Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Azərbaycanın Avropa təhlükəsİzlİk və əməkdaşlıq İnstİtutları İlə münasİbətlərİ (1991-2011)

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycanın Avropa təhlükəsizlik və əməkdaşlıq

institutları ilə münasibətləri

(1991-2011)

 

“Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, beynəlxalq imici güclənir. Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi beynəlxalq təşkilatlarda və dünyada öz yerini möhkəmləndirir”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

XX əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar. Köhnə beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başladı.

İdeoloji qarşıdurma başa çatsa da, Avropada sülh və təhlükəsizlik üçün təhlükə hələ də qalmaqda idi. Belə bir şəraitdə  keçmiş SSRİ və Yuqoslaviya məkanında yeni münaqişə ocaqları yaranaraq genişlənməkdə davam edirdi. Bu amillər beynəlxalq və regional təşkilatların fəaliyyət istiqamətlərində keyfiyyətcə yeni mərhələnin başlanmasına imkan yaratdı və dünya siyasətində ATƏT, NATO, Avropa İttifaqı  və Avropa Şurası  kimi təhlükəsizlik və əməkdaşlıq strukturlarının rolunu əhəmiyyətli dərəcədə yüksəltdi.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi  ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

         1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının  beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Məhz buna görə dəAzərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

 Belə ki, 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır. Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə inkişaf etdirimişdir.

1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. “Brüssel Bəyannaməsi” adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb “İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü, TRASEKA proqramının dəstəyi, eləcə də  32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən “Tarixi İpək yolunun bərpası”  adlı beynəlxalq konfransın sonunda “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş” adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən “Bakı Bəyannaməsi” də imzalandı.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, imiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən    İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə “Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü” adlı proqram qəbul etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla “Avropa Qonşuluq Siyasəti”nin proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi.

2004-cü ilin may ayında Avropa İttifaqı Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Adı çəkilən proqrama qoşulan ölkələr İttifaq institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli və şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə hörmət bəsləmək və xarici siyasət sahəsində beynəlxalq hüquq normalarına əməl etmək əzmində olduqlarını nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikası da bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il iyunun 1-də “Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” imzaladığı sərəncamda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı.

Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi “Avropa Qonşuluq Siyasəti” layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu” imzaladılar. Bununla da, Azərbaycan ilə Avropa ittifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açılmışdır. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır.

Bundan əlavə, 2008-ci il mayın 26-da Avropa İttifaqının Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürülmüşdür. Şərqi Avropa Qonşuluq Siyasəti ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.

 Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına mühüm əhəmiyyət kəsb edən səfər zamanı İttifaqın Nazirlər Şurasının Baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin qarşılıqlı şəkildə faydalı olduğunu və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaranacaq yeni formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi.

Bu səfərin davamı olaraq mayın 7-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən Prezident İlham Əliyev bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyini qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı.

2011-ci il yanvarın 13-də Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı bir sıra mühüm sənədlərin imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”,“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma  memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu”nun imzalanması ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki,  Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması, inkişaf etdirilməsi və genişləndirilməsi ölkəmizin  problemlərini dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb edirdi.

Bu baxımdan 1994-cü il mayın 4-də Azərbaycan Prezidenti Heydər Əliyevin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin  bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də  əlverişli şərait yaramışdır.

Azərbaycan ilə NATO arasında yaradılan əməkdaşlığın əsas prinsipləri və istiqamətləri “Sülh naminə tərəfdaşlıq” proqramında və Azərbaycanın təqdim etdiyi “Prezentasiya sənədi”ndə öz əksini tapmışdır. 1994-1996-cı illərdə əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri sonrakı dövrdə qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi üçün əlverişli baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi və bir sıra praktiki addımların atılması NATO-nun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə marağını artırdı.

Azərbaycanın NATO ilə əməkdaşlığı sonrakı dövrdə də ildən-ilə yeni keyfiyyət almış, NATO mütəxəssisləri Azərbaycan ordusunun modernləşdirilməsi üçün ölkəmizə müntəzəm olaraq texniki və təlim xarakterli yardım etmişlər. Siyasi və iqtisadi cəhətdən durmadan tərəqqi edən Azərbaycanda hərbi quruculuğun da yüksək səviyyədə olmasını artıq hamı etiraf edir. Milli silahlı qüvvələrimizin maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulması isə bilavasitə ümummilli liderimiz Heydər Əliyevin Brüsseldə imzaladığı məlum sənədin icrası nəticəsində mümkün olmuşdur.

1997-ci ilin ortalarında Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) sənədinə qoşuldu. Bu, tərəfdaş dövlətlərlə NATO arasında əməkdaşlığın səmərəsini artırmaq məqsədi ilə bir sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO-nun Brüsseldəki  mənzil - qərargahında öz diplomatik nümayəndəliyini təsis etdi. Bu isə əməkdaşlıq əlaqələrinə daha yeni təkan verdi. Hazırda orada Azərbaycan Silahlı Qüvvələrini iki zabit təmsil edir.

Şimali Atlantika Alyansı ilə əməkdaşlığın inkişafı sahəsində növbəti addım 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Sərəncamı oldu. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradıldı. Dövlət komissiyası “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın vahid proqramının hazırlanması ilə əlaqədar müvafiq nazirlik və təşkilatların fəaliyyətinin koordinasiya edilməsi sahəsində ardıcıl iş aparır.

Azərbaycan NATO-nun nüfuzlu qurumu hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirirdi. Bunun nəticəsi olaraq, 2002-ci il noyabrın 19-da Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi. Bununla da respublikamız öz problemlərini və digər aktual məsələlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə etdi.

         2004-cü il mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşü zamanı Azərbaycanın hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Fəalliyət Planının (İPAP - İndividual Partnership Action Plan) təqdimat sənədini ona təqdim edərək bildirdi ki, bu plan Azərbaycanla NATO arasında əməkdaşlığın daha da yaxınlaşmasına kömək edəcək. Bundan sonra respublikamızın  Şimali Atlantika Alyansı ilə əməkdaşlığı bu plan əsasında davam etdiriləcək. Azərbaycanın Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, NATO standartlarının tətbiqi, təminat və təchizat sisteminin, maddi-texniki bazanın yeniləşdirilməsi və başqa sahələrdə əsaslı islahatlar  həyata keçiriləcək. Bu isə Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və “Fərdi Tərəfdaşlıq üzrə Fəalliyət Planı” nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. Bir tərəfdaş olaraq, Azərbaycan Şimali Atlantika İttifaqının əsas məqsədinə-bütün Avratlantika zonasında sülhün və sabitliyin möhkəmləndirilməsinə öz sadiqliyini nümayiş etdirir. NATO ilə yaradılmış hüquqi münasibətlər bu beynəlxalq təşkilata daxil olan ölkələrdə gələcəkdə Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasına, NATO İttifaqının keçirdiyi sülhməramlı tədbirlərdə və hərbi manevrlərdə ordu hissələrimizin iştirakına, milli ordu quruculuğunda blokun imkanlarından istifadə edilməsinə əsas verir.

   Avropa strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də məhz Avropa Şurasıdır. Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ona “xü­susi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şu­rasına rəsmi müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təş­­kilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım ol­maq­la bərabər Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və hu­ma­­nitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məq­­sədi daşıyırdı.

1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasında yaranmış əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, eləcə də Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

         Belə ki, 1996-cı il martın 1-2-də Azərbaycan nümayəndə heyəti ilk dəfə iştirak etdiyi Avropa Şurasının Venesiya Komissiyasının iclasında ölkəmizin bu quruma üzvlük hüququnun verilməsini xahiş etmiş və həmin il mayın 17-18-də Azərbaycanın bu Komissiyaya üzv olması haqqında qərar qəbul edilmişdir. Həmin il iyunun 26-28-də AŞ PA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi.

Eyni zamanda, 1996-cı il iyulun 13-də dövlət başçısı Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək ölkəmizin bu təşkilata tam hüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərəncam ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi istiqamətində respublikada görülən işlər və  Avropa Şurası ilə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

2000-ci il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” Sərəncam imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına dair imzaladığı sərəncamlar respublikamızın bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətə zəmin yaratdı.

         Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi.

Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

         Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı  Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

         Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu.

 Ümumiyyətlə, Azərbaycanın Avropa Şurası ilə  diplomatik münasibətləri son illər yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında bu qurumun mühüm rolu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞ PA-da münaqişə haqqında obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun hazırladığı və AŞ PA-da müzakirəyə çıxarılan “ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi” adlı məruzənin 1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyi göstərilirdi.

Hal-hazırda Azərbaycan-Avropa Şurası əməkdaşlığı daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edərək müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır. Eləcə də, Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və buna adekvat münasibət bildirilir.

Azərbaycanın Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif sahələrdə bir sıra tədbirlərin keçirilməsi bu təşkilatla əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyinə sübutdur. Bütün bunlarla yanaşı, Azərbaycan Milli Məclisi 31 maddədən ibarət Avropa Sosial Xartiyasının 18 maddəsini Azərbaycan Avropa Şurasına üzv olduqdan cəmi 3 il sonra ratifikasiya etmişdir.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümumilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları  və nümayəndə heyətləri ilə  ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər ümumilli liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.

Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli  və gərgin fəaliyyəti nəticəsində 1994-cü il  mayın 12-də atəşkəs haqqında razılıq  əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu  çərçivəsində müntəzəm  olaraq danışıqlar aparılmağa başlandı. Belə ki, 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır.

Göründüyü kimi, artıq  20 ildir ki,   müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə  müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurasının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Bununla  yanaşı, Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də  aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə beynəlxalq və regional təşkilatların işində fəal iştirak  edir. Müstəqilliyinin 20 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası adı çəkilən nüfuzlu beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və s. sahələrdə genişmiqyaslı əməkdaşlıq edir və bu da ölkəmizin maraqlarının daha dolğun ifadə olunmasına, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə mühüm təsir göstərir.

Azərbaycanın Avropa təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətləri, eləcə də  bu günə qədər əldə edilmiş uğurlar və Avropa inteqrasiya proseslərində iştirakı, ölkəmizin bu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirməsi, eləcə də öz maraqlarını bilavasitə təmsil etməsi baxımından əhəmiyyətli olduğu üçün bu sahədə fəaliyyət Azərbaycan dövlətinin xarici siyasət prioritetlərindən biridir.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR