Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Heydər Əlİyevİn xarİcİ sİyasət kursu və Azərbaycanın dİplomatİk uğurları

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Heydər Əliyevin xarici siyasət kursu və Azərbaycanın

diplomatik uğurları

 

                                                                                               “Bu gun biz Heydər Əliyev siyasətinə sadiq qalaraq

bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev

 siyasətinin təntənəsini görürük,onun fiziki yoxluğu

 şəraitində bu siyasət  yaşayır və yaşayacaqdır”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

         Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi  ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

         Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.  Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümumilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və  təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Həmin vəzifələrdən biri və  ən əsası  Azərbaycanı beynəlxalq aləmdəki  təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq  işini dünya ictimaiyyətinə olduğu kimi  çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını  yarmaqdan ibarət idi. Ona görə də  yeni xarici siyasət xətti üçün hər şeydən  əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi.  Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttini ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

 Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

         Ümummilli  lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və  böyük ustalıqla gəlmək  bacarığı nümayiş  etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

         Bu baxımdan  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdidi.

  Ümumilli lider Heylər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə  iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin  problemlərini dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin  bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də  əlverişli şərait yaramışdır.

   Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.

  Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

         Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı  Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

Cənab İlham Əliyev özünün məntiqi çıxışları, konkret təklifləri ilə bu nüfuzlu beynəlxalq təşkilatda tez bir zamanda diqqəti cəlb etmiş və Azərbaycanın nüfuzunu daha da qaldırmışdır. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə bu qurumun kürsüsündən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonunun işğal olunduğunu, işğal edilmiş ərazilərin terrorizm və narkotik maddələrin tranzitinə çevrildiyini bəyan etmişdir. Avropa Şurasının sənədlərində Ermənistan təcavüzkar dövlət kimi tanınmış, işğalçı qoşunların dərhal  Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdir. Söylənilən bu faktlar AŞ PA-nın sənədlərində öz əksini tapmışdır.

         Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi.

Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazmış oldu.

 Ümumiyyətlə, Azərbaycanın Avropa Şurası ilə  diplomatik münasibətləri son illər yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında bu qurumun mühüm rolu olmuşdur. Xüsusilə, ölkəmizin qanunverici orqanı olan  Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyəti Avropa Şurası ilə əməkdaşlığın genişləndirilməsi və inkişafında mühüm rol oynamışdır. 2001-2003-cü illər ərzində, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti tərəfindən onlarla sənəd hazırlanmış və şuranın rəsmi sənədləri kimi yayılmışdır.

 Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümumilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

         Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyev ən yüksək səviyyədə dövlət başçıları  və nümayəndə heyətləri ilə  ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər ümumilli liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.

Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli  və gərgin fəaliyyəti nəticəsində 1994-cü il  mayın 12-də atəşkəs haqqında razılıq  əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu  çərçivəsində müntəzəm  olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra, 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Azərbaycan Prezidenti  bu dövrdə 80-dək ölkənin dövlət  başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, eləcə də ATƏT- in,  NATO-nun , Avropa Şurasının, İslam Kofnrası Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının,  Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə və çox uğurla davam etdirərək Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

         Əsası  ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu  həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası  regional və beynəlxalq əlaqələrə  daha yaxından  qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi  inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

         Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseselərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanmışdır

         Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi  bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin  demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir.

 Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

 Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur  regionun əhəmiyyətini artırmış. Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istahsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmqadır.

Cənubi Qafqaz regionu üzərindən beynəlxalq  nəqliyyat və komunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı- Tibilisi -Qars dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.

Müasir geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki,  Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

Belə ki, hazırda ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə  yeni mərhələyə qədəm qoymuşdur.

Bu ilin yanvar ayında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım oldu. Bununla yanaşı, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma  memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu”nun imzalanması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

          Bununla yanaşı, qlobal və regional məsələlərin həllində  Azərbaycan İslam Konfransı Təşkilatı ilə də sıx əməkdaşlığını inkişaf  etdirərək, təşkilatın struktur və funksiyalarının daha da genişləndirilməsi, Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərməklə qurumun siyasi rolunun artırılması və beynəlxalq  problemlərin həllində  təsiri imkanlarının  gücləndirilməsi istiqamətində fəal siyasətini davam etdirir.

         Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın bütövlükdə  İslam aləmində qazandığı  nüfuzun mühüm göstəricisi olmuşdur. Ölkəmiz bu yüksək  etimadı doğrultmağa  çalışaraq, mədəniyyətlər və dinlərarası dialoqun  təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün  və qarşılıqlı anlaşmanın, eləcə də  tolerantlığın inkişafına xidmət edən  səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk  növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, genişmiqyaslı bir sıra  beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

         Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında  münasibətlərin inkişaf  edib  möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Onu da qeyd etmək lazımdır ki,  beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı  ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd,  möhtəşəm tədbirin  keçirilməsi, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçrilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Göründüyü kimi, artıq bu il 20 illiyini qeyd edəcəyimiz müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə  müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsidəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də  aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak  edir. Ölkəmiz sülhün və təhlükəsizliyin  təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin  mərkəzi rolunun daha da  artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə  təşkilatın müxtəlif  təsisatları və ixtisaslaşdırılmış  qurumlarında təmsilçiliyini daha da artırmışdır.

 Bununla yanaşı, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

         Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

         Aparılan danışıqlar prosesində dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü  danışıqların mövzusu deyil olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

Dövlət başçısı cənab  İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.  Ona görə ancaq Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

         Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, bu gün  Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi  respublikamızın dünya  miqyasında nüfuzunu xeyli  artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu  davamı  perespektivdə müstəqil dövlətimizin dünya birliyində mövqelərinin yüksələcəyinə olan ümidləri daha da artıracaqdır.

 

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR