Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstan-Azərbaycan, Dağlıq Qarabağ münaqİşəsİ BMT Təhlükəsİzlİk Şurasında

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

BMT Təhlükəsizlik Şurasında

 

“Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 2004-cü il sentyabrın 24-də keçirilən 59-cu sessiyasındakı çıxışından

 

         Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa et­­dikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya döv­lət­­lərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müs­tə­­qilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bə­­ra­bərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya bir­li­yində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əmək­daş­lığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzu­la­yaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gə­lən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.

         1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi.

         Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi vəziyyətlə üzləşmişdir. İlk illərdə beynəlxalq aləm ilə  münasibətlərin qurulmasında çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan Azərbaycan üçün BMT kürsüsünun çox mühüm əhəmiyyəti var idi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin  inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT ya­nın­da daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.

Azərbaycanın BMT ilə siyasi sahədə əməkdaş­lı­ğının əsas məqsədi Ermə­nis­tanın ölkəmizə qarşı təcavü­zü­nün genişləndiyi bir vaxt­da beynəlxalq birliyin diqqətini mü­na­qişə bölgəsində baş ve­rən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi.

         BMT Nizamnaməsinə gö­rə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi üçün baş­lı­ca məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür. Dövlətlər əgər mübahisəni BMT Nizamnaməsinin 33-cü maddəsində nəzərdə tutulan dinc va­sitələrlə həll edə bilmirlərsə, onda mübahisəni təhqiq et­mək üçün Təhlükəsizlik Şurasına müraciət edə bilərlər.

         Təhlükəsizlik Şurası mübahisəyə aşağıdakı hallarda ba­xır: mübahisə edən tərəflər və ya digər dövlətlər müraciət etdikdə; Baş Məclisin tövsiyəsi ilə; Şuranın özünün qərarı ilə; BMT Baş Katibinin müraciəti ilə.

         Dövlətlər arasındakı mübahisəni həll etmək üçün Təh­lü­kəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar töv­siyə xa­rakteri daşıyır və mübahisə edən tərəflər üçün məcburi he­sab edilmir. Təhlükəsizlik Şurasının tövsiyəsinə baxmayaraq döv­lətlər öz aralarındakı mübahisəli məsələni həll edə bil­mir­lərsə və bununla əlaqədar beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhlükə yaranırsa, məcburi tədbirlər tətbiq edilə bilər. BMT Nizamnaməsinə uyğun olaraq Təhlü­kə­siz­lik Şurası mübahisəli məsələləri dinc vasitələrlə həll et­mək üçün ge­niş səlahiyyətlərə malikdir.    

         Ona görə də Ermənistanın açıq-aşkar təcavüzünün geniş­lən­məsi ilə əlaqədar Azərbaycan BMT Baş Katibinə, Təhlü­kə­sizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hü­quq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozul­ma­sı­nın qarşısını almağa, münaqişənin dinc siyasi yolla niza­ma salınmasına kömək göstərməyə çağırdı. BMT Baş Katibi mü­naqişə bölgəsində vəziyyəti öyrənmək üçün regiona BMT-nin mü­şahidəçilər qrupunu göndərməyi qərara aldı. Bu məqsədlə 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nü­ma­yəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin baş­çı­lıq etdiyi nümayəndə heyəti Bakıda, Dağlıq Qarabağda və Yere­vanda səfərdə oldu və bu səfərin yekunları barədə BMT Təhlü­kə­sizlik Şurasına məlumat verdi.

         BMT Baş Katibi Dağlıq Qarabağ probleminin həlli sa­hə­sində ATƏM-in səylərini müdafiə etdiyini bildirdi. Onun və­ziyyətə verdiyi qiymətdən aydın oldu ki, münaqişənin həlli yo­lunda regional təşkilatlar, xüsusən ATƏM əsas rol oynayır. BMT yalnız ekspertlər göndərməklə onlara kömək, habelə hu­ma­ni­tar sahədə yardım göstərə bilər. BMT Təhlü­kə­siz­lik Şura­sı­nın sədri də S.Vensin səfərinin yekunlarını müsbət qiy­mət­ləndirərək münaqişənin aradan qaldırılmasında Təhlü­kə­siz­lik Şurasının ATƏM-ə məsləhətlər verəcəyini bildir­mək­lə kifayətləndi.

Cəzasız qalan Ermənistan isə təcavüzkarlığını daha da ge­­niş­ləndirirdi. Belə ki, 1992-ci il mayın 8-də İranın vasi­tə­çiliyi ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri ara­­sında Azərbaycan-Ermənistan sərhəddi boyu və Qarabağın dağ­­lıq hissəsində atəşin dayandırılması haqqında üçtərəfli sa­­ziş imzalanan gün Ermənistan silahlı qüvvələri növbəti ra­zı­­laşmanı yenidən pozaraq, Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi  Şuşa şəhərini zəbt etdilər. Şu­­­şa şəhərini ələ keçirməklə Ermənistan ordusu bütün yu­xa­rı Qarabağı işğal etdi. Bu hadisə BMT Nizamnaməsini və ATƏM­-in prinsiplərini mütəmadi şəkildə pozaraq Qarabağın dağ­­lıq hissəsini zor­la ilhaq etməyə çalışan Ermənistan  Res­pub­­­li­ka­sının beynəlxalq hüquq normaları ilə bir araya sığ­ma­yan tə­ca­vüzkarlıq siyasətini davam etdirdiyini bir daha təsdiq­lə­di.

         Şuşanın işğalından dərhal sonra Azərbaycan BMT Təh­­­lükəsizlik Şurasının sədrinə və dünya dövlətlərinə müra­ci­ət edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünün qar­şı­­sını almaq üçün bütün vasitələrdən istifadə etməyə ça­ğır­dı. Mayın 9-da Türkiyə dövləti Dağlıq Qarabağda vəziyyətin kəs­kin­ləş­mə­si ilə əlaqədar təcili olaraq BMT Təhlükəsizlik Şurasının ça­­ğı­­rılmasını xahiş etdi.

         Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin tək­li­­fi ilə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əla­­qədar məsləhətləşmələr keçirdi. Mayın 12-də Təhlükə­siz­lik Şurasının 3072-ci iclasında Dağlıq Qarabağda vəziyyət mü­­za­kirə edildi və Şuranın sədri Peter Xoenfellner (Avst­ri­ya) bəyanat verdi. BMT Təhlükəsizlik Şu­ra­sı sədrinin bəyanatında iki məsələ öz əksini tapdı: son hadi­sə­lərin baş verdiyi münaqişə bölgəsində vəziyyəti yerinə ye­tir­mək üçün BMT-nin xüsusi nümayəndəliyinin dərhal gön­də­ril­məsi və beynəlxalq birliyin qaçqınlara humanitar yardım gös­tərməsi haqqında.

         Təhlükəsizlik Şurasının üzvləri bütün əlaqədar tə­rəf­ləri zorakılığa son qoymaq, Baş Katibin nümayəndəliyinin işi­ni asanlaşdırmaq və onun üzvlərinin təhlükəsizliyini təmin etmək üçün hər cür lazımi tədbirlər görməyə  çağırdılar. Hə­min gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şura­sı­nın sədrindən xahiş etdi ki, Ermənistanın Azərbaycana qar­şı təcavüzü ilə əlaqədar olaraq BMT TŞ-nın xüsusi iclası ça­ğırılsın.

         Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Təh­lü­kəsizlik Şurasının sədrinə məktubu BMT-nin qərargah-mən­zilində Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi ya­yıl­dı. Sənəddə Ermənistanın hərəkətləri suveren dövlətin əra­zi bütövlüyünü pozmaq kimi qiymətləndirilir, dünya birli­yin­dən Ermənistanın Azərbaycana qarşı təcavüzü faktının eti­raf edilməsi tələb olunurdu.

         1992-ci il ərzində BMT Təhlükəsizlik Şurasında apa­rı­lan müzakirələrdə, qəbul olunan 12 may, 26 avqust və 27 oktyabr tarixli bəyanatlarda Təhlükəsizlik  Şu­ra­sı­nın 5 daimi üzvü olan böyük dövlətlər Ermənistan-Azər­baycan mü­nasibətlərinin kəskinləşməsi, Ermənistanın Azərbaycana qar­şı təcavüzünün qiymətləndirilməsinə çox ehtiyatlı və soyuq ya­naşdılar, təcavüzün qarşısını almaq üçün beynəlxalq hüquq nor­maları və BMT Nizamnaməsini pozduğuna görə Ermənistana qar­şı heç bir əməli tədbir görmədilər.

         Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış döv­lət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təh­lükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məs­uliy­yəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bi­rində göstərilən faktın olması kifayət edir ki, Təh­lü­kə­siz­lik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fə­sil­lə­rinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məc­lisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qət­namə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlü­kə­sizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün tə­cavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

         1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu ses­siyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq tə­cavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona bey­nəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətna­mə­də təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

Ona görə də Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verirdi  ki, bu, hərəkət­lə­r əsl təcavüz faktı kimi qiymətləndirilsin.

         Cəzasız qalan Ermənistan  təkcə Qarabağın dağlıq hissə­si­ni tutmaqla kifayətlənmədi və təcavüzkarlığını daha da ge­nişləndirdi. 1993-cü il martın 27-dən aprelin 3-dək Ermə­nis­tan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayo­nu işğal edildi. Ermənistan hökuməti Azərbaycan torpaq­la­rı­nın işğalını yalnız Dağlıq Qarabağ ermənilərinin həyata keçirdiyini bildirdi. Lakin Ermənistan münaqişədə bitərəf olmayıb, Azərbaycan ərazisinin işğal olunmasında Ermənistanın silahlı qüvvələrinin bilavasitə iştirakı  danılmazdır.

         Kəlbəcər rayonuna erməni təcavüzü başlayandan dərhal son­­ra  Azərbaycan bölgədə yaranmış vəziyyət haqqında BMT-nin Baş Katibinə və Təhlükəsizlik Şurasının sədrinə məlumat ver­­di. Azərbaycan dövləti Təhlükəsizlik Şurasından təci­li iclas çağırmağı və Ermənistanın Azərbaycana qarşı təcavü­zü­nü pisləməyi tələb etdi. Azərbaycanın bu tələbi Türkiyə tə­rə­findən müdafiə olundu. Məhz Kəlbəcərin işğalından sonra Türkiyə dövləti Ermənistanla sərhəddini bağladı.

         1993-cü il aprelin 30-da BMT TŞ-nın 3205-ci iclasında Ermə­nis­­tan-Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edil­­di. Qətnamədə Ermənistan ilə Azərbaycan ara­sında münasibətlərin pislənməsi ilə əlaqədar Təhlükəsizlik Şu­rasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermə­nistan Respublikasının münaqişədə bu və ya başqa for­ma­da iştirakı etiraf olunurdu. Bundan əlavə, sənəddə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunul­maz­lı­­ğı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yol veril­məz­­liyi bir daha təsdiq olundu.

         Tərəflərin BMT TŞ-nın 822 saylı qətnaməsinin ye­ri­­nə yetirilməsi və ATƏM çərçivəsində danışıqlar prose­si­nin bərpa olunması barədə Minsk Qrupuna daxil olan 9 ölkə­nin nümayəndələrinin Romada işləyib hazırladığı təklifləri qə­­bul etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azər­bay­ca­­nın Ağdam və Ağdərə bölgələrində döyüş əməliyyatlarını güc­­ləndirdilər.

         Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tə­­rəfindən Azərbaycanın Ağdam rayonu işğal edildi. Ağdam ra­yo­­nuna erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan böl­­gədə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Baş Katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət etdi. Azər­bay­­can dövləti atəşin qəti şəkildə dayandırılması məqsədilə Er­mənistan Respublikasından hərbi əməliyyatlara son qoymağı, ha­­belə zəbt olunmuş Azərbaycan ərazilərindən işğalçı qüv­və­lə­­rin dərhal çıxarılmasını tələb etdi.

         Ağdamın işğalından sonra BMT Təhlükəsizlik Şu­­rasının iyulun 29-da keçirilən 3259-cu rəsmi iclasının gün­­dəliyində bir məsələ dururdu: “Dağlıq Qarabağda vəziyyət”. İc­­lasın başlanğıcında Təhlükəsizlik Şurasının sədri De­vid Henney Şura üzvlərinə məlumat verərək bildirdi ki, bu ic­­las Azərbaycan dövləti adından Təhlükəsizlik Şurasına gön­­dərilən və BMT-dəki daimi nümayəndəlik tərəfindən yayıl­mış məktubdakı təkidli xahişə müvafiq surətdə keçirilir.

Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağ­­dam rayonunun işğal edilməsi ilə bağlı 853 saylı qətnamə qə­bul etdi. Bu qətnamədə də Ermənistan Respublikası ilə Azər­baycan Respublikası arasında gərginliyin olduğu göstə­ri­lir; beynəlxalq sərhədlərin pozulmazlığı və əra­zi­lə­rin zor gücünə ələ keçirilməsinin yolverilməzliyi bir daha təs­diq olunur; hərbi əməliyyatların təxirə salınmadan da­yan­dırılması və münaqişədə iştirak edən işğalçı qüvvələrin Azər­baycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda  iş­ğal olunmuş bütün digər rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu.

Təəssüf ki, Baş Ka­­ti­bin, eləcə də Təhlükəsizlik Şurasının bölgədə yaran­mış vəziyyətə vaxtında qiymət verməməsi Ermənistanı daha da ruh­­landırdı. Bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azər­baycanın digər ərazilərinin işğal olunmasına gətirib çı­xardı.

         Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü­nün artdığı bir vaxtda beynəlxalq təşkilatlar və böyük döv­lət­lər hadisələrə çox ehtiyatla yanaşdılar. Hələ 853 saylı qət­na­mə qəbul edilməzdən əvvəl Ağdamın işğalı ilə bağlı Təhlükə­siz­lik Şurasında keçirilən məsləhətləşmələrdə Şuranın dai­mi üzvləri ABŞ, Fransa və Rusiya münaqişəyə Azərbaycanla Dağ­lıq Qarabağ arasında gedən münaqişə kimi baxırdılar. Hə­min ölkələrin nümayəndələri qətnamə qəbul edilərkən Ağdam və di­gər işğal olunmuş ərazilərə hücumu “Dağlıq Qarabağ ermə­ni­lə­rinin” hərəkəti kimi qiymətləndirdilər. Ermənistanı təca­vüz­kar dövlət kimi tanımadılar.

         Ümumiyyətlə, 1993-cü ilin yayında Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın di­gər yeni ərazilərini işğal etdi. Belə ki, avqust ayının  20-25-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonları,  avqustun 31-də isə Qubadlı rayonu Ermənistan si­lahlı qüvvələri tərəfindən zəbt olundu.

         1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası özü­nün 3292-ci iclasında Ermənistan-Azərbaycan münaqişə­si­nə dair 874 saylı qətnamə qəbul etdi. Bu qət­na­­mədə BMT  Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azər­bay­can ərazisi olduğunu təsdiq edirdi. Əvvəlkilərdə olduğu ki­mi, bu qətnamədə də, Ermənistan Respublikası ilə Azərbaycan Res­­publikası arasındakı münasibətlərdəki gərginliklə əla­qə­dar ciddi narahatlıq ifadə edilir; dövlətlərin suverenliyi, ərazi bü­töv­lüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə et­mək üçün qüvvə tətbiq olunmasının yolverilməzliyi bir daha təs­diq olunurdu. Lakin, cəzasız qaldığından istifadə edən Ermənistan Respub­li­ka­sı təcavüzkarlığını daha da genişləndirərək BMT Təhlükə­siz­­lik Şurasının 822, 853, 874 saylı qətnamələrinə məhəl qoy­ma­­yaraq Azərbaycanın digər yeni ərazilərini işğal etdi.

         1993-cü il oktyabrın 23-də Ermənistan Respublikasının silahlı qüvvələri atəşin dayandırılması haqqında razı­laş­ma­nı pozaraq Azərbaycan Respublikasının cənub-qərb rayonlarına güc­lü hücuma keçdi. Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azər­­bay­can Respublikasının Zəngilan rayonunu ələ keçirmək, bu­­nun­la da Azərbaycanın cənub-şərq hissəsinin tamamilə iş­ğal olun­masını başa çatdırmaq idi. Bu məqsədi həyata keçirmək üçün Zəngilan rayonuna hücumdan bir neçə gün əvvəl Ermənis­tan ordusu Azərbaycanın cənubunda mühüm kommunikasiya qovşa­ğı olan Horadiz qəsəbəsini tutmaqla Horadiz-Zəngilan sahə­sin­­də avtomobil və dəmir yollarını kəsmişdi.

         Beləliklə, Azərbaycanın 60 min nəfərdən artıq əhalisi olan Zəngilan rayonu mühasirəyə düşmüş və onun Azərbaycanın di­gər rayonları ilə əlaqəsi kəsilmişdi. Zəngilan rayonuna hü­cum zamanı erməni qüvvələrinin ön hissələri Azərbaycanın İran­la dövlət sərhəddinə bilavasitə yaxınlaşmış və sər­həd­din 70 kilometr uzunluğunda məsafəsini nəzarət altına almış­dı. Azərbaycanın onlarca yaşayış məntəqəsi Ermənistan Res­pub­likasının qoşunları tərəfindən işğal olundu.

         Azərbaycan dövləti Ermənistanın təcavüzkarlığının ge­­nişlənməsi ilə əlaqədar olaraq BMT Baş Katibinə, Təh­lü­kə­sizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq bir­li­yin diqqətini Ermənistan Respublikasının Azərbaycan Res­pub­likasına qarşı birbaşa təcavüz həyata keçirdiyinə cəlb et­di və təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə ça­ğır­dı.

         Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayo­nu­nun işğalı ilə əlaqədar Azərbaycan dövlətinin xahişi ilə BMT  Təhlükəsizlik Şurası özünün 3313-cü iclasında vəziyyəti müzakirə edərək 1993-cü il noyabrın 12-də 884 saylı qətnamə qəbul etdi.

         Bu qətnamədə də Təhlükəsizlik Şurası Azərbaycan Respubli­ka­sı­­nın Dağlıq Qarabağ regionunda və onun ətrafında müna­qişə­nin davam etməsindən və Ermənistan Respublikası ilə Azər­bay­can Respublikası arasında münasibətlərin gərgin olaraq qal­ma­­sından ciddi narahat olduğunu bildirilir; atəşkəsin pozulması nəticəsində hərbi əmə­liy­­yatların genişlənməsi, həddən artıq güc tətbiq edilməsi, o cüm­­lədən Azərbaycan Respublikasının Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı təşvişlə qeyd edilir; Azərbaycanın suverenliyi və əra­­zi bütövlüyü, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməz­li­yi bir daha təsdiq olunurdu. Nəticədə,  884 saylı qət­na­mə əvvəlki, yəni - 822, 853, 874 saylı qətnamələrin məzmununu bir daha təsdiqlədi

Ümumiyyətlə, 1993-cü il ərzində Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzkarlığının artması ilə əlaqədar BMT TŞ-nın və dünyanın aparıcı ölkələrinin qəbul etdikləri bütün sə­nədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. La­kin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük döv­lət­lər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına ra­zı­lıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdik­lə­ri  Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, müna­qi­şənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üs­tünlük verdilər.

         BMT TŞ-da aparılan müzakirələr zamanı və sənədlər qə­bul edilərkən Şuranın daimi üzvləri olan böyük dövlətlər Er­mənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsinin sə­bəblərinin, xarakterinin və məzmununun qiymətləndirilmə­si­­nə birmənalı yanaşmadılar. Qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qar­şı təcavüzü bu dövlətlərin böyük “səyləri” nəticəsində “Dağ­lıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi qiy­mətləndirildi.

         Ermənistanın Azərbaycana qarşı açıq-aşkar müharibə apararaq BMT üz­vü olan dövlətin ərazisinin ilhaqını davam etdirməsi nə­ti­cəsin­də, ölkəmizin ərazisinin 20 %-indən çox hissə­si Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Azər­baycanın işğal olunmuş ərazilərindən 1 milyon­dan çox əha­li öz torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış mən­təqəsi dağıdıldı, talan edildi və yandırıldı.

         Ermənistan özünün minimum proqramını həyata keçir­dik­dən, yəni Dağlıq Qarabağ regionunun bütün ərazisini işğal et­dikdən sonra onun sərhədləri boyunca “bufer zonası” ya­rat­ma­ğa başladı. Bu zona işğal edilmiş Dağlıq Qarabağ ətrafında yer­lə­şən Azərbaycan rayonlarını əhatə edir. Təcavüzün ge­di­şin­də Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarının de­mək olar ki, hamısı iki istiqamətdə: zəbt edilmiş Dağlıq Qa­ra­bağ regionundan və bilavasitə Ermənistan Respublikası əra­zi­sindən aparılan hücumlardan sonra işğal olunmuşdur. Nəti­cə­də, Azərbaycanın Ermənistanla dövlət sərhəddinin 70 %-in­dən çoxu və İran İslam Respublikası ilə sərhəddinin 160 ki­lo­metri işğalçı erməni qoşunlarının nəzarəti altına düşdü.

         Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qal­dırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səy­lər təəssüf ki, Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər vermədi. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respub­li­ka­sı­na qarşı Ermənistan Respublikasının təca­vü­zü faktının bir­başa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Res­pub­li­kası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prin­siplərini kobud şəkildə pozmasına baxmayaraq adı çəki­lən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahə­sin­də çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermə­nis­tan silahlı qüvvələrinin münaqişədə bi­la­vasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildi­rir­dilər. Halbuki BMT Təhlükəsizlik Şurasının məlum qət­na­mələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Er­mənistan Respublikasının münaqişədə bu və ya başqa for­ma­da iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bi­tərəf olmayıb, dolayı yolla olsa da hərbi təcavüzə rəvac ve­rib. Bu isə beynəlxalq cinayətdir və yuxarıda qeyd edildiyi ki­mi, BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu ses­si­ya­sında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilib.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər

Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabr aynıda BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə  çatdırmışdır.

1995-ci ilin oktyabrında  BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən  Baş Məclisinin  xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev  bu qurumun yüksək  kürsüsündən  dünya dövlətlərinə müraciət edərək, mövcud  qlobal problemlərə dair Azərbaycan dövlətinin  prinsipial  mövqeyini açıqlamış, xüsusilə  Ermənistanın təcavüzünün aradan qaldırılması ilə  bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün  və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin  cərəyan etdiyi dövrdə  üzvlərin arasında  qarşılıqlı anlaşılmazlıqların  meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsini qeyd edərək, mövcud BMT  mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında “həm bu günkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır”.

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif  etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış  edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini  bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha  çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin  yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.  

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin BMT üçün əsas olmasını vurğulayaraq, onların 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməməsini ədalətsizlik və ikili standartlar adlandırmışdır. Bu vəziyyətin dözülməz olduğunu vurğulayan Azərbaycan Prezidenti dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etmişdir: “Biz yaranmış bu vəziyyətlə barışa bilmərik.  Status-kvo bizi qane etmir. Status- kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

“Xalq qəzeti”

6 aprel  2010-cu il

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR