Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Elçİn Əhmədov: Aprel döyüşlərİ İlə qələbənİn, Cocuq Mərcanlı kəndİnİn bərpası İlə böyük qayıdışın başlanğıcı qoyuldu

Azərbaycan Ordusunun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimal və cənub hissələrində böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan Ordusu öz torpaqlarını düşməndən azad etmək gücünü, potensialını, döyüş əzmini nümayiş etdirdi. Dörd günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi.

Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamını AZƏRTAC-a şərh edərkən bildirib.

E.Əhmədov deyib ki, 2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını şanlı tariximiz adlandırıb: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”. Bununla yanaşı, dövlətimizin başçısı qeyd etdi ki, “biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq”.

Prezident Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan dövlətinin məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər gördüyünü və 2004-cü ildə müvafiq proqramın qəbul edildiyini bildirib. 2007-ci ildə bu proqrama əlavələr edilib və proqramın icrası hazırda uğurla davam etdirilir. Məcburi köçkünlər üçün 95 qəsəbə, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Ümumiyyətlə, indiyə kimi 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır və qayğı göstərir. Bu, Azərbaycan dövlətinin siyasətini bariz şəkildə əks etdirir, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu göstərir. Bununla yanaşı, dövlətimizin başçısı həmin görüşdə bildirmişdi ki, aprel döyüşləri zamanı minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Bu siyasətin məntiqi davamı olaraq yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Bütün bunlar onu göstərir ki, aprel döyüşləri ilə mühüm hərbi qələbənin, Cocuq Mərcanlı kəndinin bərpası ilə böyük qayıdışın başlanğıcı qoyuldu. Dövlət başçısının düşünülmüş siyasəti və prinsipial mövqeyi onu göstərir ki, biz nəinki Cocuq Mərcanlıya, eləcə də Dağlıq Qarabağa, Xankəndiyə, Xocalıya, Şuşaya qayıdacağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini səsləndirməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha da artırıb. Bununla yanaşı, Prezident Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR