Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

Ermənİstanın etnİk təmİzləmə, soyqırımı və İşğalçılıq sİyasətİnİn nətİcələlərİ

Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələləri

 

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri

torpaqlarının zəbti ilə müşayiət olunaraq,

ermənilərin azərbaycanlılara qarşı düşünülmüş,

planlı surətdə həyata keçirdiyi soyqırımı

siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir.

 

Heydər ƏLİYEV

 Ümummilli lider

 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Həmin millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur.

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən "erməni amili"ndən siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirmişdir.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: "1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsixi, Axalkalaki qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur - E.Ə.) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur". Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı həddindən artıq az olmuşdur.

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan və bütün XIX əsr boyunca davam etdirilmiş köçürülmə prosesi nəticəsində regionda demoqrafik vəziyyət dəyişmiş, nəticədə, ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Hınçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdıqdan sonra, onlarınn "Böyük Ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımısiyasəti XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduqları "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra "Daşnaksütyun" partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maskalanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi.

1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı əsl soyqırımı törədildi. Belə ki, həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdi. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdülər.

Ermənilərin basqını nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 162 kənd dağıdılmışdır ki, onlardan 35-i hal-hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələrini aşkar edən faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş və sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə)16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, Qarabağda 157, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə İstintaq Komissiyası yaradılmış və ermənilərin törətdikləri bu cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilmişdir) mart ayının 31-i matəm günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda əmin-amanlığa nail olmaq, erməni-daşnak terror dəstələrinin törətdikləri qanlı qırğınlara son qoymaq məqsədi ilə, 1918-ci il mayın 29-da keçmiş Azərbaycan dövlətinin - İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərə güzəştə getdi. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Bununla, faktiki olaraq, Azərbaycan torpaqlarında İrəvan şəhərini və onun ətraflarını əhatə edən erməni dövləti yaradılmış oldu.

"Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.

1918-ci ildə Azərbaycan və Ermənistan respublikaları yaranan kimi Ermənistanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi və bu da Qarabağda qanlı müharibənin başlanmasına səbəb oldu.Tarixən Azərbaycan ərazisi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərcə yaşayış məntəqəsini dağıtmış, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etmişlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.

Cənubi Qafqazın sovetləşdirilməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu və elə o vaxtdan da Dağlıq Qarabağ termini meydana çıxdı. Nəticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş və respublika rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Bu muxtariyyət ideyası həmin bölgədə, yəni Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına tapdalanaraq həyata keçirilmişdi.

Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.

Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
Sovet dövründə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heç şübhəsiz ki, Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev bütün təzyiqləri rədd edərək prinsipial mövqe göstərmiş, erməni millətçilərinin qarşısını qətiyyətlə almışdı.

XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü Ümummilli lider Heydər Əliyev Moskvada işləyərkən Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən az sonra, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.

Nəticədə, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan sılahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratmetr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 Azərbaycan rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində ) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Bununla yanaşı, ümummilli liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini bəyan etmişdir.

 

Elçin ƏHMƏDOV,

 Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası "Beynəlxalq münasibətlər

 və xarici siyasət" kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“Xalq qəzeti”

29 Aprel 2012

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR