Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstanın- Azərbaycan, Dağlıq Qarabağ münaqİşəsİnİn beynəlxalq-hüquqİ aspektlərİ

                                                                                  “Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər”. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 Tarixi faktlar göstərir ki, strateji baxımdan mühim əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

     Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan deportasiya etmişdir.

   XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri  Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.

  Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

 1988-ci il sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.

1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar olaraq və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı.

Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. Belə ki, o dövrdə SSRİ Plan Komitəsinin Hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublika kimi əlahiddə göstərilirdi.

  Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin  fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.

Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi.  Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü.

Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylandı.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki, Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Beləliklə, ən müasir texnika hesabına 289 km² ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.

Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasında yerləşən  qədim Azərbaycan şəhəri  Laçını  da zəbt etdilər. Nəticədə, 1385 km² ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.

 Belə­lik­­lə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaş­dır­maq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgə­si­ni Ermənis­tan­­­­la birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçı­nın işğalı müha­ri­bənin Dağlıq Qarabağ hüdudlarından çıx­dı­­ğını və Ermənistanın hər­bi işğalçılıq niyyətinin böyük ol­­­­­duğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlan­dır­dı­­ğı bu yol ilə Dağ­­lıq Qarabağa külli miqdarda silah, döyüş sur­sa­tı və hərbi qüvvə gəti­ril­di.

 Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağ­­lıq Qarabağ böl­­gə­­sinin (4,4 min km²)  hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan si­lah­lı qüv­və­lə­ri tə­rə­findən işğal edil­di. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan  çox   əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaç­qın vəziy­yə­­tinə düş­məsinə gətirib çıxartdı. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi dağıdılmış, talan edil­miş və yandırılmışdır. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min km²) his­sə­si Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür .

         Ermənistanın ölkəmizə qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təş­ki­latın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məq­sədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yö­nəl­miş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər hə­ya­ta keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq et­məni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər ara­sında baş verə biləcək hər cür mübahisələri ancaq dinc va­si­tələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).

         Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış döv­lət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təh­lükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliy­yəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bi­rində göstərilən faktın olması kifayət edir ki, Təh­lü­kə­siz­lik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fə­sil­lə­rinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məc­lisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qət­namə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlü­kə­sizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün tə­cavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

         1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX ses­siyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq tə­cavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona bey­nəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətna­mə­də təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

         1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən di­gər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müs­tə­qilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizam­na­məsinə ziddir və təcavüzkarlıq hesab olunur.

         2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini po­zaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz ak­tına sübutdur.

         3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin di­gər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud mü­vəq­qəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hər­bi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir döv­lətin silahlı qüvvələri tərəfindən digər dövlətin əra­zi­si­nin bombardman edilməsi ..; v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muz­dluların göndərilməsi və s. təcavüz aktı kimi qiymət­lən­di­rilir.

         Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siya­si, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazan­dı­­ra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa  qarşı ci­­nayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət da­şı­­malıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və ya­xud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.

Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkət­lə­ri­dir.

Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddaratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

 Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 otkyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Buna baxmayaraq Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq er­mə­­ni­lər öz müqəddəratını təyin etmə hüququndan hələ XX əsrin əv­vəl­lə­rində ən yüksək səviyyədə istifadə edərək özlərinin müs­tə­qil dövlətini – Ermənistan Respublikasını  yaratmış­lar. Dövlət  başçısı İlham Əliyev öz çıxılarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarından İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

Dağ­lıq Qarabağ bölgəsinin er­mə­ni­ləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan  milli azlıqlardan biridirlər. Bey­nəl­­xalq hüquq nor­ma­la­rına görə milli azlıqlar öz müqəddə­rat­la­­rını təyin edə bi­lər­lər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müs­təqil dövlətin ərazisində yaşayan milli az­­lıqların belə hü­­quq­ları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz mü­qəddəratını tə­yin etmə hüqu­qu­nu bəhanə etməsi bey­nəl­xalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozul­ma­sı deməkdir.

Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan etmişdir.        

Bundan əlavə, Ermənistan münaqişənin nizama salınması üçün  aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə və hüquqa uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd etmişdir ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı. 

Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir. NATO-nun 1994-cü il Brüsseldə, 2006-cı ildə Riqada, 2008-ci ildə Buxarestdə, 2009-u ildə Strasburq və Kehldə keçirilən Zirvə toplantılarında olduğu kimi, 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən Yekun Bəyannamənin 35-ci maddəsində də NATO Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyni tanıdığını bir daha təsdiq etməklə yanaşı, sənəddə Alyansın Cənubi Qafqaz və Moldovada münaqişələrin hələ də davam etməsindən narahat olduğu bildirilir və bütün tərəfləri bu məsələlərdə konstruktivlik, eləcə də siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə, hazırda gedən danışıqlara hörmətlə yanaşmaqla, bütün tərəflərdən regional sabitliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırılır.  

Azərbaycan Prezidenti münaqişənin siyasi və hüquqi tərəflərindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın xeyrinə olduğunu və bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etməyin mümkün olmadığını bəyan etmişdir. Ermənistanın kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan bir dövlət olduğunu bildirən dövlət başçısı İlham Əliyev Azərbaycanın çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq”.

Torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsinin 2 milyard dollardan bir az çox olduğunu və Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifənin artıq həll olunduğunu bəyan edən Azərbaycan Prezidenti Ermənistanda əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü vurğulayaraq demoqrafiya məsələsini də unutmamağı xatırlatmışdır. Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilməklə yanaşı, müstəqillik dövründə ölkədəki əhalinin 1,5  milyondan çoxu (ümumi əhalinin 40%-i) aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam edir.

Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev noyabrın 7-də Milli qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində çıxışında bir daha bəyan etmişdir ki, “Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq.  Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi vardır. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir”.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını bildirməklə  yanaşı, dövlət başçısı İlham Əliyev vurğulamışdır: “Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır”.  

Dövlət başçısı dekabrın 1-də ATƏT-in Astana sammitindəki son çıxışında Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa edərək, işğalçı dövlətin aparılan sülh prosesini  mənasız etməyə çalışdığını bildirmişdir.

Belə ki, Azərbaycan Prezident bəyan etmişdir ki, Ermənistanın danışıqlar prosesindəki davranışı bu dövlətin sülh istəmədiyini, işğal edilmiş əraziləri azad etmək fikrində olmadığını və bacardığı qədər status-kvonu saxlayaraq danışıqlar prosesini müddətsiz etməyi arzuladığını göstərir.

Dövlət başçısı cənab İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq həll olunmasına hazır olduğunu bir daha vurğulamışdır.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

 

“Xalq qəzeti”

 7 dekabr 2010-cu il

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR