Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Heydər Əlİyev: Şuşasız Qarabağ, Qarabağsız İsə, Azərbaycan yoxdur

 Heydər Əliyev: Şuşasız Qarabağ, Qarabağsız isə, Azərbaycan yoxdur

 

Qarabağ xanlığı XVIII əsrin ortalarında Azərbaycan torpağında yaranmış on səkkiz xanlıqdan biri oldu. Xanlığın banisi Pənah Əli xan Cavanşir nəslindən idi. Pənah Əli xan Otuzikilər tayfasının başçısı, Cavanşir və Qazaxın 20 min həyətinin əmiri idi. O, özünü xan elan edərək, Qarabağ xanlığını düşmən basqınlarından müdafiə etmək üçün 1748-ci ildə Kəbirli  mahalında Bayat qalasını tikdirdi.

Pənah Əli xan Bayat qalasının strateji cəhətdən zəif olduğunu, orada qoşun saxlamağın çətinliyini nəzərə alıb yeni müdafiə qalası tikdirməyi qərara aldı və Ağdam yaxınlığında Şahbulağı adı ilə məşhur olan Tərnəküt qalasını inşa etdirdi. Az sonra o, xanlığın mərkəzini əlçatmaz yerə köçürdü və orada qala tikdirdi. Bu, Şuşa qalası idi.

Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.

Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A.A. Bakıxanov və F.B. Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.

1985-ci ildə nəşr edilmiş “Azərbaycanın səyyah və coğrafiyaşünasları” adlı kitabda göstərilir ki, XV əsrin Azərbaycan mütəfəkkir və şairlərindən olan Yusif Qarabağlı Şuşada anadan olmuşdur. Deməli, Şuşa hələ XV əsrdə də məşhur bir şəhər kimi tanınmışdır.

         Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli  mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter  isə yazır ki, “Şuşidə Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

Qədim Şuşa haqqında Azərbaycan SSR Elmlər Akademiyasının 1981-ci ildə nəşr olunmuş “məruzələri”nin 7-ci sayında dərc olunmuş Ə.B.Şükürzadənin “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.

Şuşa XVIII əsrin ikinci yarısında  Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuş, eləcə də Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sata bilmişdi.

Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.        .

Pənah Əli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

İran şahı Ağa Məhəmməd xan Qacar 1794-cü ildə İbrahimxəlil xandan itaət etməyi, bu məqsədlə oğlunu girov göndərməyi tələb etdi, ancaq rədd cavabı aldıqdan sonra o, Qarabağa 8 minlik qoşun göndərdi. Lakin Əskəran qalası yaxınlığında Ağa Məhəmməd xanın qoşunları məğlub olub geri çəkildilər. Elə həmin ildə Ağa Məhəmməd xan Qacar qoşun və silahının sayını on qat artırmağa məcbur oldu.

1795-ci ilin yayında Arazı keçib Qarabağ istiqamətində bütün ərazidə hərəkət edən İran qoşunlarının sayı 85 min nəfərdən artıq idi. Qarabağa hücum edən düşmən qoşunlarına qarşı xanlığın bütün əhalisi mübarizəyə qalxmışdı. Şuşa qalasında 15 minlik xalq qoşunu yaradılmış, şəhərin müdafiəsində nəinki, kişilər, hətta qadınlar da iştirak edirdilər. İran qoşunları Şuşanı almaq üçün xarici qüvvələrdən və dövrün ən güclü silahlarından istifadə edirdilər. Fransız zabitlərinin komandanlıq etdiyi düşmən topları Şuşanı üç gün atəşə tutdular. Lakin mərmilər şəhərin istehkamlarını dağıda bilmədi.

Ağa Məhəmməd xan qəti hücumla Şuşanı tutmağa bir neçə dəfə cəhd etmiş, lakin onun bütün hücumları böyük tələfata səbəb olmuş və dəf edilmişdi. Düşmən hücumları dəf edilərkən şəhər əhalisi qala divarları üstündən qalanı mühasirə edənlərin üzərinə daş və od yağdırırdılar. Şuşanın mühasirəsi 33 gün davam etmiş və bu müddət ərzində Ağa Məhəmməd xanın ordusu olduqca seyrəlmişdi. Onun demək olar ki, bütün topları sıradan çıxdığından, Ağa Məhəmməd xan bu alınmaz qalanın mühasirəsindən əl çəkmişdi.

XVIII əsrin II yarısında mürəkkəb daxili və beynəlxalq şəraitdə Qarabağ xanlığı öz suverenliyini saxlaya bilən Azərbaycan feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Azərbaycanın xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. Şuşanın qəhrəmancasına müdafiəsi, qala müdafiəçilərinin düşmən üzərinə hücumu, şəhərin alınmaz bir qalaya çevrilməsi, xanlığın yaradıcısı olan Pənah Əli xanın sələfi İbrahimxəlil xanın bacarıqlı dövlət xadimi olmaqla bərabər, həmçinin, böyük sərkərdə olmasına sübut idi.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə  möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə «Pənahabadi» adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran etmiş, onları vəcdə gətirmişdi.

Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: «Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş pilitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir».

XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1832-ci ildə şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: 42 ipək parça istehsal edən müəssisə; 28 pambıq parça toxuyan karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi.

 Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.

 Şuşanı kurort şəhərinə çevirmək ideyası da o illərə təsadüf edir. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Ürək-damar sisteminin, mədə və bağırsaqların fəaliyyətini tənzim edən bu suyun müxtəlif növlərindən istifadə olunmaq məqsədi ilə həmin yerdə müalicə otaqlarından, su vannalarından ibarət hamam da tikilmişdi. Şuşa sovet dövründə də ümumittifaq kurortu kimi tanınmış, bu cür müalicəvi suyun olduğunu eşidənlər yay aylarında Şuşaya gələrək müalicə olunurdular.

  Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Belə ki, bunu XIX əsrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir də təsdiqləyir: “Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda, ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir.”

            Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminli isə doğulduğu şəhərin təbiətini xatirələrinin birində belə təsvir edir:“Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş  bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir...                                                                     Şuşanın sərt təbiəti: qara buludlardan tökülən yumurta kimi doluları, ilan kimi göydə qıvrılaraq dəhşətli gurultu qoparan şimşəkləri, bir az sonra gözəl günəşi və bülbüllərin cəh-cəh vurması məndə dərin düşüncələr oyadır”. XX əsrdə xalq şairi Səməd Vurğun Şuşanın şərəfli tarixindən söz açarkən vurğulamışdır ki, “Şuşa təkcə öz füsunkar təbiəti ilə deyil, həm də poetik və musiqi mədəniyyəti ilə şöhrət qazanmışdır.”

  1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”

  Bundan əlavə “Qafqaz” qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.

 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə ("Andlı öhdəlik") görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə "Qarabağ əyaləti" yerində yaradılmış və Kaspi    ( Xəzər) vilayətinə daxil edilən "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etmişdir. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı, Xankəndi və Əskəran rayonu bütünlüklə Şuşa qəzasından alındı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndinə verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əskəran rayonu yaradılmışdır.

DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan "Stepanakert"ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı: Şuşanı respublikanın digər rayonları ilə birləşdirən rabitə xətləri Xankəndi qovşağından idarə olunurdu; Yevlax-Laçın qaz kəməri buradan keçirdi; Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı.

Bununla yanaşı,  sovet dövründə  SSRİ-nin digər respublikalarında yaşayan  ermənilərin DQMV-da qeydiyyata götürülməsi ilə  erməni əhalisinin sayı süni surətdə artırılmışdı.  Bütün bunların planlı şəkildə edilməsi və sonralar nə ilə nəticələnəcəyi 1988-ci ildən sonra bizə bəlli oldu. Beləliklə, on illərlə bundan qabaq DQMV-ın Azərbaycandan ayrılması üçün  hazırlıq görülür, separatçılıq hərəkatının bünövrəsi qoyulurdu. 1987-ci il noyabrın 18-də A.Ağanbekyan Parisdə çıxış edərək yaxın gələcəkdə Qarabağın Ermənistana veriləcəyinə əmin olduğunu bildirdi. Bu çıxış, 1988-ci ilin əvvəllərində Xankəndində başlanan mitinqlər üçün siqnal rolunu oynadı.

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

Nəticədə, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu–1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi .

 Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Dekabrın 2-nə keçən gecə əsasən rus hərbçilərinin idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək, oranı işğal etdi. Şuşadan isə əlavə kömək göndərmək qeyri-mümkün idi. Çünki, rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də, hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

  1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdü.

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq.

 Martın sonu-aprelin əvvələrindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər .

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi. Ermənilərin öz məlumatlarına görə isə  Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Beləliklə, ən müasir texnika hesabına 289 km² ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilmişdi. İşğal nəticəsində Şuşanın 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq baxçası yandırılmış və dağıdılmışdır.

İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri,  Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəmənlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.               

Şuşanın itirilməsi Azərbaycan üçün nə demək idi? Tarixə nəzər salsaq, Şuşanın nə qədər siyasi və hərbi-strateji əhəmiyyətə malik olmasının bir daha şahidi oluruq. İşğala qədər  tarix boyu  Şuşa  saf havası, füsunkar təbiəti və gözəlliyi ilə dünyanın müxtəlif şəhərləri  ilə müqayisə edilmiş, hətta bir çoxlarını geridə qoymuşdur. Çox təəsüf ki, qəhrəmanlıqdan, mərdlikdən xəbər verən uca  bürcləri, möhtəşəm qala divarları və üç tərəfdən qayalıqlarla əhatə edilmiş strateji əhəmiyyətli  müqəddəs şəhəri qoruya bilmədik. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.

Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və  Qarabağın tacı olan  Şuşa şəhəri  Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Artıq 18 ildir ki, təcavüzkar Ermənistan  münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Danışıqların gedişi konfidensial səciyyə daşısa da, dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır.

Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki,”Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Bununla yanaşı, Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini vurğulamışdır. Problemin sülh yolu ilə həll olunmasına ümidlərini itirməyən və bu səbəbdən münaqişənin nizama salınmasında dinc vasitələrə üstünlük verdiyini söyləyən Prezident İlham Əliyev bəyan etmişdir ki,“Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

 

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

“Xalq qəzeti”

 8,23 may 2010-cu il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR