən müxtəlif istiqamətlərdə neft-qaz kəmərlərinin fəaliyyət göstərməsini çoxşaxəliliyin təmin olunmasına töhvə kimi qiymətləndirdi.

Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki,  Azərbaycan Avropa İtifaqı ilə ikiktərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

Bu gün Avropa İtifaqı ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın Avropaya inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR