Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstanın Azərbaycana qarşı təcavüzü və Türkİyənİn bu İstİqamətdə sİyasətİ

   Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyənin

 bu istiqamətdə  siyasəti

 

“Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan

torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ

üzərində öz suverenliyini ya barış yolu ilə,

 ya da hərb yolu ilə bərpa edəcəkdir”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

“Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir

 qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə

 qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə

 əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik

 və bundan sonra da təqib etməkdə davam edəcəyik”.

 

                                                                                                                                    Rəcəb Tayyib Ərdoğan

                                                                                                                                    Türkiyənin baş naziri

 

 

 XX əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində, xüsusilə SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı işğalçılıq siyasətini daha da genişləndirdiyi dövrdə Ermənistan öz dövlət müstəqilliyinin ilk addımlarını Türkiyəyə və Azərbaycana düşmənçilik üzərində atmağa başladı. Belə ki, 1990-cı il avqustun 23-də qəbul etdiyi  müstəqillik Bəyannaməsinin girişində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair özünün 1989-cu il 1 dekabr tarixli qərarına istinad etmiş, 11-ci maddədə isə Ermənistan Respublikasının 1915-ci ildə “Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımı”nın tanıdılması üçün səy göstərəcəyi öz əksini tapmışdır. Bundan əlavə, Ermənistan Respublikasının Konstitusiyasında Türkiyə Respublikasının 6 vilayətinə qarşı ərazi iddiası irəli sürülmüş, eləcə də 1915-ci ildə baş verən hadisələr soyqırımı kimi qiymətləndirilmişdir.

Müstəqilliyin ilk illərində Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün bütün vasitələrdən istifadə edərək öz təcavüzkar siyasətini yeritməklə kifayətlənməmiş, eyni zamanda Türkiyə torpaqlarını “Qərbi Ermənistan” adlandıraraq ərazi iddiaları irəli sürməklə yanaşı, uydurma və saxta “soyqırımın tanınması”nı öz dövlət siyasətinin başlıca prinsipi kimi qəbul etmişdir.                        

 Bu faktlar onu göstərir ki, bütün dövrlərdə Ermənistan Türkiyə və Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasından əl çəkməmiş və bu gün də eyni siyasəti həyata keçirir. Buna baxmayaraq, Türkiyə dövləti 1991-ci il dekabrın 16-da Ermənistan dövlət müstəqilliyini tanımmış, lakin bu tanınmanın müqabilində Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü iddialardan geri çəkilməmiş və iki dövlət arasında diplomatik münasibətlər qurulmamışdır.

Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə etmişdir. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də mətbuat və kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir.

1991-ci il aprelin əvvəllərində Türkiyə Respublikasının SSRİ-dəki səfiri Volkan Vural Yerevana səfəri zamanı çıxışlarında dönə-dönə qeyd etmişdi ki, nə vaxta qədər ki,  Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təminatı gözlənilmir, Dağlıq Qarabağ məsələsi əsas problem kimi qalır, Türkiyə ilə Ermənistan arasında münasibətlər yaxşılığa doğru irəliləyə bilməz.

Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə Azərbaycan ərazilərinin işğalı və xalqımıza qarşı edilən təcavüz aktları Türkiyədə böyük həyəcanla qarşılanırdı. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının Xocalıya hücum etməsi və orada 1000-dək azərbaycanlının qətlə yetirilməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağdakı gərginliyin daha da artmasına səbəb olan bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması haqqında yekldilliklə qərar qəbul edildi. Bundan əlavə, sonrakı illərdə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatırılmasında Türkiyə ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin mühüm rolu təqdirəlayiqdir.

1992-ci ilin mayın 8-də Şuşa şəhərinin işğalı ilə əlaqədar Baş nazir Süleyman Dəmirəl Türkiyə hökuməti adından BMT Təhlükəsizlik Şurasının təcili olaraq iclasının çağırılmasını xahiş etmiş və bu barədə Təhlükəsizlik Şurası sədrinin ünvanına müvafiq məktub göndərmişdir. Bununla yanaşı, Türkiyənin dövlət rəsmiləri dünya dövlətlərinə müraciət edərək onları Ermənistanın təcavüzkarlığını dayandırmağa, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırmış, eyni zamanda, mayın 18-də Laçının işğalı ilə əlaqədar Türkiyə hökuməti Ermənistana daha sərt bir bəyanatla müraciət edərək, onun hərbi təcavüzünü pisləmişdir.

1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə xarici işlər nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasının çağrılmasını da xahiş etmişdir. 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Türkiyənin BMT-dəki daimi nümayəndəsi Mustafa Akşin bildirmişdi ki, “Türkiyə Azərbaycanın hər hansı bir güc tərəfindən işğalına heç vaxt biganə qalmayacaqdır”. O zaman Türkiyə Respublikasının Prezidenti Turqut Özal Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb etmiş və Türkiyə dövləti bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhəddini bağlamışdır.

Bununla yanaşı, Türkiyə tərəfi münaqişəni nizama salmaq üçün, ilk növbədə atəşin dayandırılmasına nail olmağın vacibliyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını təkid etmiş və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etmişdir.

Türkiyə 1992-ci ilin martında yaradılan ATƏM-in Minsk qrupunun üzvü kimi münaqişənin dinc vasitələrlə nizama salınmasına dair keçirilən danışıqlarda müntəzəm olaraq iştirak edir. 1995-ci ilin iyul ayında Türkiyə prezidenti münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqlarda iştirak etmək üçün özünün ATƏT-in Minsk qrupundakı nümayəndəsinə xüsusi səlahiyytli səfir statusu vermişdir.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin səviyyəsindən razı olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir”.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

2007-ci ildən başlayaraq Türkiyə-Ermənistan münasibətlərinin bərpası və normallaşdırılması istiqamətində aparılan ikitərəfli danışıqlardan sonra Türkiyə-Ermənistan sərhəddinin açılması istiqamətində məlumatlar vaxtaşırı yayılmağa başladı.

Lakin ilk gözlənti, yəni, 2009-cu il aprelin 16-na proqnozlaşdırılan “açılış” gerçəkləşmədi və qeyri-müəyyən müddətə təxirə düşdü. Hər dəfə istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyətinin təzyiqi ilə bu məsələdə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilk şərt kimi irəli sürülərək heç bir nəticə əldə edilməmiş, sərhədlərin açılması istəyi reallaşmamışdır.

Bunula yanaşı, 2009-cu ilin aprel ayında iki dövlət arasında razılaşdırılmış və 5 maddədən ibarət “yol xəritəsi” və həmin il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən iki protokolun imzalanması ilə ikitərəfli münasibətlərin normallaşdırılması prossesində yeni səhifə açılmış oldu. Bu prosses Azərbaycanda, eləcə də Türkiyədə ictimayyətin geniş etirazına səbəb olmuş və narazılıqla qarşılanmışdır.

 2009-cu ilin əvvəllərində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqqında məlumatlar yayıldıqdan sonra, bu məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar prosesinə də öz təsirini göstərdi.Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, xüsusilə sərhədlərin açılması məsələsi Dağlıq Qarabağ məsələsi ilə paralel nizama salınmalıdır. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının əsas və tək səbəbi Kəlbəcər rayonunun işğal altına düşməsi olmuş və 1993-cü ilin aprel ayından sərhədlər bağlanmışdır. Lakin Türkiyə ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı heç bir maddənin olmadığı məlum oldu. Bundan əlavə, Ermənistanın Türkiyəyə qarşı dövlət səviyyəsində soyqırım və ərazi iddialarının qüvvədə qalması aradan qalxmadan Türkiyənin Ermənistanla sərhədlərini açması həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına uyğun gəlmir.

Bu səbəbdən Azərbaycan dövləti bu işğala son qoyulmadan, yəni Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmayana qədər Türkiyənin Ermənistanla sərhədlərini açmasını məqbul hesab etmir. Ona görə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfini yenə də vaxt uzatmaq taktikasını tətbiq etməyə imkan yaradır. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev açıq şəkildə bildirmişdir: “Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər.Ermənistan bunu bir növ öz siyasi və diplomatik uğuru kimi təqdim etməyə çalışacaq və çox güman ki,danışıqlarda daha da sərt və qəbulolunmaz mövqe tutacaqdır. Bunu deməyə kifayət qədər əsas vardır. Danışıqlar prossesi və bu prossesin müxtəlif mərhələlərdə yaşanan hadisələr bunu deməyə əsas verir. Bu problemlərin, yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması proseslərinin paralel olaraq həll edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Azərbaycanın bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəciyini vurğulayaraq, qeyd etmişdir ki, “Bu proseslər arasında rəsmi olmasa da, qeyri-rəsmi bağlantı vardır. Bu bağlantı saxlanılmalıdır və iki məsələ paralel şəkildə eyni zamanda həll olunmalıdır. Əks təqdirdə bölgədə status-kvo mənfi tərəfə dəyişə bilər”.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəciyini vurğulayaraq, qeyd etdi ki, “Bu vəziyyətin yaranmasının əsas səbəbkarı Ermənistan rəhbərliyinin özüdür”.

Bu səbəbdən Azərbaycan dövləti bu işğala son qoyulmadan, yəni Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmayana qədər Türkiyənin Ermənistanla sərhədlərini açmasını məqbul hesab etmir. Ona görə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfini yenə də vaxt uzatmaq taktikasını tətbiq etməyə imkan yaradacaqdır.

 Bundan əlavə, Türkiyə Ermənistan münasibətlərinin normallaşması və hər iki ölkə arasında sərhədlərin açılmasında daha çox Ermənistan maraqlıdır. Çünki son vaxtlar Ermənistanda dərinləşmiş iqtisadi böhran, işsizlik və bu səbəbdən ölkədən gedənlərin sayının sürətlə artması hakimiyyəti daha çox narahat edir.Digər tərəfdən Ermənistan regionda həyata keçirilən iri infrastruktur layihələrdən kənarda qalması,eləcə də bu ölkənin digər dövlətlər və beynəlxalq qurumların yardımları hesabına yaşaması ölkədə böyük narazılıq doğurur.

Ancaq, 2009-cü il oktyabrın 10-da Surixdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını özündə əks etdirən protokolların imzalanmasından sonra Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmən bəyan etdiyi sözlər qardaş dövlətin Azərbaycanın milli maraqlarına zidd olacaq qərar qəbul etməyəcəyinə olan inamı daha da artırdı:“Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını azad etməsə, protokolların parlamentdə təsdiqlənməsi mümkün olmayacaq”. Türkiyənin dövlət rəsmiləri də Azərbaycanla münasibətləri yüksək qiymətləndirərək bəyan etmişlər ki, “Azərbaycan strateji ortağımızdır və qardaş ölkənin milli maraqlarına zidd olaraq hər hansı bir addım atmayacağıq”.

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, “Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir”.

Nəticədə, 2010-cu il aprel ayının 22-də Türkiyəyə təzyiqlərin səmərəsiz qaldığını görən Ermənistan tərəfi  Sürixdə imzalanmış protokolların müzakirəsinin dondurulması haqqında qərar qəbul etdi.

         2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin qətiyyətli addımlarının  davam etdiriləcəyini bildirərək qeyd etmişdir ki,  “Azərbaycanın bu probleminə qardaş Türkiyənin əhəmiyyət verməməsi mümkün deyildir”.          

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək  qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.

Baş nazir Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə-Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir.

Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Azərbaycan səfəri zamanı imzalanmış “Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu.  Azərbaycan  Prezidenti  İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əıhəmiyyət kəsb etdiyini bildirmişdir: ”Bu gün imzalanmış  strateji tərəfdaşlıq və qarşılıqlı  yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”. Türkiyə Prezidenti Abdullah Gül də müqavilənin zəruriliyini və əhəmiyyətli olduğunu vurğulayaraq qeyd etdi ki,”Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur”.

Belə ki, bu müqavilə  hər iki dövlətin  üzərinə təkcə ikitərəfli münasibətlərin bütün sahələrində yüksək səviyyəyə qalxması və istənilən məsələdə vahid mövqedən çıxış etməsi deyil, eləcə də bir-birinin marağına zidd siyasət yürütməməsi kimi daha mühüm öhdəliklər də qoyur. Bu səbəbdən Ermənistanın Türkiyəyə qarşı dövlət səviyyəsində soyqırım və ərazi iddialarının qüvvədə qalması aradan qalxmadan Türkiyənin işğalçı dövlətlə sərhədlərini açması həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarına ziddir.

Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda  Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.

2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq.  Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və  qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək qeyd etdi ki, ”Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında muzakirələrin aparıldığını qeyd edən dövlət  başçısı İlham Əliyev Türkiyəyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövlətinin minnətdar olduğunu və bunu çox yüksək qiymətləndirdiyini bildirdi.

 Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək bildirdi:     ”Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.

Eyni zamanda, Baş nazir hazırda Dağlıq Qarabağ ərazisinin işğal edilyini və işğalçıların məlum olduğunu qeyd etməklə yanaşı, bunun BMT tərəfindən də sübut edildiyini, eləcə də bu məsələnin həll edilməli olduğunu diqqətə çatdırdıraraq bildirdi: ”Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur”.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyanın Gənc Zabitlərin İlk Ordu Konfransında erməni gəncliyinə xitabən “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağı azad etmək də sizin öhdənizə düşür” bəyanatına münasibət bildirərkən qeyq etmişdir ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir: “Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran vəziyyətindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə vəziyyətdə, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir”.

Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olan Ermənistan rəhbərlərinin real dünyada yaşamadıqlarını, özlərinin yaratdığı xülya dünyasında yaşadıqlarını bildirərərək, yuxudan oyanmağı, real dünyaya qayıtmağı və özlərini Türkiyə ilə heç olmasa, müqayisə etməyi xatırlatdı.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalı olduğunu bildirərək qeyd etdi ki, “Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq”.  Bü fikirlər, hər iki dövlətin  üzərinə təkcə ikitərəfli münasibətlərin bütün sahələrində yüksək səviyyəyə qalxması və istənilən məsələdə vahid mövqedən çıxış etməsi deyil, eləcə də heç zaman  bir-birinin marağına zidd siyasət yürütməməsi kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq  Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökümət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR