Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycan-Avropa Şurası əməkdaşlığının genİşlənməsİ ölkəmİzİn Avropaya İnteqrasİya olunmasında mühüm amİldİr

                                                                           Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər namizədi

 

 

Azərbaycan-Avropa Şurası əməkdaşlığının genişlənməsi

ölkəmizin Avropaya inteqrasiya olunmasında mühüm amildir

 

“Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

                                                                                                                

       Heydər Əıiyev  

 Azərbaycanın Ümummilli lideri

                                                                                                                                                                                             

 

"Avropa Şurasına üzv olmaq bizə ona görə lazım idi ki, Azərbaycanda gedən proseslər  dünya standartlarına daha çox yaxınlaşacaqdır. Biz bunun şahidi olmuşuq."

 

İlham Əliyev

                           Azərbaycan Respublikasının Prezidenti

 

Avropa Şurasının yaranması Böyük Britaniyanın baş naziri olmuş Uinston Çerçilin 1942-ci ilin oktyabr ayında verdiyi bəyanat ilə əlaqələndirilir. Bəyanatda millətlər arasındakı sədləri əhəmiyyətli dərəcədə aradan qaldıran, maneəsiz hərəkət üçün imkan yaradacaq Avropa Birləşmiş Ştatlarının yaradılması və Avropa iqtisadiyyatına vahid bir tam halında baxılması göstərilirdi. II Dünya müharibəsindən sonra isə 1946-cı ildə U.Çerçil Sürixdə etdiyi bir çıxışda bu ideyanı reallaşdırmaq üçün birinci addım kimi Avropa Şurası yaratmaq fikrini irəli sürmüşdür.

U.Çerçil tərəfindən irəli sürülmüş bu ideyalar Avropada geniş əks-səda doğurdu və II Dünya müharibəsindən sonra qitədə federasiya cərəyanları yaranmağa başladı. 1947-ci ildə həmin cəmiyyət və təşkilatlar Avropanı birləşdirmək hərəkatını əlaqələndirmək üçün beynəlxalq komitə yaratdılar. Bu komitə 1948-ci il mayın 8-10-da Haaqada Avropanın inteqrasiya probleminə həsr olunmuş konqres çağırdı.

1949-cu ilin yanvarında komitə əlaqələndirmə xarakterli təşkilat - hökumət və parlament orqanının olacağı nəzərdə tutulan Avropa Şurasının yaradılması qərara alındı. Təşkilatın funksiya və strukturuna dair ətraflı qərar hazırlanması üçün 1949-cu ilin mart ayında Londonda Brüssel Paktına daxil olan ölkələr (Böyük Britaniya, Fransa, Belçika, Hollandiya və Lüksemburq) tərəfindən, eləcə də Danimarka, İtaliya, İrlandiya, Norveç və İsveç səfirlərinin iştirakı ilə keçirilən müşavirədə Avropa Şurasının Nizamnaməsi hazırlandı. 1949-cu il may ayının 5-də adı çəkilən ölkələrin xarici işlər nazirləri Nizamnaməni imzaladılar və bu səbəbdən hər il 5 may Avropa Şurasının yaradılması günü kimi qeyd olunur.

Avropa Şurasının iki əsas orqanı – Nazirlər Komitəsi və Parlament Assambleyasıdır. Nazirlər Komitəsi Avropa Şurasının adından fəaliyyəti həyata keçirməyə səlahiyyəti olan icraedici və sərəncamverici orqandır. Avropa Şurasının üzvü olan hər bir dövlət Nazirlər Komitəsində bir nümayəndə ilə təmsil olunur. Nazirlər Komitəsində üzv dövlətlərin xarici işlər nazirləri ilə yanaşı, digər vəzifəli şəxsləri, çox vaxt isə üzv dövlətlərin Parisdə akkreditə olunmuş diplomatik nümayəndələri iştirak edirlər.  

Avropa Şurasının ikinci mühüm orqanı Parlament Assambleyasıdır. Assambleya üzv ölkələrinin Parlamenti tərəfindən seçilmiş və ya təyin olunmuş parlament nümayəndələrindən təşkil olunur. Əhalisinin sayından asılı olmayaraq Assambleyada həmin dövlətin ən azı üç siyasi partiyası təmsil olunmalıdır. Üzv ölkələrin nümayəndələrinin sayı 2 nəfərdən 18 nəfərədək olur. Parlament Assambleyası öz üzvlərindən sədr və onun müavinlərini seçir. Onlar sədr və 17 müavindən ibarət Assambleya Bürosunu təşkil edirlər. Assambleya öz sessiyalarını Strasburqda Avropa sarayında keçirir.

Təşkilatın Nizamnaməsində nəzərdə tutulan üçüncü orqan Baş Katibin rəhbərlik etdiyi Katiblikdir. Baş Katibi Nazirlər Komitəsinin təqdimatı ilə Parlament Assambleyası beş il müddətinə seçir.

Avropa Şurasının ali orqanı kimi üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı fəaliyyət göstərir. İlk Zirvə toplantısı 1993-cü ildə Vyanada, 1997-ci ildə Strasburqda ikinci, 2005-ci ildə isə Varşavada üçüncü Zirvə toplantısı keçirilmişdir.

Avropa Şurasının beynəlxalq miqyasda nüfuzunun artması ilə əlaqədar üzvlərinin sayı da daim artır. Belə ki, 1949-cu ildə təşkilatın Nizamnaməsini 10 dövlət imzalayaraq Avropa Şurasını təsis etdikdən sonra, həmin ilin avqust ayında Türkiyə və Yunanıstan, 1950-ci ildə İslandiya və Almaniya, 1956-cı ildə Avstriya, 1961-ci ildə Kipr, 1963-cü ildə İsveçrə, 1966-cı ildə Malta, 1976-cı ildə Portuqaliya, 1977-ci ildə İspaniya, 1978-ci ildə Lixtenşteyn, 1988-ci ildə San-marino və 1989-cu ildə Finlandiyanın quruma üzv qəbul olunması ilə təşkilatın üzvlərinin sayı 23-ə çatdı.

XX yüzilliyin sonunda dünyada, o cümlədən Avropada baş verən qlobal siyasi proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının fəaliyyətini dayandırması, «soyuq müharibə»nin başa çatması və SSRİ-nin süqutu beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Belə bir şəraitdə Şərq və Qərb ölkələri arasındakı əlaqələri normallaşdırmaq, xüsusilə, Mərkəzi və Şərqi Avropa ölkələrinə yenicə qazanılmış müstəqilliklərini möhkəmləndirmək, regionda və dünyada qlobal problemlərinin həllində tam demokratik ölkə olaraq iştirak etmək arzusunu həyata keçirmək zərurəti yaranmışdı.

XX əsrin sonu-XXI əsrin əvvəllərində bu ölkələrin böyük bir hissəsi Avropa Şurasına üzv qəbul edildilər. Belə ki, 1990-cı ildə Macarıstan, 1991-ci ildə Polşa, 1992-ci ildə Bolqarıstan, 1993-cü iıdə Litva, Rumınya, Slovakiya, Sloveniya, Çexiya, Estoniya, 1994-cü ildə Andorra, 1995-ci ildə Albaniya, Latviya, Makedoniya, Moldova, Ukrayna, 1996-cı ildə Rusiya və Xorvatiya, 1999-cu ildə Gürcüstan, 2001-ci ildə Azərbaycan və Ermənistan, 2002-ci ildə Bosniya və Hersoqovina, 2003-cü ildə Serbiya və Çernoqoriya, 2004-cü ildə isə Monako təşkilatda tamhüquqlu üzv kimi təmsil olunmaqla Avropa Şurasının üzvlərinin sayı hazırda 46-ya çatmışdır. Bundan əlavə, Kanada, Vatikan, İsrail, Meksika, ABŞ və Yaponiya təşkilatda müşahidəçi statusuna malik dövlətlərdir.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ona “xü­susi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şu­rasına rəsmi müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təş­­kilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım ol­maq­la bərabər Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və hu­ma­­nitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məq­­sədi daşıyırdı. Avropa Şurası ilə əlaqələr yaradıldıqdan son­­ra bu təşkilat Azərbaycanda baş verən hadisələrə, o cüm­lə­dən Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini bildirdi.

         Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzvü olmayan Av­ropa ölkələri ilə əlaqələr Komitəsi 1992-ci il fevralın 5-də Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi. Bəyanatda de­yi­lir­di ki, Komitə Dağlıq Qarabağda vəziyyətin pisləşməsi ilə əla­qədar atəşin dayandırılması məqsədilə Ermə­nis­tan və Azər­baycan tərəfinə müraciət edərək hər iki maraqlı tərəfi mü­na­qişənin sülh yolu ilə həll edilməsinə çağırır. Sənəddə Azər­bayca­nın mənafeyinə zidd olaraq BMT Təhlükəsizlik Şu­ra­sından Ermənistanın tələbi ilə Dağlıq Qarabağa BMT qüvvə­lə­rinin gətirilməsi xahiş olunurdu. 

Bundan sonra qəbul edi­lən sənədlərdə Şuranın mövqeyində maraqların uyğunlaş­dı­rıl­ması istiqamətində dəyişiklik hiss olunmağa başladı. Be­lə ki, 1992-ci il martın 12-də Avropa Şurası Nazirlər Komi­tə­sinin qəbul etdiyi bəyanat neytral xarakter daşıyırdı. Bə­ya­natda deyilirdi ki, Komitə Dağlıq Qarabağ hadisələri ilə əla­qədar dərin təşviş hissi keçirdiyini bil­di­rir və Azər­bay­ca­nın Dağlıq Qarabağ vilayətinin dinc əhalisi barədə zora­kı­lı­ğı pisləyir.

         1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi.

Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlıq məq­­sədilə 1994-cü il iyulun 4-dən 11-dək Strasburqda Dağlıq Qa­ra­bağla əlaqədar keçirilən görüşdə iştirak edən Azərbaycan nümayəndə heyə­ti Ermə­nis­­tanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı hər­­bi təcavüzkarlığını, onun nəticələrini və bu münaqişədə Azər­­baycanın mövqeyini açıqladı. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assamb­le­ya­sı­nın “Dağlıq Qarabağda münaqişəyə dair” qəbul etdiyi 1047 saylı qət­namədə atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq ifadə edilsə də, Azərbaycanın mənafeyinə zidd bir sıra bəndlər var idi.

Bundan sonra, 1994-cü il no­yab­­rın 14-17-də Avropa Şurası Parlament Assambleyası təş­ki­­lata üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin səd­­ri Devid Atkinson  başda olmaqla nümayəndə heyəti Azər­bay­­canda səfərdə olmuş və səfər zamanı respublika rəhbərliyi ilə görüşündə bu təşkilatla Azər­bay­ca­­nın münasibətləri, o cümlədən ölkəmizin “xü­susi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciəti, Ermənistanın təcavüzkarlığına son qo­yul­­ması və münaqişənin dinc vasitələrlə həlli məsələləri müzakirə olundu.

         1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasında yaranmış əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, eləcə də Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

         Belə ki, 1996-cı il martın 1-2-də Azərbaycan nümayəndə heyəti ilk dəfə iştirak etdiyi Avropa Şurasının Venesiya Komissiyasının iclasında ölkəmizin bu quruma üzvlük hüququnun verilməsini xahiş etmiş və həmin il mayın 17-18-də Azərbaycanın bu Komissiyaya üzv olması haqqında qərar qəbul edilmişdir.  

1996-cı ilin iyunun 2-6-da Avropa Şurasının Parlament Assambleyasının təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Jak Setlenjin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı dövlət başçısı Heydər Əliyevlə görüşündə Azərbaycanın Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyun 26-28-də AŞ PA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi barədə qərar qəbul etdi. Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞ PA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” Sərəncamı Avropa Şurası ilə ölkəmizin sonrakı illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir.

1996-cı il iyulun 13-də dövlət başçısı Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək ölkəmizin bu təşkilata tam hüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

Bundan sonra, 1997-ci il aprelin 22-də Avropa Şurası Par­­lament Assambleyası Zaqafqaziyada münaqişələrə dair 1119 say­lı qətnamə qəbul etdi. Qətnamənin Dağlıq Qa­rabağa dair olan hissəsində deyilirdi ki, Assambleya mü­na­qi­şə­nin dinc yolla nizama salınmasına nail olmaqla,  işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və köçkünlərin geri qayıtmasına çağırır. Sənəddə Azərabycanın ərazi bütöblüyü və münaqişənin nizama salınmasına dair ATƏT-in Lissabon Zirvə görüşünün prinsəpləri təsdiq edilirdi.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il oktyabrın 10-da Strasburqda keçirilən 2-ci Zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı və orada təşkilatın yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Şurası ilə əlaqələri barədə ətraflı danışıqlar aparmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərəncam ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi istiqamətində respublikada görülən işlər və  Avropa Şurası ilə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

1998-ci ilin yanvar və iyun aylarında Azərbaycana səfər etmiş Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri J.Bomel və C.Kleyfart dövlət başçısı Heydər Əliyevlə görüşlərində  Avropa Şurasına qəbul olunmaq sahəsində ölkəmizdə görülmüş işlərdən razılıqlarını bildirmişlər. 1999-cu il sentyabrın 15-18-də AŞ PA-nın sədri lord Rassel Consonun, eləcə də təşkilatın digər rəsmi nümayəndələrinin Azərbaycana səfərləri zamanı aparılan danışıqlar ölkəmizin Avropa Şurasına qəbuluna dair müzakirələri şərtləndirən amillərdəndir.

2000-ci il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Sərəncam imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına dair imzaladığı sərəncamlar respublikamızın bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətə zəmin yaratdı.

Avropa Şurasının Siyasi Komitəsi 2000-ci il martın 23-də Azərbaycan Milli Məclisinə ölkəmiz təşkilata tamhüquqlu qəbul edildikdən sonra yerinə yetirməli olacağı öhdəliklərin siyahısına göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Daha sonra mart ayını 27-28-də Milli Məclisdə imzalanmış öhdəliklərin siyahısı və Azərbaycanın Avropa Şurasının 8 konvensiyasına qoşulması barədə dövlət başçısının imzaladığı müqavilələr Avropa Şurasının Baş katibinə təqdim olundu.

2000-ci il mayın 15-də  Avropa Şurasının Siyasi Komitəsinin Dublində və iyunun 12-13-də Romada keçirilmiş iclaslarında Azərbaycan üzrə məruzəçi L.Bomelin hesabatı dinlənilmiş və ölkəmizin təşkilata tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir.

2000-ci ilin iyunundan noyabr ayınadək təşkilatın müxtəlif komitələrində keçirilən müzakirələrdən sonra noyabrın 7-9-da Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 7-9-da keçirilmiş 107-ci sessiyasında Azərbaycanın bu beynəlxalq təşkilata üzv olmağa dəvət edilməsi haqqında qəbul edilən 14 (2000) saylı Qətnamədə deyilirdi:

  • Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;
  • Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının altı nəfər həddində müəyyənləşdirilməsi;
  • Qətnaməyə uyğun olaraq Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin müəyyənləşdirilməsi

Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici suiyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticisi idi.

Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

         Azərabycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Dovlət başçısı Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı  Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

         2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi plenar sessiyada dövlətçilik maraqları baxımından, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər: 9 ölkə və AŞ PA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar" adlı sənəd AŞ PA-nın rəsmi sənədləri qismində yayılmışdır.          Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetrilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır.

         2001-ci il iyunun 25-29-da AŞ PA-nın növbəti plenar sessiyası zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd AŞ PA-nın rəsmi sənədləri kimi yayılmışdır. "Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət" adlı birinci sənəddə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyətin düşünülmüş şəkildə korlanması məsələsi, "Azərbaycanın mədəni irsinin qəsb olunması və dağılması" adlı ikinci sənəddə isə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən mədəni abidə və sərvətlərin dağıdılması məsələsi Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

         Cənab İlham Əliyev özünün məntiqi çıxışları, konkret təklifləri ilə bu nüfuzlu beynəlxalq təşkilatda tez bir zamanda diqqəti cəlb etmiş və Azərbaycanın nüfuzunu daha da qaldırmışdır. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə bu qurumun kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonunun işğal olunduğunu, işğal edilmiş ərazilərin terrorizm və narkotik maddələrin tranzitinə çevrildiyini bəyan etmişdir. Avropa Şurasının sənədlərində Ermənistan təcavüzkar dövlət kimi tanınmış, işğalçı qoşunların dərhal  Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdir. Söylənilən bu faktlar AŞ PA-nın sənədlərində öz əksini tapmışdır.

         Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi.

Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazmış oldu.

2004-cü ilin fevralın 25-də Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devisin Azərbaycana səfəri zamanı prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü faktlarını bir daha vurğulayaraq Avropa Şurasının bu məsələyə siyasi qiymət verməsinin vacibliyini bildirdi.

Avropa Şurasının Baş katibi Valter Şvimmer 2004-cü il aprelin 8-də Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini qeyd edərək, bu problemin Avropada "dondurulmuş münaqişə" adlandırılmasının qəti əleyhinə olduğunu bildirmişdir. Eyni zamanda, Baş katib problemin yalnız Azərbaycan, Ermənistan və Cənubi Qafqaz regionunun deyil, bütün Avropanın problemi olduğunu və bu səbəbdən münaqişənin Avropa səviyyəsində, sülh yolu ilə birdəfəlik həll edilərək regionda daimi sülhün təmin edilməsinin zəruriliyini bəyan etmişdir.

         2004-cü il aprelin 29-da AŞ PA-nın növbəti yaz sessiyasında artıq Azərbaycan Prezidenti kimi iştirak edən cənab İlham Əliyevin Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxışı böyük rezonansa səbəb oldu və Avropa ictimaiyyətində bu münaqişə haqqında geniş təsəvvür yaratdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında geniş məlumat verən dövlət başçısı özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "... Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin-Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin-Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik".

         Ümumiyyətlə, Prezident İlham Əliyevin Ermənistanın ərazi iddiaları və təcavüzkarlıq siyasətinin ifşası istiqamətində faktlara əsaslanan çox məzmunlu çıxışı Azərbaycan diplomatiyasının növbəti uğurlu addımı kimi qiymətləndirilməlidir.

         Azərbaycan Respublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞ PA-da münaqişə haqqında obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun hazırladığı və AŞ PA-da müzakirəyə çıxarılan “ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi” adlı məruzəsi qətnamə və tövsiyə adlanan iki hissədən ibarət idi.

Məruzənin 1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyi göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, Avropa Şurasının üzvü olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu bir daha təsdiqləyirdi. Eyni zamanda, Assambleya BMT Təhlükəsizıik Şurasının məlum qətnamələrinə əməl etməyə, eləcə də erməni silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərinə çıxarılmasına çağırırdı. Bu tələblər AŞ PA-nın 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci il mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında təşkilata üzv ölkələrin təhlükəsizliyi sahəsində mühüm işlərin görülməsinin vacibliyini bildirərək, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənubi Qafqazın Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev bu regionda sülhün və təhlükəsizliyin bərqərar olması və əməkdaşlığın inkişafı üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini bildirərək qeyd etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhvə olardı.

Avropa Şurasında bu günə qədər əldə edilmiş uğurlar və Azərbaycanın Avropa inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi, ölkəmizin Avropaya inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından əhəmiyyətli olduğu üçün bu sahədə fəaliyyət Azərbaycan dövlətinin xarici siyasət prioritetlərindən biridir.

 

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR