Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycanın Avropa Şurası İlə əməkdaşlığı yüksələn xətt üzrə İnkİşaf edİr

                                                                           Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

  Azərbaycanın  Avropa Şurası ilə əməkdaşlığı

yüksələn xətt üzrə inkişaf edir

 

“Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

           Heydər Əliyev  

                           Ümummilli lider

 

Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçil 1946-cı ildə Sürixdə etdiyi bir çıxışda Avropa Şurası yaratmaq fikrini irəli sürmüşdür. 1949-cu ilin yanvarında hökumət və parlament orqanının olacağı nəzərdə tutulan Avropa Şurasının yaradılması qərara alındı. Təşkilatın funksiya və strukturuna dair ətraflı qərar hazırlanması üçün 1949-cu ilin mart ayında Londonda Brüssel Paktına daxil olan ölkələr (Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq), eləcə də Danimarka, İtaliya, İrlandiya, Norveç və İsveç səfirlərinin iştirakı ilə keçirilən müşavirədə Avropa Şurasının Nizamnaməsi hazırlandı. 1949-cu il may ayının 5-də adı çəkilən ölkələrin xarici işlər nazirləri Nizamnaməni imzaladılar və bu səbəbdən hər il 5 may Avropa Şurasının yaradılması günü kimi qeyd olunur.

Avropa Şurasının məqsədləri üzv dövlətlərin ideya və prinsiplərinin müdafiə və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq; Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək etmək; plüralist demokratiya və insan hüquqlarının müdafiəsi; vahid mədəniyyətin formalaşması üçün Avropa özünüdərkini möhkəmləndirmək və inkişaf etdirmək; üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etmək; XXI yüzillikdə meydana çıxa bilən problemlərin həlli yollarının axtarılması; təşkilatın fəaliyyətini demokratik və təhlükəsiz Avropa yaratmaq prosesində iştirak edən başqa institutların işi ilə sıx əlaqələndirmək və s. ibarətdir. Hərbi məsələlər Avropa Şurasının səlahiyyətlərinə aid edilmir.

Hazırda 47 dövləti özündə birləşdirən Avropa Şurası hüquqi statusuna görə regional beynəlxalq təşkilatdır. Belə ki, təşkilat eyni region dövlətləri tərəfindən beynəlxalq saziş əsasında yaradılmış və qurumun fəaliyyəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğundur.

  Avropa strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də məhz Avropa Şurasıdır.

  Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ona “xü­susi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şu­rasına rəsmi müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təş­­kilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım ol­maq­la bərabər Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və hu­ma­­nitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məq­­sədi daşıyırdı. Avropa Şurası ilə əlaqələr yaradıldıqdan son­­ra bu təşkilat Azərbaycanda baş verən hadisələrə, o cüm­lə­dən Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini bildirdi.

         Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzvü olmayan Av­ropa ölkələri ilə əlaqələr Komitəsi 1992-ci il fevralın 5-də Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi. Bəyanatda de­yi­lir­di ki, Komitə Dağlıq Qarabağda vəziyyətin pisləşməsi ilə əla­qədar atəşin dayandırılması məqsədilə Ermə­nis­tan və Azər­baycan tərəfinə müraciət edərək hər iki maraqlı tərəfi mü­na­qişənin sülh yolu ilə həll edilməsinə çağırır. Sənəddə Azər­bayca­nın mənafeyinə zidd olaraq BMT Təhlükəsizlik Şu­ra­sından Ermənistanın tələbi ilə Dağlıq Qarabağa BMT qüvvə­lə­rinin gətirilməsi xahiş olunurdu. 

         1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi.

Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlıq məq­­sədilə 1994-cü il iyulun 4-dən 11-dək Strasburqda Dağlıq Qa­ra­bağla əlaqədar keçirilən görüşdə iştirak edən Azərbaycan nümayəndə heyə­ti Ermə­nis­­tanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı hər­­bi təcavüzkarlığını, onun nəticələrini və bu münaqişədə Azər­­baycanın mövqeyini açıqladı.

Bundan sonra, 1994-cü il no­yab­­rın 14-17-də Avropa Şurası Parlament Assambleyası təş­ki­­lata üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin səd­­ri Devid Atkinson  başda olmaqla nümayəndə heyəti Azər­bay­­canda səfərdə olmuş və səfər zamanı respublika rəhbərliyi ilə görüşündə bu təşkilatla Azər­bay­ca­­nın münasibətləri, o cümlədən ölkəmizin “xü­susi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciəti, Ermənistanın təcavüzkarlığına son qo­yul­­ması və münaqişənin dinc vasitələrlə həlli məsələləri müzakirə olundu.

         1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasında yaranmış əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, eləcə də Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

         1996-cı ilin iyunun 2-6-da Avropa Şurasının Parlament Assambleyasının təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Jak Setlenjin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı dövlət başçısı Heydər Əliyevlə görüşündə Azərbaycanın Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyun 26-28-də AŞ PA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq”statusunun verilməsi barədə qərar qəbul etdi. Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞ PA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” Sərəncamı Avropa Şurası ilə ölkəmizin sonrakı illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir.

1996-cı il iyulun 13-də dövlət başçısı Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək ölkəmizin bu təşkilata tamhüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

Bundan sonra, 1997-ci il aprelin 22-də Avropa Şurası Par­­lament Assambleyası Zaqafqaziyada münaqişələrə dair 1119 say­lı qətnamə qəbul etdi. Qətnamənin Dağlıq Qa­rabağa dair olan hissəsində deyilirdi ki, Assambleya mü­na­qi­şə­nin dinc yolla nizama salınmasına nail olmaqla,  işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və köçkünlərin geri qayıtmasına çağırır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü və münaqişənin nizama salınmasına dair ATƏT-in Lissabon Zirvə görüşünün prinsipləri təsdiq edilirdi.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il oktyabrın 10-da Strasburqda keçirilən 2-ci Zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı və orada təşkilatın yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Şurası ilə əlaqələri barədə ətraflı danışıqlar aparmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərəncam ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi istiqamətində respublikada görülən işlər və  Avropa Şurası ilə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

2000-ci il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Sərəncam imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına dair imzaladığı sərəncamlar respublikamızın bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətə zəmin yaratdı.

Avropa Şurasının Siyasi Komitəsi 2000-ci il martın 23-də Azərbaycan Milli Məclisinə ölkəmiz təşkilata tamhüquqlu qəbul edildikdən sonra yerinə yetirməli olacağı öhdəliklərin siyahısına göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Daha sonra mart ayının 27-28-də Milli Məclisdə imzalanmış öhdəliklərin siyahısı və Azərbaycanın Avropa Şurasının 8 konvensiyasına qoşulması barədə dövlət başçısının imzaladığı müqavilələr Avropa Şurasının Baş katibinə təqdim olundu.

Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Starsburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

         Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Dovlət başçısı Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı  Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

         2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi plenar sessiyada dövlətçilik maraqları baxımından, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər: 9 ölkə və AŞ PA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar" adlı sənəd AŞ PA-nın rəsmi sənədləri qismində yayılmışdır.          Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetrilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır.

         2001-ci il iyunun 25-29-da AŞ PA-nın növbəti plenar sessiyası zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd AŞ PA-nın rəsmi sənədləri kimi yayılmışdır. "Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət" adlı birinci sənəddə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyətin düşünülmüş şəkildə korlanması məsələsi, "Azərbaycanın mədəni irsinin qəsb olunması və dağılması" adlı ikinci sənəddə isə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən mədəni abidə və sərvətlərin dağıdılması məsələsi Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

         Bundan əlavə, AŞ PA-nın 2001-ci il sentyabrın 24-28-də keçirilən plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı digər mühüm sənəd yayılmışdır. Qəbul edilən sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanı ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmasının zəruriliyi qeyd edilirdi.

         Cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış və Nazirlər Komitəsinə ünvanlanmış “Azərbaycnın ərazi bütövlyünün Ermənistan tərəfindən tanınması” yazılı sənəd 43 ölkənin nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarıldı. Ermənistan və ona dəstək verən bəzi qüvvələrin qərarın qəbul olunmasına maneçilik törətməsinə baxmayaraq, Nazirlər Komitəsi yeddi bənddən ibarət qərar qəbul etdi. Sənəddə qeyd edilirdi ki, Nazirlər bütün Avropada beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərə, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə, eləcə də BMT Nizamnaməsində, ATƏM-in Helsinki Yekun Aktında və digər müvafiq mətnlərdə əks olunmuş beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə dəstəklərini bir daha təsdiq edirlər.     

         Parlamet nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev özünün məntiqi çıxışları, konkret təklifləri ilə bu nüfuzlu beynəlxalq təşkilatda tez bir zamanda diqqəti cəlb etmiş və Azərbaycanın nüfuzunu daha da qaldırmışdır. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə bu qurumun kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonunun işğal olunduğunu, işğal edilmiş ərazilərin terrorizm və narkotik maddələrin tranzitinə çevrildiyini bəyan etmişdir. Avropa Şurasının sənədlərində Ermənistan təcavüzkar dövlət kimi tanınmış, işğalçı qoşunların dərhal  Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdir. Söylənilən bu faktlar AŞ PA-nın sənədlərində öz əksini tapmışdır.

         Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi.

Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazmış oldu.

         2004-cü il aprelin 29-da AŞ PA-nın növbəti yaz sessiyasında artıq Azərbaycan Prezidenti kimi iştirak edən cənab İlham Əliyevin Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxışı böyük rezonansa səbəb oldu və Avropa ictimaiyyətində bu münaqişə haqqında geniş təsəvvür yaratdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında geniş məlumat verən dövlət başçısı özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "... Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin-Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin-Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik”.

         Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ərazi iddiaları və təcavüzkarlıq siyasətinin ifşası istiqamətində faktlara əsaslanan çox məzmunlu çıxışı Azərbaycan diplomatiyasının növbəti uğurlu addımı kimi qiymətləndirilməlidir.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci il mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında təşkilata üzv ölkələrin təhlükəsizliyi sahəsində mühüm işlərin görülməsinin vacibliyini bildirərək, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənubi Qafqazın Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev bu regionda sülhün və təhlükəsizliyin bərqərar olması və əməkdaşlığın inkişafı üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini bildirərək qeyd etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

Ümumiyyətlə, ölkəmizin qanunverici orqanı olan  Milli Məclisin AŞ PA-dakı nümayəndə heyəti Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında eləcə də, Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi və inkişafında mühüm rol oynamışdır. Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti tərəfindən onlarla sənəd hazırlanmış və şuranın rəsmi sənədləri kimi yayılmışdır. Belə ki, “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında”, “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Ermənistanda və Dağlıq Qarabağda olan hərbi əsirlər və girovlar haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət haqqında”, “Azərbaycanın mədəni irsinin qəsb olunması və dağıdılması”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycanda qaçqın qadın və uşaqların humanitar vəziyyətinə dair” və s. mühüm əhəmiyyət kəsb edən sənədlər 2001-2003-cü illər ərzində, yəni cənab İlham Əliyevin parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə və eləcə də, sonrakı dövrdə Avropa Şurasının Parlament Assambleyasında qəbul edilmişdir.

         Azərbaycan Respublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞ PA-da münaqişə haqqında obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun hazırladığı və AŞ PA-da müzakirəyə çıxarılan “ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi” adlı məruzəsi qətnamə və tövsiyə adlanan iki hissədən ibarət idi.

Məruzənin 1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyi göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, Avropa Şurasının üzvü olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu bir daha təsdiqləyirdi. Eyni zamanda, Assambleya BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməyə, eləcə də erməni silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərinə çıxarılmasına çağırırdı. Bu tələblər AŞ PA-nın 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.

AŞ PA-da qəbul olunan bu qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt komitə yaradıldı və Böyük Britaniyadan olan deputat lord Rassel Conston bu komitənin ilk rəhbəri seçildi. 2006-cı il yanvarın 9-da Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ problemi üzrə Alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında lord Rassel Constonun hazırladığı yeni hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı.

 Bu komitənin yaradılmasına Ermənistan tərəfi öz etirazını bildirsə də, lakin komitəyə sədrlik edən lord Rassel Consonun dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ məsələsi daim diqqətdə saxlanılmış, işğal olunmuş ərazilərdəki real vəziyyətlə bağlı mütəmadi olaraq hesabatlar hazırlanaraq Assambleya üzvlərinin diqqətinə çatdırılmışdır. Lord Rassel Constonun 2009-cu ilin yayında vəfatından sonra, Alt komitə fəaliyyətini faktiki olaraq dayandırmışdır. Lakin 2010-cu ildə AŞ PA-nın yay sessiyasında qurumun prezidenti Mövlud Çavuşoğlu Dağlıq Qarabağa dair Alt komitənin fəaliyyətinin yenidən bərpa olunacağını bəyan etmişdir.       

Avropa Şurasının rəsmi sənədlərində Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktı dəfələrlə qeyd edilmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar bir beynəlxalq təşkilat kimi Avropa Şurası da müntəzəm olaraq öz mövqeyini bildirmişdir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “parlament seçkiləri” ilə əlaqədar  2010-cu il mayın 26-da Strasburqda bəyanat vermişdir. Bəyanatda, Nazirlər Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini tamamilə dəstəklədiyini bildirmiş və  “seçkilərin” beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını bəyan etmişdir.

Bununla yanaşı, sənəddə Nazirlər Komitəsi bütün partiyaları, o cümlədən Avropa Şurasına üzvlüyə qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qurum qarşısında öhdəlik götürmüş Ermənistan və Azərbaycanı münaqişənin həllini tapmaq yolunda səylərini əsirgəməməyə çağırmışdır.

Ümumiyyətlə, Azərbaycanın Avropa Şurası ilə  diplomatik münasibətləri son illər yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edərək müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır. Eləcə də, Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və buna adekvat münasibət bildirilir.

Azərbaycanın Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif sahələrdə bir sıra tədbirlərin keçirilməsi də bu təşkilatla əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyinə sübutdur. Buna misal olaraq 2008-ci il dekabrın 2-də Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransda 48 dövlətin və 10 beynəlxalq təşkilatın başçısının iştirakı çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, Avropa və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə yeni əməkdaşlıq prosesinin əsası qoyuldu.

 Tədbirdə iştirak edən dövlət başçısı  cənab İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verdiyini bildirmişdir: “Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar”.

Azərbaycan hökumətinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən bu konfransda Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir. 

Ölkəmizin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər kontekstində əməkdaşlığına gəldikdə isə, Azərbaycan Parlamenti 31 maddədən ibarət Avropa Sosial Xartiyasının 18 maddəsini artıq Avropa Şurasına üzv olduqdan 3 il sonra ratifikasiya etmişdir. Belə ki, Azərbaycan hökuməti 2004-cü il yanvarın 6-da Avropa Sosial Xartiyasına qoşulmuşdur. Əsas məzmunu üzv ölkələrin əhalisinin sosial hüquqlarını müəyyənləşdirən Xartiyada əmək və sosial məsələlərlə bağlı ümumilikdə 31 hüquq öz əksini tapmışdır. Bundan əlavə, ölkəmiz Avropa Şurasının 55 konvensiyası və 8 hissəvi sazişinə də qoşulmuşdur. Onu da qeyd etmək vacibdir ki, təşkilata üzv qəbul olduqdan sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı da yaradılmışdır.  

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına daxil olarkən bildirdiyi “Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır” sözləri artıq reallığa çevrilmişdir.Avropa Şurasında bu günə qədər əldə edilmiş uğurlar və Azərbaycanın Avropa inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi, ölkəmizin Avropaya inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından əhəmiyyətli olduğu üçün bu sahədə fəaliyyət Azərbaycan dövlətinin xarici siyasət prioritetlərindən biridir. Hazırda Azərbaycan Respublikası Avropa Şurasının insan höquqlarının qorunması, demokratik  prpseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərmək, beynəlxalq öhdəliklərə vicdanla əməl etmək kimi prinsiplərini rəhbər tutaraq, bu təşkilatla əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etdirir.

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR