Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ümummİllİ lİder Heydər Əlİyevİn xarİcİ sİyasət kursu novatorcasına və dİnamİk şəkİdə İnkİşaf etdİrİlİr

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

"Beynəlxalq münasibətlər və xarici siyasət"

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursu

novatorcasına və dinamik şəkidə inkişaf etdirilir

 

                                                                              “Bu gun biz Heydər Əliyev siyasətinə sadiq qalaraq

bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev

 siyasətinin təntənəsini görürük,onun fiziki yoxluğu

 şəraitində bu siyasət  yaşayır və yaşayacaqdır”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

         1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.  Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümumilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və  təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Həmin vəzifələrdən biri və  ən əsası  Azərbaycanı beynəlxalq aləmdəki  təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq  işini dünya ictimaiyyətinə olduğu kimi  çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını  yarmaqdan ibarət idi. Ona görə də  yeni xarici siyasət xətti üçün hər şeydən  əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi.  Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttini ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

 Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

         Ümummilli  lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və  böyük ustalıqla gəlmək  bacarığı nümayiş  etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

         Bu baxımdan  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdidi.

  Ümumilli lider Heylər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə  iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin  problemlərini dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin  bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də  əlverişli şərait yaramışdır.

Avroatlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf  etdirən Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə tövhə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olmuş və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak  edərək NATO ilə  mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

  Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi.

Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

         Ümummilli lider Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı  Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

        Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi davamı kimi, 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümumilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

         Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyev ən yüksək səviyyədə dövlət başçıları  və nümayəndə heyətləri ilə  ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər ümumilli liderin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli  və gərgin fəaliyyəti nəticəsində 1994-cü il  mayın 12-də atəşkəs haqqında razılıq  əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu  çərçivəsində müntəzəm  olaraq danışıqlar aparılmağa başlandı.

          Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Azərbaycan Prezidenti  bu dövrdə 80-dək ölkənin dövlət  başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT- in,  NATO-nun , Avropa Şurasının, İslam Kofnrası Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının,  Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.

         Əsası  ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurlu  həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası  regional və beynəlxalq əlaqələrə  daha yaxından  qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Hazırda regionda və dünyada baş verən  əsas iqtisadi siyasi və mədəni proseslərdə  Azərbaycan  dövləti layiqincə təmsil olunur, öz  mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daixilində gedən  demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün  dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da  beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı  faydalı əməkdaşlığın  yaranmasına və inkişafına  əlverişli zəmin yaratmışdır.

         Azərbaycan  artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi  bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin  demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz” .

Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Buna görə də  Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaratmaqla, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.

Ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə  yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur  regionun əhəmiyyətini artırmış. Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istahsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmqadır.

Cənubi Qafqaz regionu üzərindən beynəlxalq  nəqliyyat və komunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı- Tibilisi -Qars dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.

Bundan əlavə, Azərbaycanın xarici siyasətində  İslam ölkələrini birləşdirən və ölkəmizin də üzv olduğu İslam Konfransı Təşkilatı (hazırda  İslam Əməkdaşlıq  Təşkilatı adlanır) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İKT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləmində  olan maraq və diqqəti daha da artırdı. Nəticədə, İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı.

Son illər Azərbaycanın İKT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq  təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, eləcə də dövlət başçısının təşəbbüsü ilə 2006-cı il iyunun 19-21-də İKT xarici işlər nazirlərinin növbəti 33-cü  konfransının Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əlaqələrinin inkişafında mühüm rol oynamışdır.

         Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın bütövlükdə  İslam aləmində qazandığı  nüfuzun mühüm göstəricisi olmuşdur. Ölkəmiz bu yüksək  etimadı doğrultmağa  çalışaraq, mədəniyyətlər və dinlərarası dialoqun  təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün  və qarşılıqlı anlaşmanın, eləcə də  tolerantlığın inkişafına xidmət edən  səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk  növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, genişmiqyaslı bir sıra  beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

         Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında  münasibətlərin inkişaf  edib  möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki,  beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı  ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd  möhtəşəm tədbirin  keçirilməsi, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçrilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də  aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak  edir. Ölkəmiz sülhün və təhlükəsizliyin  təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin  mərkəzi rolunun daha da  artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə  təşkilatın müxtəlif  təsisatları və ixtisaslaşdırılmış  qurumlarında təmsilçiliyini daha da artırmışdır. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif  etmişdir.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən ümumilli lider Heydər Əliyev dünyada sülhün  və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin  cərəyan etdiyi dövrdə  üzvlərin arasında  qarşılıqlı anlaşılmazlıqların  meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsini qeyd edərək, mövcud BMT  mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında “həm bugünkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır”.

Ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan, müstəqilliyin ötən 20 ili ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir.  Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır.

Azərbaycan Prezidenti  İlham  Əliyev müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: ”Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin  münaqişənin nizama salınması hücum taktikasına üstünlük  verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsi üçün möhkəm zəmin yaratmışdır. Dövlət başçısı İİlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, dövlət başçısı cənab  İlham Əliyev bəyan  etmişdir ki, Dağlıq Qarabağa heç vaxt  müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.  Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətin bu  işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.  Ona görə ancaq Azərbaycan xalqının  iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini bildirməklə yanaşı qeyd etmişdir ki, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

         Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.

Göründüyü kimi, bu gün müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Bütün yuxarıda göstərilənlər önu deməyə əsas verir ki, bu gün  Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi  respublikamızın dünya  miqyasında nüfuzunu xeyli  artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın  siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseselərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu  davamı  perespektivdə müstəqil dövlətimizin dünya birliyində mövqelərinin yüksələcəyinə olan ümidləri daha da artıracaqdır.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR