Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycan-Türkİyə stratejİ tərəfdaşlığı yenİ mərhələdə

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı yeni mərhələdə

 

“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki,bu dostluğu, qardaşlığı gündən-günə möhkəmlədək və yüksəklərə qaldıraq”                                                                                                     

       Heydər Əliyev  

                         Ümummilli lider

 

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.

Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra həmin il noyabrın 9-da Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuş və 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin Azərbaycanda səfirliyi və Naxçıvanda Baş Konsulluğu açılmış, 1992-ci ilin avqust ayından Azərbaycanın Türkiyədə səfirliyi, 1993-cü ilin yanvar ayından İstanbulda, 2004-cü ilin aprelin 12-dən isə Qarsda Baş Konsulluqları fəaliyyət göstərir.

 Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir.

Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

Azərbaycan  Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü ilin fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı.

1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Bunun davamı olaraq, 1995-ci il aprelin 12-də Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Türkiyənin neft konsorsiumundakı 1,75%-lik payının Azərbaycan neft payının hesabına 6,75%-ə qədər artırılması haqqında müqavilənin imzalanması iki dövlət arasındakı münasibətlərin ən real göstəricisi olaraq həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir.

İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Belə ki, 1995-ci il dekabrın 7-9-da Türkiyə  Prezidenti S.Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanatda beynəlxalq əlaqələrdə BMT-nin rolunun gücləndirilməsinin, regiondakı münaqişənin aradan qaldırılmasının və qlobal problemlərin həlli yollarının araşdırılmasına daha fəal təsir göstərməsinin vacibliyi vurğulanmaqla yanaşı, bir daha Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbi öz əksini tapdı. Bundan əlavə, iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi.

1996-cı il aprelin 14-15-də Türkiyə Respublikasının Baş Naziri M.Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı “Azərbaycan-Türkiyə birgə bəyanatı” adlı sənəd imzalandı. Bununla yanaşı, 1996-cı il ərzində iki ölkə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə dairəsini daha da genişləndirdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirilən bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərdi. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən ümumilikdə 9 sənəd imzalandı.

Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diq     qət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
         Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə  cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürmüş və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etmişdir.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan “Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul bəyənnaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft startegiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.

Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı.

Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

2000-ci il iyulun 11-12-də Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı starteji əməkdaşlığın dərinləşməsinin hər iki ölkənin xarici siyasətində prioritet istiqamət olduğunu bir daha göstərdi. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il martın 12-17-də Türkiyəyə növbəti rəsmi səfəri zamanı Azərbaycanın təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər məsələlərə aid ümumilikdə 9 sənədin imzalanması qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin bariz nümunəsi idi.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək starteji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki dövlət arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı.

2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə Ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü.

2007-ci il noyabrın 6-8-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və ümumilikdə 5 mühüm sənədin imzalanması həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə qalxmasına zəmin yaratdı.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi.

Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və  həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı. Belə ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunun imzalanması ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni bir mərhələsi kimi qiymətləndirilir. Bu hadisə indiyə kimi iki qardaş dövlətin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində birgə göstərdikləri səylərin və əməkdaşlığın daha da genişlənməsinin göstəricisidir.

Türkiyəyə səfər çərçivəsində iyunun 8-də İstanbulda keçirilən və ətrafında 22 dövləti birləşdirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə başlamış və uğurla həyata keçirilən layihələrin olduqca geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını, eləcə də enerji təhlükəsizliyinə aid olan bu layihələrin hazırda bütün iştirakçılara fayda verən çox mühüm regional əməkdaşlıq nümunəsi olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Tarixi İpək Yolunun bərpasına töhfə verdiyini qeyd edərək, hazırda ölkəmizin iştirakı ilə həyata keçirilən və Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda yaşayan xalqlara rifah gətirəcəyini diqqətə çatdırdı.

Müasir dövrdə Azərbaycan və Türkiyə BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda da bir-birinə lazımi dəstək verirlər. Bu mənada, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı həm keçirdiyi görüşlərdə, həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısında çıxışında Aralıq dənizində son günlərdə baş vermiş hadisəni – Türkiyə gəmisinə İsrail hərbçilərinin hücumunu pisləmiş və bu zaman insanların qətlə yetirilməsi ilə əlaqədar başsağlığı vermiş və Azərbaycanın bu məsələyə münasibətdə Türkiyə ilə həmrəy olduğunu bəyan etmişdir. Eyni zamanda, İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verən dövlət başçısı qeyd etmişdir ki, “... Biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk”. Ölkəmizin bu mövqeyinin birmənalı və qəti olduğunu bildirən cənab Prezident İlham Əliyev bunun bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslandığını söyləməklə yanaşı, bu çətin anlarda dostların, əsl dostların öz mövqeyini bildirməsini vacib saymışdır. Bununla yanaşı, dövlət başçısı eyni münasibəti    Türkiyədən    gördüyümüzü    vurğulamaqla   qeyd    etmişdir    ki, 

“... Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər həmişə Türkiyə bizim yanımızda olubdur, həmişə bizə ən böyük dəstəyi Türkiyə veribdir. Bu gün də bu, belədir”.        

Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə etmişdir. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də mətbuat və kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir.

Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə Azərbaycan ərazilərinin işğalı və xalqımıza qarşı edilən təcavüz aktları Türkiyədə böyük həyəcanla qarşılanırdı. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının Xocalıya hücum etməsi və orada 1000-dək azərbaycanlının qətlə yetirilməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağdakı gərginliyin daha da artmasına səbəb olan bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması haqqında yekdilliklə qərar qəbul edildi. Bundan əlavə, sonrakı illərdə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatırılmasında Türkiyə ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin mühüm rolu təqdirəlayiqdir.

1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə xarici işlər nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasının çağrılmasını da xahiş etmişdir. 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Türkiyənin BMT-dəki daimi nümayəndəsi Mustafa Akşin bildirmişdi ki, “Türkiyə Azərbaycanın hər hansı bir güc tərəfindən işğalına heç vaxt biganə qalmayacaqdır”. O zaman Türkiyə Respublikasının Prezidenti Turqut Özal Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb etmiş və Türkiyə dövləti bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhəddini bağlamışdır.

Bununla yanaşı, Türkiyə tərəfi münaqişəni nizama salmaq üçün, ilk növbədə atəşin dayandırılmasına nail olmağın vacibliyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını təkid etmiş və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etmişdir.

Türkiyə 1992-ci ilin martında yaradılan ATƏM-in Minsk qrupunun üzvü kimi münaqişənin dinc vasitələrlə nizama salınmasına dair keçirilən danışıqlarda müntəzəm olaraq iştirak edir. 1995-ci ilin iyul ayında Türkiyə Prezidenti münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqlarda iştirak etmək üçün özünün ATƏT-in Minsk qrupundakı nümayəndəsinə xüsusi səlahiyytli səfir statusu vermişdir.

 Regionda baş verən son hadisələr, xüsusilə 2009-cu ilin əvvəllərində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqqında məlumatlar yayıldıqdan sonra, bu məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar prosesinə də öz təsirini göstərdi.Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, xüsusilə sərhədlərin açılması məsələsi Dağlıq Qarabağ məsələsi ilə paralel nizama salınmalıdır. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının əsas və tək səbəbi Kəlbəcər rayonunun işğal altına düşməsi olmuş və 1993-cü ilin aprel ayından sərhədlər bağlanmışdır. Lakin Türkiyə ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı heç bir maddənin olmadığı məlum oldu. Bundan əlavə, Ermənistanın Türkiyəyə qarşı dövlət səviyyəsində soyqırım və ərazi iddialarının qüvvədə qalması aradan qalxmadan Türkiyənin Ermənistanla sərhədlərini açması həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına uyğun gəlmir.

Bu səbəbdən Azərbaycan dövləti bu işğala son qoyulmadan, yəni Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmayana qədər Türkiyənin Ermənistanla sərhədlərini açmasını məqbul hesab etmir. Ona görə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfini yenə də vaxt uzatmaq taktikasını tətbiq etməyə imkan yaradır. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev açıq şəkildə bildirdi ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər. Bu problemlərin, yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması proseslərinin paralel olaraq həll edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Azərbaycanın bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəcəyini vurğulayaraq, qeyd etdi ki, “Bu vəziyyətin yaranmasının əsas səbəbkarı Ermənistan rəhbərliyinin özüdür”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyətli mövqeyini aydın şəkildə bildirərək qeyd etdi ki, “Bu proseslər arasında rəsmi olmasa da, qeyri-rəsmi bağlantı vardır. Bu bağlantı saxlanılmalıdır və iki məsələ paralel şəkildə eyni zamanda həll olunmalıdır. Əks təqdirdə bölgədə status-kvo mənfi tərəfə dəyişə bilər”.

2009-cu il oktyabrın 10-da Surixdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını özündə əks etdirən protokolların imzalanmasından sonra isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmən bəyan etdiyi sözlər qardaş dövlətin Azərbaycanın milli maraqlarına zidd olacaq qərar qəbul etməyəcəyinə olan inamı daha da artırdı:“Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını azad etməsə, protokolların parlamentdə təsdiqlənməsi mümkün olmayacaq”. Türkiyənin dövlət rəsmiləri də Azərbaycanla münasibətləri yüksək qiymətləndirərək bəyan etmişlər ki, “Azərbaycan strateji ortağımızdır və qardaş ölkənin milli maraqlarına zidd olaraq hər hansı bir addım atmayacağıq”.

         2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin qətiyyətli addımlarının  davam etdiriləcəyini bildirərək qeyd etmişdir ki,  “Azərbaycanın bu probleminə qardaş Türkiyənin əhəmiyyət verməməsi mümkün deyildir.”            

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq  Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökümət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək  qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.

Baş nazir Rəcəb Tayyip Ərdoğanın Azərbaycana son səfəri çərçivəsində keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə-Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir.

  Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir.  Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda  Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR