Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Dağlıq Qarabağ münaqİşəsİnİn nİzama salınması Azərbaycanın xarİcİ sİyasətİndə əsas prİorİtet İstİqamətdİr

 

 

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın   

                   xarici siyasətində əsas prioritet istiqamətdir

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün təmin edilməsi üçün birinci və başlıca şərtdir. Bu məsələ həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü oldu və həmin il iyulun 8-10-da adı çəkilən təşkilatın Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı.  Müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçiri­lən birinci əlavə görüşündə Dağlıq Qarabağda və­ziy­­yət müzakirə olundu. ATƏM­-in Nazirlər Şurası YVŞK-nin zə­manəti əsasında münaqişənin sülh yo­lu ilə nizamlan­ma­sı istiqamətində aparılan danışıqların səmərəli­li­yi­ni təmin et­mək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh kon­fran­sının ça­­ğı­rıl­ması haqqında qərar qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mə­də­­­niyyət mərkəzi olan Şuşa şə­hə­rini ələ keçirməklə Ermə­nis­tan ordusu tərəfindən bütün Yuxarı Qarabağ iş­ğal edildi. Bun­­­dan sonra erməni hərbi qüvvələ­ri­nin qarşısında duran vəzi­­fə iş­­ğal etdikləri Azərbaycan torpaqlarında möhkəm­lən­mək, Qa­­rabağın dağlıq his­­səsini Ermənistan Respublikasına bir­ləş­­dirmək üçün onların arasında dəh­­liz açmaq idi. Bu yolda iki respublikanın arasında yerləşən qədim Azər­bay­­can şəhəri La­­çın əsas maneə idi. 1992-ci il mayın 17-də Laçın şəhəri də Er­­mənistan silahlı qüvvələri tərə­fin­dən işğal olun­­du. Belə­lik­­lə, “öz müqəddəratını tə'yin etmək” ideyasını reallaş­dır­maq məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgə­si­ni Ermənis­tan­­­­la birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçı­nın işğalı müharibənin Dağlıq Qarabağ sər­­­­­həd­­lərindən çıx­dı­­ğını və Ermənistanın hər­bi işğalçılıq niyyətinin böyük ol­­­­­duğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlan­dır­dı­­ğı bu yol ilə Dağ­­lıq Qarabağa külli miqdarda silah, döyüş sur­sa­tı və hərbi qüvvə gətiril­di.

Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağ­­lıq Qarabağ böl­­gə­­sinin (4,4 min km²)  hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan si­lah­lı qüv­və­lə­ri tə­rə­findən işğal edil­di. Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan  çox   əhali (ümumi əhalinin 15%-i) öz torpağında qaç­qın vəziy­yə­­tinə düş­dü, 900-ə yaxın yaşayış məntəqəsi dağıdıldı, talan edil­di və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min km²) his­sə­si Ermənistan silahlı qüvvələri tərəfindən işğal olun­muşdur.

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.

ATƏM-in Minsk Qrupunun bu illərdəki fəaliy­yə­ti­nə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şura­sı­­nın mə’lum qətnamələrini yerinə yeritmək üçün hazırladığı “Tə­xirəsalınmaz tədbirlər cədvəli” heç bir tə’sir gücünə malik deyil­di. ATƏM-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yeri­nə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə me­xanizminin olmaması idi. Minsk Qrupu tərəfindən qəbul edi­­lən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri da­şı­yırdı. ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prin­si­pi mü­qaviləni pozan tərəfə öz əməllərinə görə məs’uliyyət daşı­ma­maq imkanı verirdi.

Lakin torpaq­la­rına təcavüz olandan sonra da, Azər­bay­can bütün va­sitə­çilik missiyalarından imtina etməyərək, prob­le­min ATƏM prinsip­ləri çər­çivəsində həllinə tərəfdar ol­du­ğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.

Yalnız 1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə məhz Prezident Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.

1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan “Ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dayandı.

Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi.

Münaqişə tərəflərinin mövqelərində ziddiyyətlərin qalması xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi səbəbindən ATƏT-in 1999-cu il noyabrın 18-19-da İstanbulda keçirilən Zirvə toplantısında qəbul edilən yekun bəyannamədə yalnız Dağlıq Qarabağ problemi ətrafında yaranmış mövcud vəziyyəti özündə əks etdirən və Minsk qrupu çərçivəsində münaqişə tərəflərinin danışıqları davam etdirməyə çağıran 20-ci maddə öz əksini tapdı. Sənəddə ATƏT-in Minsk qrupu həmsədrlərinin cəhdlərinə müsbət qiymət verilməklə yanaşı, Ermənistan və Azərbaycan prezidentləri arasında intensivləşən danışıqlardan razılıq ifadə olunur və nizamlama formatına daha çox uyğyn gələn Minsk qrupu çərçivəsində müntəzəm olaraq sülh prosesinin davam etdirilməsi üçün görüşlərin keçirilməsi dəstəklənirdi.

  Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız, onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır.

2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər.

2005-ci il yanvarın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində əlverişli şəraitin yarandığını və bu problemin “Praqa prosesi” əsasında getdiyini bildirməklə danışıqlarda yeni mərhələnin başlandığını bəyan etdi. Ermənistanın münaqişənin “Praqa prosesi”, yəni “mərhələli həll” variantı ilə razılaşmaq məcburiyyətində qalması heç şübhəsiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biri hesab oluna bilər. 2005-ci il mayın 15-də Varşavada, avqustun 27-də isə Kazanda iki ölkənin prezidentləri arasında keçirilən növbəti görüşlərdə danışqların əsas mövzusu təklif olunan yeni sülh planının detallarının müzakirəsi oldu.

Keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi “Praqa prosesi”nin yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxartdı. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu.

Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da  Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin 8 görüşü keçirildi. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son beş ildə “Praqa prosesi” çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilmişdir. Lakin hazırda prezidentlər səviyyəsində müzakirə olunan bir neçə prinsip üzrə anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu kontekstdə bütün məsələlərə dair ümumi razılıq əldə olunduqdan sonra yekun hər hansı bir sənədin qəbul ediləcəyi bildirilir.

Heç şübhəsiz ki, Ermənistan tərəfi aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev görüşlərin daha intensiv xarakter aldığını qeyd etməklə yanaşı, bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı cənab İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyimizi müdafiə edəcəyik.

2009-cu ilin iyulun 10-da «Böyük səkkizlər»in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini də müzakirə etdilər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırdılar.

Bununla yanaşı, sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırış öz əksini tapdı.  Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına, yəni gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququna əsaslandığı qeyd olundu.

Münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində müəyyən fərqlər qalmaqdadır. Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə, keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə eyni zamanda Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür.

Növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və sülhməramlı qüvvələr yerləşdirilməlidir. Dağlıq Qarabağın 65 min azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə olunub hazırlana bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan  prezidentlərinin birgə imzaladığı bəyənnamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur.

Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar. Ancaq er­mə­­ni­lər öz müqəddəratını təyin etmə hüququndan hələ əsrin əv­vəl­lə­rində ən yüksək səviyyədə istifadə edərək özlərinin müs­tə­qil dövlətini – Ermənistan Respublikasını  yaratmış­lar. Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri isə müstəqil Azər­bay­­can dövlətində yaşayan milli azlıqlardan biridirlər. Bey­nəl­­xalq hüquq nor­ma­la­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Bu baxımdan, ermənilərin öz mü­qəddəratını tə­yin etmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının kobud şəkildə pozul­ma­sı deməkdir.

Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda məşhur Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüşü zamanı Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd etdi ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı.  Bununla yanaşı dövlət başçısı bəyan etdi ki, “Əgər Dağlıq Qarabağın erməni icması iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər”.

Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğalı, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır.

Regionda baş verən son hadisələr, xüsusilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfini yenə də vaxt uzatmaq taktikasını tətbiq etməyə imkan yaradır. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev açıq şəkildə bildirdi ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər. Bu problemlərin, yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması proseslərinin paralel olaraq həll edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev ölkəmizin bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəciyini vurğulayaraq, qeyd etdi ki, “Bu vəziyyətin yaranmasının əsas səbəbkarı Ermənistan rəhbərliyinin özüdür”.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, “Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir”.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatlarin səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmişdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Surixdə, Münhendə və  habelə iki respublikanın sərhəddi - Sədərəkdə 40-a qədər görüş keçirmişlər.

Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasina maneə törədir.

Bundan başqa, münaqişənin nizamlanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Minsk qrupu indiyə qədər heç bir yeni təkliflə çıxış etməmişdir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

“Xalq qəzeti”

 3 dekabr 2009-cu il

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR