Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycanın Avroatlantİk İnstİtutlara İnteqrasİyası NATO İlə əməkdaşlıq kontekstİndə uğurla davam edİr

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər namizədi

 

AZƏRBAYCANIN AVROATLANTİK İNSTİTUTLARA İNTEQRASİYASI  NATO İLƏ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ UĞURLA DAVAM EDİR

 

«Biz NATO ilə əməkdaşlığa böyük ümidlər bzsləyirik. Mən də əminəm ki, ümidlərimiz özünü doğruldacaqdır».

Heydər Əliyev

Ümummillm lider

Brüssel, 4 may, 1994-cü il

 

«Avroatlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir».

İlham Əliyev

AzərbaycanRespublikasınınPrezidenti

 

İkinci dünya müharibəsindən sonra Qərb dövlətlərinin hərbi-siyasi bloku kimi meydana gəlmiş Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılmışdır. Vaşinqton müqaviləsinə əsasən təcic edilmış bu təşkilatın məqsədi BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv müdafiədir. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulmuşdur. Daha sonralar 1990-cı illərin ikiknci yarısında NATO üzvlərinin sayı artaraq Alyansın Şərqə doğru genişlənməsinə gətirib çıxartdı.

XX yüzilliyin sonunda dünyada baş verən qlobal siyasi proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının fəaliyyətini dayandırılması, «soyuq müharibə»nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni nizamının formalaşmasına gətirib çıxardı.

Soyuq müharibənin doğurduğu qarşıdurmanın başa çatmasından sonra Avropada təhlükəsizlik məsələlərini yeni müsbət istiqamətə yönəltmək, Avropanın Şərq və Qərb ölkələri arasındakı əlaqələri normallaşdırmaq, xüsusilə, Mərkəzi və Şərqi Avropa ölkələrinə yenicə qazanılmış müstəqilliklərini möhkəmləndirmək, regionda və dünyada qlobal təhlükəsizlik problemlərinin həllində tam demokratik ölkə olaraq iştirak etmək arzusunu həyata keçirmək zərurəti yaranmışdı.

Avropada siyasi dəyişikliklər prosesi NATO-nun gələcək vəzifələri ilə əlaqədar bir sıra müraciətlər edilməsinə səbəb oldu. Belə ki, NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1990-cı il iyulun 6-da Londonda keçirilən sammitdə Şərq-Qərb ayrı-seçkiliyinə son qoyaraq bütün Mərkəzi və Şərqi Avropa ölkələrinə yeni əməkdaşlıq təklif etdilər.

Münasibətlərdəki bu əsas dəyişikliklər NATO-nun 1991-ci il noyabr ayının 8-də dövlət və hökumət başçılarının yüksək səviyyədə keçirilən Roma görüşündə elan olunmuş və təhlükəsizlik məsələlərinə daha geniş yanaşmanın qəbul edildiyi «Alyansın yeni strateji konsepsiyası»nda təsdiq edildi. Konsepsiyada göstərilirdi ki, 1989-cu ildən başlayaraq Avropada siyasi vəziyyət dəyişmişdir. NATO-nun keçmişdə qarşılaşdığı problemlərini yeniləri əvəz etmişdir. Hazırda Alyans üçün əsas təhlükəni NATO üzvlərindən birinə hücum təhlükəsi deyil, qeyri-sabitliyin (iqtisadi, sosial və siyasi çətinliklər, etnik münaqişələr, ərazi mübahisələri, kütləvi qırğın silahları və ballistik raketlərin yayılması, həyati əhəmiyyətli ehtiyatların çatışmaması, terror və sabotaj aktları) meydana çıxması təşkil edir.

Strateji konsepsiya qlobal qarşılıqlı asılılığı və alyansın təhlükəsizliyinin bölünməzliyini nəzərdə tutur və Avropada qüvvələr nisbətinin tarazlığının qorunmasını onun əsas vəzifəsi hesab edir. Eyni zamanda strateji konsepsiya Avropada təhlükəsizliyin üç əsas ünsürünü - dialoq, əməkdaşlıq və kollektiv müdafiə qabiliyyətinin qorunmasını müəyyənləşdirmişdir.

Roma bəyannaməsi NATO-nun vəzifələrini və gələcək istiqamətlərini müəyyən edirdi. Bəyannamədə təsdiq olunurdu ki, yeni problemlər hər hansı bir institut tərəfindən deyil, Avropa və Şimali Amerika dövlətlərini bir-biri ilə bağlayan bütöv institutlar kompleksi tərəfindən həll edilə bilər. Eyni zamanda bəyannamədə qeyd edilir ki, Alyans elə bir təhlükəsizlik sistemi üzərində işləyir ki, onun çərçivəsində NATO, ATƏT, Avropa İttifaqı və Avropa Şurası bir-birini qarşılıqlı surətdə tamamlamalıdır. Bundan əlavə, bəyannamədə Mərkəzi və Şərqi Avropa ölkələri ilə məsləhətləşmə və əməkdaşlıq sisteminin inkişafı nəzərdə tutulmuşdur.

Beləliklə, 1991-ci ilin dekabrın 20-də Müttəfiqləri və yeni tərəfdaş-dövlətləri birləşdirmiş Şimali Atlantika Əməkdaşlıq Şurasını (ŞAƏŞ) - ümumi narahatlıq doğuran məsələləri müzakirə etmək üçün məsləhətçi strukturun təşkil edilməsi üçün şərait yaradıldı. Şuranın vəzifəsi təhlükəsizlik sahəsində əməkdaşlığa və ölkələr arasında münasibətlərin inkişafına yardım göstərməkdən ibarət idi. 1992-ci ilin martında ŞAƏŞ -nin tərkibi genişləndirildi və Azərbaycan da daxil olmaqla 11 MDB dövləti bu quruma qəbul edildi. Beləliklə, Azərbaycan-NATO əməkdaşlığı inkişaf dövrünə qədəm qoydu.

Azərbaycanla NATO arasında qarşılıqlı münasibətlərin ilk təzahürləri 1992-ci ilin oktyabrında özünü göstərirdi. O zaman yenicə müstəqillik qazanmış ölkəmizin nümayəndə heyəti NATO üzvü olan dövlətlərin Türkiyədə təşkil olunmuş seminarında iştirak edirdi. Seminar zamanı Azərbaycan nümayəndələri NATO-nun baş katibi M.Vernerlə görüşmüşlər. Burada qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, ikitərəfli əməkdaşlığın inkişafının zəruriliyi qeyd olunmuşdur.

1993-cu ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə Avropa təhlükəsizliyi problemləri üzrə Şimali Atlantika İttifaqının təşkil etdiyi konfransda iştirak etmişdir. Konfransda nümayəndə heyətinin Azərbaycanda gedən ictimai-siyasi proseslər, Ermənistanın ölkəmizə təcavüzü və s. haqqında məlumatları yayılmışdır.

Ölkəmiz üçün hərbi-siyasi aspektdən ağır olan həmin illərdə Azərbaycan NATO-nun yaratdığı müxtəlif forum və strukturlardan istifadə edərək, yaranmış informasiya blokadasını yarmağa, respublikamızda və Qafqazda gedən prosesləri obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışmışdır. Bu dövrdə Azərbaycanın NATO-dan böyük gözləntiləri olduğu halda ölkəmizdə, o cümlədən Qafqazda daxili qeyri-sabitlik və region haqqında Brüsseldə obyektiv təsəvvürlərin olmaması bu gözləntilərin reallaşmamasına səbəb olmuşdur.

1994-cü ilə qədər Azərbaycan-NATO münasibətləri demək olar ki, epizodik və səthi xarakter daşıyırdı. Lakin getdikcə ərazisində separatçı qüvvələrin ciddi hərbi əməliyyatlar keçirdiyi, torpaqlarının 20 faizinin Ermənistanın hərbi birləşmələri tərəfindən işğal edilməsi Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusən NATO ilə əməkdaşlığa marağını artırırdı.

1994-cü ilin yanvarın 10-11-də NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən Zirvə toplantısında isə Sülh Naminə Tərəfdaşlıq fəaliyyətinin əsası qoyuldu və hər bir ölkəyə fərdi olaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində bunu həyata keçirməyə şərait yaradıldı. «Sülh naminə tərəfdaşlıq» proqramı əməli əməkdaşlıq və Şimali Atlantika Şurasının istinad etdiyi demokratik prinsiplərə sadiqliyə əsaslanır. O, sabitliyin möhkəmləndirilməsi, sülh üçün təhlükənin azalması və təhlükəsizlik sahəsində ayrı-ayrı tərəfdaş-dövlətlər arasında möhkəm əlaqələrin yaradılmasını qarşısına məqsəd qoyur.

Sülh Naminə Tərəfdaşlığın özünəməxsus alət və mexanizmləri mövcuddur ki, bunlara Avroatlantik Tərəfdaşlığın İşçi Planı (WP), Fərdi Tərəfdaşlıq Planı (İPP), Planlaşdırma və Təhlil Prosesi (PARP), Üzvlüyün Fəaliyyət Planı (MAP) və Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) daxildir.

1994-cü il mayın 4-də Prezident Heydər Əliyev «Sülh naminə tərəfdaşlıq» proqramının çərçivə sənədini imzaladı [9]. Bu sənədin imzalanması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin,eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cürəməkdaşlıq etmək imkanı qazanır. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verir. Azərbaycan Respublikasının bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Regionda hərbi münaqişə olduğunu nəzərə alaraq Azərbaycan bu proqrama böyük ümidlər bəsləyir.

Azərbaycan ilə NATO arasında yaradılan əməkdaşlığın əsas prinsipləri və istiqamətləri «Sülh naminə tərəfdaşlıq» proqramında və Azərbaycanın təqdim etdiyi «Prezentasiya sənədi»ndə öz əksini tapmışdır. 1996-cı il aprel ayının 23-də Brüsseldə Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun qərargah-mənzilində bu təşkilatın baş katibi Xavyer Solana ilə görüş zamanı Azərbaycan Respublikasının Şimali Atlantika İttifaqı ilə əməkdaşlığını təsdiqləyən və şərtləndirən «Prezentasiya sənədi»ni ona təqdim etmişdir.

1995-ci ilin sentyabrın 28-də NATO «NATO-nun genişləndirilməsinə dair» ŞAƏŞ və müttəfiqlərin SNT-də əməkdaşlığı haqqında qərar qəbul etdi. SNT proqramının mahiyyəti ayrı-ayrı tərəfdaş-dövlətlər və NATO arasında onların hər birinin konkret tələbatlarının nəzərə alınması ilə fərdi əsaslar üzərində formalaşdırılan tərəfdaşlıqdan ibarətdir. 1997-ci ildə Madriddə, 1999-cu ildə Vaşinqtonda, 2002-ci ildə Praqada, 2004-cü ildə İstanbulda keçirilmiş sammitlərdə isə bu proses daha sürətlə inkişaf etdirildi.

1994-1996-cı illərdə əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri sonrakı dövrdə qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi üçün əlverişli baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi və bir sıra praktiki addımların atılması NATO-nun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə marağını artırdı.

Azərbaycanın NATO ilə əməkdaşlığı sonrakı dövrdə də ildən-ilə yeni keyfiyyət almış, NATO mütəxəssisləri Azərbaycan ordusunun modernləşdirilməsi üçün ölkəmizə müntəzəm olaraq texniki və təlim xarakterli yardım etmişlər. Siyasi və iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanda hərbi quruculuğun da yüksək səviyyədə olmasını artıq hamı etiraf edir. Milli silahlı qüvvələrimizin maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulması isə bilavasitə ümummilli liderimiz Heydər Əliyevin Brüsseldə imzaladığı məlum sənədin icrası nəticəsində mümkün olmuşdur.

NATO ilə hərbi sahədə əməkdaşlıq 1997-ci ildə daha da intensivləşdirilmişdir. Bu çərçivədə 1997-ci ilin yanvarında Azərbaycanda Azərbaycan Silahlı Qüvvələrində sülhməramlı bölük, daha sonra isə tabur yaradıldı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri 1997-ci il iyulun 28-dən avqustun 8-dək ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində keçirilən sülhməramlı təlimlərin iştirakçısı olmuşlar.

1997-ci ilin mayın 30-da ŞAƏŞ Avroatlantik Tərəfdaşlığı Şurasıyla (AATŞ) əvəz edildi və bununla da NATO tərəfdaş ölkələri arasında ümumi siyasi əməkdaşlıq yaradıldı. AATŞ NATO ölkələri və tərəfdaş-dövlətləri birləşdirir. Hal-hazırda ona 46 ölkə daxildir. O, siyasət və təhlükəsizlik məsələləri üzrə daim dialoq və məsləhətləşmələrin aparıldığı çoxtərəfli forumdur. O, həmçinin NATO ilə Sülh Naminə Tərəfdaşlıqda iştirak edən ölkələr arasında ayrı-ayrı ikitərəfli əlaqələrin siyasi əsası kimi çıxış edir.

XX əsrin sonunda NATO-nun yeni genişlənməsi baş verdi. 1997-ci ilin iyulunda NATO keçmiş sosialist düşərgəsinin üzvü olan üç tərəfdaş dövlət-Macarıstan, Çexiya və Polşanın da onun sıralarına daxil olması haqqında qərar qəbul etmişdir və bu qərar 1999-cu il martın 12-də həyata keçirilmişdir. Bir neçə il sonra isə - 2004-cü ildə daha yeddi tərəfdaş dövlət - Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya və keçmiş sovet respublikaları Litva, Latviya və Estoniya da bloka qoşuldular. 2008-ci il aprelin 2-4-də NATO-nun Buxarestdə keçirilən Zirvə toplantısında Albaniya və Xorvatiya təşkilata üzv qəbul edildilər. Beləliklə, 2009-cu ilin aprelin 3-4-də NATO-nun 60 illik yubileyi ilə əlaqədar Kil və Strasburqda keçirilən Zirvə toplantısında iştirak edən Alyans üzvlərinin sayı 28-ə çatmışdır.

1997-ci ilin ortalarında Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) sənədinə qoşuldu. Bu, tərəfdaş dövlətlərlə NATO arasında əməkdaşlığın səmərəsini artırmaq məqsədi ilə bir sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil - qərargahında öz diplomatik nümayəndəliyini təsis etdi. Bu isə əməkdaşlıq əlaqələrinə daha yeni təkan verdi. Hazırda orada Azərbaycan Silahlı Qüvvələrini iki zabit təmsil edir.

1997-ci il iyulun 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Madriddə keçirilən Zirvə görüşündə çıxış edərək bölgədə silahlı münaqişələrin aradan qaldırılmasında Azərbaycanın NATO-nun və Avroatlantika Tərəfdaşlıq Şurasının fəal roluna ümid bəslədiyini bildirdi.

Şimali Atlantika Alyansı ilə əməkdaşlığın inkişafı sahəsində növbəti addım 1997-ci il noyabrın 14-də Prezident Heydər Əliyevin imzaladığı «Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında» Sərəncamı oldu. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradıldı. Dövlət komissiyası «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində əməkdaşlığın vahid proqramının hazırlanması ilə əlaqədar müvafiq nazirlik və təşkilatların fəaliyyətinin koordinasiya edilməsi sahəsində ardıcıl iş aparır.

1998-ci ilin ikinci yarısından etibarən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə birgə keçirən hərbi təlimlərdə iştirak etməyə başladı.

Şimali Atlantika Bloku ilə əməkdaşlığı dərinləşdirmək xətti götürmüş Azərbaycana 1999-cu ilin mayın 27-31-də NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında həmin qurumda müşahidəçi statusu verildi. 1999-cu ilin iyulun 28-də Bakıda Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında «Kosovo türk taburu tərkibində Azərbaycan tağımının fəaliyyətinə dair saziş» imzalandı. 1999-cu ilin sentyabrından etibarən Azərbaycan öz sülhməramlı tağımını ilk dəfə olaraq həmin regiona ezam etdi.

2002-ci ilin noyabrında NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev Cənubi Qafqaz regionunda davam edən münaqişələrin aradan qaldırılmasında NATO-nu daha fəal olmağa çağırdı. 2002-ci il noyabrın 18-də Azərbaycan Əfqanıstana sülhməramlı tağımının göndərilməsi ilə bağlı qərar qəbul edərək oraya 33 nəfərlik şəxsi heyət göndərildi (hazırda onların sayı 45 nəfərdir).

Bu dövrdə Azərbaycan NATO-nun nüfuzlu qurumu hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirirdi. Bunun nəticəsi olaraq, 2002-ci il noyabrın 19-da Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi. Bununla da respublikamız öz problemlərini və digər aktual məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə etdi.

2003-cü ildə Azərbaycan NATO-nun çevik əməliyyat qüvvələrinin yaradılması və inkişafına dair proqram konsepsiyasına qoşuldu. Milli Məclis 2003-cü il mayın 7-də keçirilmiş iclasında «Azərbaycan Respublikası Silahlı Qüvvələri bölüyünün beynəlxalq koalisiya tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi haqqında» qərar qəbul etdi və oraya 150 nəfərdən ibarət şəxsi heyət göndərildi.

2004-cü il mayın 19-da Prezident İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşü zamanı Azərbaycanın hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP - İndividual Partnership Action Plan) təqdimat sənədini ona təqdim edərək bildirdi ki, bu plan Azərbaycanla NATO arasında əməkdaşlığın daha da yaxınlaşmasına kömək edəcək. Bundan sonra respublikamızın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı bu plan əsasında davam etdiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, NATO standartlarının tətbiqi, təminat və təchizat sisteminin, maddi-texniki bazanın yeniləşdirilməsi və başqa sahələrdə əsaslı islahatlar həyata keçirələcək. Bu isə Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı»nın yerinə yetirilməsi Azərbaycanın NATO-ya qəbul edilməsində mühüm rol oynayacaq. Həmin il noyabrın 4-də isə NATO Baş Katibi Yaap de Hoop Sxefferin Azərbaycana səfəri əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atılan növbəti addım oldu.

İPAP dövlətlərin islahat ehtiyacların qaldırmaq məqsədilə yaradılan yeni ikitərəfli mexanizmdir. Azərbaycanın NATO ilə əməkdaşlığlna dair İPAP sənədi əsas etibarilə 4 sahədə (siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, ekologiya, elm problemləri və ictimai məsələlər, informasiya mübadiləsi və inzibati məsələlər) olan problemləri əhatə edir. İPAP-da NATO-ya üzv olmağa çalışan və alyansla əməkdaşlıq edən dövlətlərin silahlı qüvvələrində həyata keçiriləcək islahatların mahiyyəti, bu istiqamətdə lazımi əlaqələrin və planlaşdırmanın hazırlanması və bütün bunlar üçün ən optimal büdcə variantının seçilməsi öz əksini tapır.

Azərbaycanın «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulması və «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı»nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. Bir tərəfdaş olaraq, Azərbaycan Şimali Atlantika İttifaqının əsas məqsədinə-bütün Avroatlantika zonasında sülhün və sabitliyin möhkəmləndirilməsinə öz sadiqliyini nümayiş etdirir. NATO ilə yaradılmış hüquqi münasibətlər bu beynəlxalq təşkilata daxil olan ölkələrdə gələcəkdə Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasına, NATO İttifaqının keçirdiyi sülhməramlı tədbirlərdə və hərbi manevrlərdə ordu hissələrimizin iştirakına, milli ordu quruculuğunda blokun imkanlarından istifadə edilməsinə əsas verir.

Azərbaycanla NATO arasında əməkdaşlıq təkcə “Sülh naminə tərəfdaşlıq” proqramı və İPAP-dan ibarət deyil. NATO ilə Fərdi Tərəfdaşlıq Planı (İPP) çərçivəsində hər il Azərbaycan Silahlı Qüvvələrinin 1000-dək nümayəndəsi NATO-nun 300-dək tədbirində iştirak edir. Həmçinin Azərbaycanda hər il NATO-nun Brüsseldəki mənzil-qərargahında, Monsdakı (Belçika) tərəfdaşlığın koordinasiya qrupunda, Neapoldakı (İtaliya) regional və Norfolkdakı (ABŞ) strateji komandanlıqda da xidmət edirlər. Bundan başqa, Azərbaycan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP DİB) proqramı çərçivəsində də NATO ilə əməkdaşlıq edir.

Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri Azərbaycan-NATO münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il noyabrın 8-də Brüsseldə-NATO-nun qərargahında bu hərbi-siyasi qurumun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev adı çəkilən beynəlxalq təşkilatla əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyərək «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı» çərçivəsində həyata keçirilən tədbirlərin bunun yaxşı nümunəsi olduğunu qeyd etdi və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.

NATO ilə əməkdaşlığın genişləndirilməsi baxımından Prezident İlham Əliyevin Brüsselə çox böyük əhəmiyyət kəsb edən səfəri zamanı keçirdiyi görüşlər, aparılan danışıqlar Azərbaycanın bu beynəlxalq təşkilatlara inteqrasiyasına yeni təkan verdi. Bununla yanaşı, dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri bir daha sübut etdi ki, Avroatlantik strukturlara, xüsusilə NATO-ya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

2006-cı il noyabrın 28-29-da NATO üzvü olan  26 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Riqada keçirilən Zirvə toplantısının yekunu olaraq qəbul olunmuş 46 bənddən ibarət kommunikenin 43-cü bəndində alyans üzvü olan ölkələrin Cənubi Qafqazdakı münaqişələrin hələ də həll edilməməsindən narahatlığı əks olunmuşdur. NATO-nun Zirvə toplantısının yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsini ölkəmizin regionda və beynəlxalq aləmdə qazandığı uğurların nəticəsi kimi qiymətləndirmək olar. Bununla yanaşı, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bəyannamənin qəbul olunması, həm də alyansın Cənubi Qafqaz regionuna marağının artmasını göstərir. Hazırda Azərbaycanın Şimali Atlantika İttifaqı ilə «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı» çərçivəsində əməkdaşlıq etməsi və alyansın üzv olan dövlətlərin ölkəmizə xüsusi diqqət verməsi buna bariz sübutdur. Məhz qarşılıqlı əməkdaşlığın inkişafı nəticəsində NATO regionda sülhün və sabitliyin bərpasına çalışır.

NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsinə zəmin yaradır. Bu baxımdan NATO-nun Buxarest sammiti bizim üçün xüsusi əhəmiyyət daşımışdır. Belə ki, 2008-ci il aprelin 2-4-də NATO-nun Buxarestdə keçirilən Zirvə toplantısında regional münaqişələr xüsusi müzakirə obyekti oldu. Zirvə toplantısının Yekun Bəyannaməsinin 43-cü maddəsində ərazisində «dondurulmuş münaqişələr» olan dörd postsovet respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, eləcə də  bu münaqişələrin həmin prinsiplər əsasında həll edilməsinin tövsiyə olunması bu gün Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, NATO-nun 60 illiyi ilə əlaqədar 2009-cu il aprelin 3-4-də Kil və Strasburqda keçirilmiş sonuncu Zirvə toplantısında qəbul edilmiş Bəyannamənin münaqişələrlə bağlı 58-ci bəndində təşkilatın Cənubi Qafqaz və Moldova ərazilərindəki münaqişələrin mövcudluğundan ciddi narahatlıq keçirdiyi  bildirilməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi də öz əksini tapdı.

2009-cu il aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşündə Alyansın ali nümayəndəsi, respublikamızın NATO üçün regionda mühüm rol oynayan ölkə olduğunu bildirməklə yanaşı, qeyd etdi ki, təmsil etdiyi qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır. Azərbaycan - NATO əməkdaşlığını yüksək qiymətləndirən dövlət başçısı cənab İlham Əliyev bu təşkilatın tədbirlərində və proqraminda fəal istirak etdiyini, xüsusilə otən il ölkəmizin Alyansın 200 tədbirinə qatıldığını vurgulamaqla yanaşı, Şimali Atlantika Alyansının Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsində qətiyyətli mövqe tutduğunu və bu mövqeyin ərazi bütövlüyü prinsiplərinə əsaslandıqını minnətdarlıq hissi ilə qeyd etdi.

 Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmdə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.

Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.


Ədəbiyyat

 

  1. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005.
  2. Sümərinli C. İrəliyə, NATO-ya doğru. Bakı, 2007.
  3. NATO Handbook. NATO office of information and press. 1110 Brussels. Belgium, 2001.
  4. NATO Public Diplomacy Division. 1110 Brussels, Belgium, 2005.
  5. NATO Transformed. Public Diplomacy Division. 1110 Brussels, Belgium, 2005.
  6. «Azərbaycan», 21 may 2004-cü il.
  7. «Azərbaycan», 12 noyabr 2006-cı il.
  8. «Ayna», 29 aprel 2006-cı il.
  9. «Xalq qəzeti», 10 may 1994-cü il.
  10. «Xalq qəzeti», 01 dekabr 2006-cı il.
  11. «Xalq qəzeti», 10 aprel 2008-ci il.
  12. «Xalq qəzeti», 7 aprel 2009-cu il.


Эльчин Ахмедов. Кандидат политических наук, доцент Академии Государственного Управления при Президенте Азербайджанской Республики

 

Интеграция Азербайджана в Евроатлантические структуры в контексте  сотрудничества с НАТО

 

Резюме

 

В данной статье исследуется значение интеграции Азербайджана в Евроатлантические  институты  и структуры  в контексте  приоритетов внешней политики Азербайджана.

В этой  работе  в указанном выше аспекте исследуются  связи  Азербайджана  с НАТО, которые  построены  на основе  специальной  программы и развиваются  в различных  направлениях.

Наряду  с этим, в работе  исследуются  связи между Азербайджаном  и  НАТО  в контексте Евроатлантических институтов безопасности и сотрудничества.

 

 


Elchin Ahmedov. candidate of political sciences, assistant professor, the Academy of Public Administration under the President of the Republic of Azerbaijan

 

The Integration of Azerbaijan into the Euroatlantic Structures in the Context

of Cooperation with NATO

 

Summary

 

This paper deals with the importance of the integration of Azerbaijan into the Euroatlantic institutions and structures in the context of Azerbaijan’s foreign policy priorities. Azerbaijan’s relations with the NATO have been analyzed in this aspect which are built on the basis of the special program and developed in various directions.

Also, the paper analyzes the relations between Azerbaijan and NATO in the context of Euroatlantic institutes of security and cooperation.

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR