Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstanın etnİk təmİzləmə, soyqırımı və İşğalçılıq sİyasətİnİn nətİcələrİ

  Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Ermənistanın etnik təmizləmə, soyqırımı və

işğalçılıq siyasətinin nəticələri

 

“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Heydər Əliyev

Ümummilli lider

 

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda  azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq,  öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.

Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.

Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.

Belə ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiasında olan Ermənistan parlamentinin gizli göstərişinə əsasən, iki həftə ərzində, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur.

Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan si­lah­lı qüv­və­lə­ri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağ­­lıq Qarabağ böl­­gə­­sinin (4,4 min km²) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan  çox   əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaç­qın vəziy­yə­­tinə düş­məsinə gətirib çıxartdı.

 Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox his­sə­si Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.  İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır.  Bundan əlavə,  927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv edilmişdir.  

Hərbi təcavüz respublikanın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km. su və 15 min km. elektrik xəttinin dağıdılmasma səbəb olmuşdur.

Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisadiyyatına təxminən 60 mld. ABŞ dollarından çox ziyan dəymişdir.

Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur.   Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri bu qanlı faciə bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Planlı şəkildə həyata keçirilən bu soqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskənini yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə malik olan ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox  əhalisi olan Xocalı (ərazisi: 0,94 kv. km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki, Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi.Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.

Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya elektrik enerjisi də kəsilmişdi.

Beləliklə, artıq Xocalının  Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş,  yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində  olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər.

Belə ki, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu–1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

 Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.

 Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.

1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi.1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

1991-ci ilin oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.  Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki, fevral ayının birinci ongünlüyündə Şuşanın Malıbəyli və Quşçular, eləcə də Dağlıq Qarabağdan kənarda yerləşən Kəlbəcərin Ağdaban kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Xankəndində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi.

Fevralın 13-dən 17-dək isə, ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri yandırmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını,  180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.  Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini  yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.

Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə müdafiə qabiliyyəti zəif olan bir şəhəri  müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı mühasirədə qalmış şəhərin  3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək göstərilə bilinməməsi səbəbindən həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.

İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də  366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Hətta,  Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbiçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla subut edən Rüsiyanın «Memorial» Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır. 

Bununla yanaşı erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də öz əksini tapmışdır.

Ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında hadisə haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.

Bundan əlavə, Fransanın “Le Mond” qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqinda deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

Ermənilərin tərətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. Insanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

         Bundan əlavə, İngiltərənin “Faynenşl Tayms” qəzeti  1992-ci il 14 mart tarixli sayında rus ordusunun türkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Lakin, 1992-ci il martın 2-də Xocalı soyqırımında izləri itirmək üçün ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylanmışdır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.   

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi  istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu,  xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.  Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.

Bundan əlavə, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı – uşaqların gözü ilə” adlı sərgi nümayiş etdirilmiş, eləcə də erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.  

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə  artıq dünyanın 100-dən çox nöqtəsində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir.

Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Artıq Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir.

2010-cu il yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət” beynəlxalq Kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də  öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən   Xocalı facıəsini  "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.

Bu, uğurlu kampaniya başlanandan az sonra İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005-ci ilin fevralında və 2006-cı il fevralın 23-də və 2007-ci ilin fevralında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur.

 2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinn Nümayəndələr Palatasında anılmışdır. Bu il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri və aksiyalar keçirələcəkdir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almaqdadır.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz  bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun  başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır.

Dövlət başçısı  İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında Xocalı soyqırımının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu bildirərək demişdir: “Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”.

 

 

“Xalq qəzeti”,

 

26 fevral 2011-ci il.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR