Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycanın BMT Təhlükəsİzlİk Şurasının qeyrİ-daİmİ üzvü seçİlməsİ ölkəmİzİn dİplomatİya tarİxİndə böyük naİlİyyətİdİr

 Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin diplomatiya tarixində böyük nailiyyətidir

 

”Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

        

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa et­­dikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya döv­lət­­lərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müs­tə­­qilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bə­­ra­bərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya bir­li­yində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əmək­daş­lığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzu­la­yaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gə­lən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.

         1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi.

         Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi vəziyyətlə üzləşmişdir. İlk illərdə beynəlxalq aləm ilə  münasibətlərin qurulmasında çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan Azərbaycan üçün BMT kürsüsünun çox mühüm əhəmiyyəti var idi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin  inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT ya­nın­da daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.

BMT-də fəaliyyət göstərən daimi nümayəndəlik həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iq­tisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əmək­daş­lıq edir. Siyasi sahədə əməkdaş­lı­ğın əsas məqsədi Ermə­nis­tanın Azərbaycana qarşı təcavü­zü­nün genişləndiyi bir vaxt­da beynəlxalq birliyin diqqətini mü­na­qişə bölgəsində baş ve­rən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi.

         BMT-nin əsas vəzifələrindən biri beynəlxalq mübahi­sə­lə­rin dinc vasitələrlə həll edilməsidir. BMT Nizamnaməsinə gö­rə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi üçün baş­lı­ca məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür. BMT üzvü olan, həm də üzvü olmayan dövlətlər əgər mübahisəni BMT Nizamnaməsinin 33-cü maddəsində nəzərdə tutulan dinc va­sitələrlə həll edə bilmirlərsə, onda mübahisəni təhqiq et­mək üçün Təhlükəsizlik Şurasına müraciət edə bilərlər.

         Təhlükəsizlik Şurası mübahisəyə aşağıdakı hallarda ba­xır: mübahisə edən tərəflər və ya digər dövlətlər müraciət etdikdə; Baş Məclisin tövsiyəsi ilə; Şuranın özünün qərarı ilə; BMT Baş Katibinin müraciəti ilə.

         Dövlətlər arasındakı mübahisəni həll etmək üçün Təh­lü­kəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar töv­siyə xa­rakteri daşıyır və mübahisə edən tərəflər üçün məcburi he­sab edilmir. Təhlükəsizlik Şurasının tövsiyəsinə baxmayaraq döv­lətlər öz aralarındakı mübahisəli məsələni həll edə bil­mir­lərsə və bununla əlaqədar beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhlükə yaranırsa, məcburi tədbirlər tətbiq edilə bilər. BMT Nizamnaməsinə uyğun olaraq Təhlü­kə­siz­lik Şurası mübahisəli məsələləri dinc vasitələrlə həll et­mək üçün ge­niş səlahiyyətlərə malikdir.

BMT kimi nüfuzlu təşkilat, o cümlədən Təhlükəsizlik  Şu­ra­sı­nın 5 daimi üzvü olan böyük dövlətlər Ermənistan-Azər­baycan mü­nasibətlərinin kəskinləşməsi, Ermənistanın Azərbaycana qar­şı təcavüzünün qiymətləndirilməsinə çox ehtiyatlı və soyuq ya­naşdılar, təcavüzün qarşısını almaq üçün beynəlxalq hüquq nor­maları və BMT Nizamnaməsini pozduğuna görə Ermənistana qar­şı heç bir əməli tədbir görmədilər.

         Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış döv­lət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təh­lükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məs­uliy­yəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bi­rində göstərilən faktın olması kifayət edir ki, Təh­lü­kə­siz­lik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fə­sil­lə­rinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT  Baş Məc­lisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qət­namə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlü­kə­sizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün tə­cavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

         1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu ses­siyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq tə­cavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona bey­nəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətna­mə­də təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verirdi  ki, bu, əsl təcavüz hərəkət­lə­ri­dir.

         Ona görə də Ermənistanın açıq-aşkar təcavüzünün geniş­lən­məsi ilə əlaqədar Azərbaycan BMT Baş Katibinə, Təhlü­kə­sizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hü­quq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozul­ma­sı­nın qarşısını almağa, münaqişənin dinc siyasi yolla niza­ma salınmasına kömək göstərməyə çağırdı. BMT Baş Katibi mü­naqişə bölgəsində vəziyyəti öyrənmək üçün regiona BMT-nin mü­şahidəçilər qrupunu göndərməyi qərara aldı. Bu məqsədlə 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nü­ma­yəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin baş­çı­lıq etdiyi nümayəndə heyəti Bakıda, Dağlıq Qarabağda və Yere­vanda səfərdə oldu və bu səfərin yekunları barədə BMT Təhlü­kə­sizlik Şurasına məlumat verdi.BMT Baş Katibi Dağlıq Qarabağ probleminin həlli sa­hə­sində ATƏM-in səylərini müdafiə etdiyini bildirdi.

Cəzasız qalan Ermənistan isə təcavüzkarlığını daha da ge­­niş­ləndirirdi. Azərbaycan dövləti Ermənistanın təcavüzkarlığının ge­­nişlənməsi ilə əlaqədar olaraq BMT Baş Katibinə, Təh­lü­kə­sizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq bir­li­yin diqqətini Ermənistan Respublikasının Azərbaycan Res­pub­likasına qarşı birbaşa təcavüz həyata keçirdiyinə cəlb et­di və təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə ça­ğır­dı.

         Bu qətnamədə də Təhlükəsizlik Şurası Azərbaycan Respubli­ka­sı­­nın Dağlıq Qarabağ regionunda və onun ətrafında müna­qişə­nin davam etməsindən və Ermənistan Respublikası ilə Azər­bay­can Respublikası arasında münasibətlərin gərgin olaraq qal­ma­­sından ciddi narahat olduğunu bildirirdi. Ümumiyyətlə, 884 saylı qət­na­mə əvvəlki, yəni - 822, 853, 874 saylı qətnamələrin məzmununu bir daha təsdiqlədi.

 Ümumiyyətlə, 1992-1993-cü illər ərzində Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şu­ra­sı sədrinin  6 bəyanatı, eləcə də Təhlükəsizlik Şu­ra­sının  822, 853, 874  və 884 saylı qət­na­mələridə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. La­kin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük döv­lət­lər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına ra­zı­lıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdik­lə­ri  Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, müna­qi­şənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üs­tünlük verdilər.

Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qal­dırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səy­lər Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər vermədi. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respub­li­ka­sı­na qarşı Ermənistan Respublikasının təca­vü­zü faktının bir­başa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Res­pub­li­kası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prin­siplərini kobud şəkildə pozmasına baxmayaraq adı çəki­lən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahə­sin­də çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermə­nis­tan silahlı qüvvələrinin münaqişədə bi­la­vasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildi­rir­dilər. Halbuki BMT Təhlükəsizlik Şurasının məlum qət­na­mələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Er­mənistan Respublikasının münaqişədə bu və ya başqa for­ma­da iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bi­tərəf olmayıb, dolayı yolla olsa da hərbi təcavüzə rəvac ve­rib. Bu isə beynəlxalq cinayətdir və yuxarıda qeyd edildiyi ki­mi, BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu ses­si­ya­sında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilmişdir.

Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər

Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT ilə  əlaqələrini inkişaf etdirməklə yanaşı, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən islahat təkliflərinin verilməsi və müzakirəsi prosesində fəal iştirak edir. 1993-cü ildə ümmummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu proses daha da genişləndi. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin sessiyalarında və digər  yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf  etdirildi.  Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider 1994-cü ilin sentyabr aynıda BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə  çatdırmışdır.

Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol  oynamışdır. Azərbaycanın ictimai-siyasi  və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün  BMT-nin  müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.

BMT ilə əlaqələrinin intensiv  inkişafına  xüsusi əhəmiyyət  verən Azərbaycan bu təşkilatın  müxtəlif beynəlxalq  toplantılarında  müntəzəm olaraq  iştirak edir, irəli sürdüyü  ideya və təkliflərə fəal münasibət bildirir.

1995-ci ilin oktyabrında  BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən  Baş Məclisinin  xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev  bu qurumun yüksək  kürsüsündən  dünya dövlətlərinə müraciət edərək, mövcud  qlobal problemlərə dair Azərbaycan dövlətinin  prinsipial  mövqeyini açıqlamış, xüsusilə  Ermənistanın təcavüzünün aradan qaldırılması ilə  bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün  və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin  cərəyan etdiyi dövrdə  üzvlərin arasında  qarşılıqlı anlaşılmazlıqların  meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsini qeyd edərək, mövcud BMT  mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında “həm bugünkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır”.

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif  etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış  edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini  bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha  çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin  yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi. 

Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı  əlaqələr daha da genişlənərək, çoxşaxəli əməkdaşlığa çevrilmiş və Azərbaycanın  müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə müvafiq yer  tutmasında mühüm rol oynamışdır. Eyni zamanda. Azərbaycan da bu nüfuzlu beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün  qorunmasına öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası  BMT-nin islahatlar nəticəsində yarafılmış İnsan Hüquqları Şurasına seçilən ilk 47 ölkəsindən biri olmuş və 2006-2009-cu illəri əhatə edən üzvlük müddətində öz səmərəli fəaliyyəti ilə bu qurumun işinə öz töhfəsini vermişdir. Şurada göstərdiyi fəallığın nəticəsi olaraq Azərbaycan Respublikası  BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nimayəndəsi  2008-2009-cu illər üzrə İnsan Hüquqları Şurasının  vitse-sədri məruzəçisi seçilmişdir.

 

Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, BMT  Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üşün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürmüşdür. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo olmuşdur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparmışlar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia etmişdir. Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdu.

Şərqi Avropa qrupundan namizədliyini irəli sürən Sloveniya və Macarıstanla mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq 17-ci mərhələdə qələbə üçün tələb olunan 129 səsdən də çox olan 155 səs əldə etmişdir. Bundan əvvəl baş tutan səsvermənin 16-cı  mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplamışdı. Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirmişdir. Axırıncı mərhələdə  isə, Azərbaycanın lehinə 155 ölkə səs vermiş, 24 ölkə bitərəf qalmış və daha 13 ölkə yenə də Sloveniyaya səs vermişdir. Digər səsvermənin yekunları üzrə BMT TŞ-nin yeni qeyri-daimi üzvləri Qvatemala, Mərakeş, Toqo və Pakistan olmuşdur.

Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il  yanvarın 1-dən  başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bununla yanaşı, iki il müddətində Azərbaycan növbə ilə 2012-ci ilin mayında və 2013-cü ilin sentyabr aylarında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirəcək. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Təhlükəsizlik Şurasında 2 illik fəaliyyət üçün hazırlıq işləri aparılır və Şuranın gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır. Bundan əlavə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn 2 il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşdırıldığı bildirilir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və  bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bu da simvolik bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan  oktyabrın 24-də əldə etmişdir.

Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu uğurun müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır. Ancaq, BMT TŞ beş daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. “Böyük beşlik”dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.

Əlbəttə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmiz üçün çox böyük uğurdur. 155 ölkənin ölkəmizin namizədliyinin lehinə səs verməsi Azərbaycanın beynəlxalq aləmdə artan çəkisinin, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir.  Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır.

 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyəti müddətində bir sıra məsələlərin gündəliyə şıxarılmasına nail ola bilər. Yəni, indiyə  kimi  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən istifadə edərək, özünün təhlükəsizlik problemlərini, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanmışdır.

Xüsusilə, 2012-ci ilin mayında və 2013-cü ilin sentyabr aylarında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarını icrası zamanı BMT TŞ-nin problemlə bağlı qəbul edilmiş 4 qətnaməsinin yerinə yetirilməsini  üşün ən azı yeni təşəbbüslə çıxış edə və BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yenidən məsələ qaldıra bilərik.  Bu səbəbdən Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb etmək huququna malik olacaqdır.  Çünki Azərbaycan artıq 20 ildir  ki, dünyada ardıcıl olaraq sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunmasını tələb edir. Münaqişələrin nizama salınması ilə  bağlı ATƏT-in heç bir icraedici mexanizmi yoxdur. BMT-nin isə icraedici mexanizmlər var. Lakin qətnamələrin və qərarların yerinə yetirilməsi üçün dünyanın aparıcı dövlətlərinin də istəyi və  iradəsi lazımdır. Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bir çox addımlar ataraq mövqeyini nümayiş etdirməklə yanaşı, “hücum diplomatiyası” taktikasını reallaşdıraraq mövqeyini dünyaya nümayiş etdirə bilər.

Azərbaycan Prezidenti  İlham  Əliyev müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: ”Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR