Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Minsk Qrupu həmsədrlərinin irəli sürdükləri təkliflər

ATƏT-İn Mİnsk Qrupu həmsədrlərİnİn İrəlİ sürdüklərİ təklİflər - 18 İyul 1997-cİ İl

ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdükləri təkliflər

ATƏT-in Minsk qrupunun sədarəti

Dağlıq Qarabağ münaqişəsinin aradan

qaldırılmasına dair hərtərəfli

SAZİŞ*

 

18 iyul 1997-ci il

 

PREAMBULA

 

Tərəflər onların xalqlarının tərəqqisi və firavanlığı üçün regionda sülhün və əməkdaşlığın əhəmiyyətini tamamilə dərk edərək uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq əzmindədirlər. Aşağıda şərh edilən nizamasalma Qafqazın birgə iqtisadi inkişafı üçün zəmin yaradacaq, demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümidlər bəslənməsi şəraitində bu regionun xalqlarına normal və səmərəli həyat sürməyə imkan verəcəkdir. Bu sazişə uyğun olaraq aparılan əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracaq, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artırılması üçün lazımi sabitlik yaratmağa və müqəddəm şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmağa imkan verəcəkdir. İnsanlar arasında barışıq və əməkdaşlıq onların çox böyük potensialını öz qonşularının və dünya xalqlarının rifahı üçün sərbəstləşdirəcəkdir.

    Ona görə tərəflər BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tamamilə yerinə yetirilməsinə kömək göstərmək əzmində olduqlarını bildirərək silahlı münaqişənin dayandırılmasına nail olmağa və normal münasibətlərin bərpasına dair I sazişdə şərh edilmiş tədbirləri həyata keçirmək və Dağlıq Qarabağın qəti statusu haqqında II sazişdə şərh olunmuş razılığa gəlmək barədə razılaşırlar.

 

 I. SAZİŞ – silahlı münaqişənin dayandırılması

Tərəflər razılığa gəlirlər:

I. Onların arasında mübahisələrin, o cümlədən bu sazişin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin nizama salınması üçün silahlı qüvvədən istifadə olunmasından imtina etmək.

II. Silahlı qüvvələri iki mərhələdə çıxarmaq:

Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədi ilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalıdır.

İkinci mərhələdə qüvvələr I əlavədə razılaşdırılmış cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılacaqdır:

A. Ermənistan qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılır.

B. Dağlıq Qarabağ qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə aparılır (aşağıdakı VIII və IX bəndlərdə göstərilmiş istisnalarla).

C. Azərbaycan qüvvələri yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında I əlavədə razılaşdırılmış xətlərə çəkilir.

D. Ağır silahlar uzağa, şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməsi şərti ilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında I əlavədə razılaşdırılmış yerlərə aparılacaqdır.

E. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası I əlavədəki xəritədə göstərildiyi kimi, DQMV-nin 1988-ci ildəki hüdudları və Ermənistan - Azərbaycan sərhədinin şimal hissəsi boyunca yerləşəcəkdir.

III. Qüvvələrin çıxarılması nəticəsində azad edilmiş ərazilər ayırıcı zona əmələ gətirir. Bu zonada təhlükəsizliyə nəzarəti ATƏT-in sülhü müdafiə qüvvələri daimi qarışıq komissiya ilə birlikdə həyata keçirəcəklər. ATƏT-in sülhü müdafiə qüvvələrinin və daimi qarışıq komissiyanın II əlavənin həyata keçirilməsi qaydasında razılığı olmadan tərəflərdən heç birinə bu zonaya öz qüvvələrini yeritməyə imkan verilməyəcəkdir; həmin əlavədə sərhəd xidməti, minalardan təmizləmə və mülki polis funksiyaları üçün razılaşdırılmış bölmələr nəzərdə tutulacaqdır. Tərəflər ayırıcı zonada və bufer zonasında bütün hərbi uçuşlara yol verilməməsi barədə razılığa gəlirlər.

IV. Daimi qarışıq komissiya ilə birlikdə təhlükəsizliyə təminat verilməsi üçün ATƏT-in çoxmilli sülhü müdafiə qüvvələrinin bufer zonasında yerləşdirilməsinə kömək etmək. ATƏT-in sülhü müdafiə qüvvələri ATƏT tərəfindən təyin edilmiş qüvvələrdən ibarət olacaq və onların mandatı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə müəyyənləşdiriləcək, həm də mandat ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə yenidən qüvvəyə minəcəkdir.

V.  Köçkün şəxslərin ayırıcı zonadakı əvvəlki daimi yaşayış yerlərinə qayıtmasını həyata keçirmək. ATƏT-in sülhü müdafiə qüvvələri daimi qarışıq komissiya ilə birlikdə qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edəcək və bu zonanın silahsızlaşdırılmış rejiminə bütün tərəflərin inamını təmin edəcəklər.

VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda yolların, dəmir yollarının, elektrik və rabitə xətlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası məqsədləri ilə tədbirlər, o cümlədən bu məqsədlər üçün lazım olan bütün işlər həyata keçiriləcəkdir. Tərəflər, etnik azlıqlar da daxil olmaqla, həmin əlaqələrdən hamının istifadə etməsinə təminat verir, bu azlıqların regionun digər yerlərindəki öz etnik qrupları ilə ünsiyyətdə olmasına təminat verirlər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı və yüklərin və adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Ermənistan və Azərbaycan öz aralarında, o cümlədən Bakı - Horadiz - Mehri-Ordubad - Naxçıvan - Yerevan xəttində sərbəst və təhlükəsiz dəmir yol əlaqəsinə təminat verirlər.

VII.  Münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin qayıtmasının, itkin düşmüş  şəxslərin taleyinin  araşdırılmasının  və bütün cənazələrin   qaytarılmasının təmin olunması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin qaçqınların işləri üzrə ali komissarı ilə və digər beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etmək.

VIII. Laçın dəhlizinə aid aşağıdakı tədbirlər barəsində:

A. Azərbaycan dəhlizi ATƏT-ə icarəyə verir, ATƏT dəhlizdən yalnız Dağlıq Qarabağın hakimiyyət orqanlarının istifadəsi üçün müqavilə bağlayır (tranzit üçün aşağıda, E bəndində göstərilən istisnalarla).

B. ATƏT Dağlıq Qarabağın hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində təhlükəsizliyə nəzarət edir.

C. Laçın dəhlizinin hüdudları yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri, lazımınca nəzərə alınmaqla, II əlavədə razılaşdırılmışdır.

D. ATƏT Laçın şəhərindən yan keçən yolun çəkilməsinə nəzarət edir. Yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri Laçın dəhlizindən çıxarılır. O, (ayırıcı zonanın bir hissəsi kimi) Azərbaycanın inzibati nəzarəti altına qaytarılır və onun əvvəlki sakinləri qayıda bilərlər.

E. Dəhlizdə daimi məskənlər salınmasına və təhlükəsizlik qüvvələrinin icazə verilmiş kontingentləri istisna olmaqla, silahlı qüvvələr yerləşdirilməsinə yol verilmir. Rəsmi şəxslər, müşahidəçilər və ATƏT-in sülhü müdafiə qüvvələrinin üzvləri, eləcə də Laçın rayonundan Qubadlı rayonuna gedən və ya geriyə qayıdan regionun azərbaycanlı sakinləri qabaqcadan xəbər verildikdə istənilən istiqamətdə tranzit hüququna malikdirlər. Laçın rayonunun dəhlizin çərçivəsindən kənardakı ərazisi ayırıcı zonanın bir hissəsidir.

IX. Şuşa şəhərinə və Şaumyan rayonuna aid aşağıdakı tədbirlər barəsində:

A. Tərəflər, məhdud xidməti heyəti olan hava hücumundan müdafiə bölmələri istisna olmaqla, öz silahlı bölmələrini hər iki məntəqədən çıxarırlar.

B. Yerli hakimiyyət orqanları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidəçilərinin yerləşdirilməsinə yardım göstərəcəklər.

C. Köçkün şəxslər özlərinin əvvəlki daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyinə müvafiq yerli hakimiyyət orqanları təminat verəcəklər.

D. Qayıdan sakinlər, siyasi partiyalar yaratmaq hüququ da daxil olmaqla, bütün vətəndaş hüquqlarına malikdirlər. Onlar müvafiq surətdə Bakının və Stepanakertin parlamentlərində və bu yerlərdə seçkili şuralarda, polisdə və təhlükəsizlik qüvvələrində həmin yerlərin əhalisi arasında sayına uyğun olaraq təmsil ediləcəklər.

E. Daimi qarışıq komissiya beynəlxalq yardımın bu yerlərdə ədalətli əsasda və əhalinin hər iki qrupuna sərfəli şəkildə bölüşdürülməsini əlaqələndirir.

F. Şuşa şəhərinin Şaumyan rayonunun sakinləri yollardan, Azərbaycanın qalan hissəsi ilə və Dağlıq Qarabağla rabitədən və digər vasitələrdən təminatlı istifadə edə biləcəklər.

X. Bu sazişin Azərbaycanla və Dağlıq Qarabağla bağlı problemlərə aid müddəalarının həyata keçirilməsinə nəzarət üçün Daimi Qarışıq Komissiya (DQK) təsis etmək. DQK-nın üç həmsədri var: biri azərbaycanlı, biri Dağlıq Qarabağdan və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi. Azərbaycanlı və Dağlıq Qarabağdan olan həmsədrlərin əsas vəzifəsi sazişi  həyata  keçirməkdən  ibarətdir;  ATƏT-dən olan həmsədrin əsas vəzifəsi isə fikir ayrılıqları təqdirində vasitəçi və arbitraj olmaqdır. DQK-nın hərbi, iqtisadi, humanitar ve mədəni yardımçı komissiyaları var. DQK  və onun yardımçı komissiyalarının funksiyaları II əlavədə şərh edilmişdir.

XI. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında tam diplomatik münasibətlər yaratmaq.

XII. Bir həmsədri Ermənistan Respublikasından və digər həmsədri Azərbaycan Respublikasından olmaqla Ermənistan-Azərbaycan İkitərəfli Komissiyası (EAİK) yaratmaq. ATƏT-in fəaliyyətdə olan sədri bu komissiyada təmsil edilir. 

EAİK sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edir, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqəni həyata keçirir və yolların, dəmir yollarının, rabitə xətlərinin, boru kəmərlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası tədbirlərinə nəzarət edir.

XIII. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

XIV. Bu saziş ATƏT-in Minsk konfransında hərtərəfli nizamasalma haqqında saziş bağlanılan vaxtadək qüvvədə qalacaqdır. Həmin saziş indiki sazişdə nəzərdə tutulan təhlükəsizlik və sülhü müdafiə mexanizmlərinin əvəzinə daimi belə mexanizmlər yaradacaqdır.

 

II SAZİŞ: status

Preambula

Dağlıq Qarabağın statusu və onun əsas etnik və mədəni xarakterinin saxlanılması, Ermənistan Respublikası da daxil olmaqla, beynəlxalq birlik üçün maraq doğurur. O istər Azərbaycan Respublikasının, istərsə də Dağlıq Qarabağın hakimiyyət orqanlarının birtərəfli hərəkəti ilə müəyyən edilə bilməz. Status aşağıdakı parametrlərlə müəyyən olunur:

I. Münaqişədə iştirak edən bütün tərəflərin Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması.

II. Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdirildikdən, Minsk konfransı tərəfindən bəyənildikdən, Azərbaycanın və Dağlıq Qarabağın Konstitusiyalarında inkorporasiya olunduqdan sonra aşağıdakı hüquqları və imtiyazları əhatə edəcəkdir.

III. Dağlıq Qarabağ və Naxçıvan Ermənistanla və Azərbaycanla sərbəst və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik olacaq.

IV. Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilir.

V. Dağlıq Qarabağın referendumda “Dağlıq Qarabağ xalqı” tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaqdır. Həmin Konstitusiya bu sənəd əsasında öz müqəddəratını təyin etmək forması haqqında Dağlıq Qarabağın hakimiyyət orqanları ilə Azərbaycan arasında rəsmi sazişi inkorporasiya edəcəkdir. Azərbaycan bu sazişlərin inkorporasiyası üçün öz Konstitusiyasına müvafiq dəyişikliklər edəcəkdir.

Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.

VI.  Dağlıq Qarabağın ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyildirsə, onlar sonuncunun ərazisində qüvvəyə malikdir.

VII. Dağlıq Qarabağ özünün qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.

VIII. Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə  nümayəndələr  seçir  və  Azərbaycan prezidentinin seçkilərində iştirak edir.

IX.  Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərti ilə iqtisadiyyat, elm, mədəniyyət, idman sahələrində və humanitar məsələlərdə əcnəbi dövlətlərlə və beynəlxalq təşkilatlarla bilavasitə xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağın siyasi partiyalarının digər ölkələrdəki siyasi partiyalar ilə əlaqələr yaratmaq hüququ olacaqdır.

X.  Dağlıq Qarabağ vətəndaşlarının üzərində xüsusi olaraq “Dağlıq Qarabağ” yazılmış Azərbaycan pasportu olacaqdır. Dağlıq Qarabağ vətəndaşları Ermənistan qanunlarına uyğun olaraq əcnəbilər hesab edilməyəcəklər, istənilən vaxt Ermənistana mühacirət edə və Ermənistan Respublikasına daimi mühacirət təqdirində Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.

 XI.  Dağlıq Qarabağ valyutaların sərbəst işləndiyi azad iqtisadi zona olacaqdır.

 XII.  Dağlıq Qarabağın milli qvardiyası və polis qüvvələri olacaqdır. Dağlıq Qarabağ vətəndaşlarının Dağlıq Qarabağ ərazisində xidmət etmək hüququ olacaqdır.

XIII. Azərbaycanın ordusu, təhlükəsizlik və polis qüvvələri Dağlıq Qarabağ ərazisinə yalnız Dağlıq Qarabağ hakimiyyət orqanlarının icazəsi ilə daxil olmaq hüququna malik olacaqdır.

XIV. Dağlıq Qarabağın büdcəsi onun öz ehtiyatları hesabına əmələ gələn daxilolmalardan tərtib edilir. Dağlıq Qarabağ hökuməti Azərbaycanın və xarici ölkələrin şəxslərini və şirkətlərini kapital qoyuluşuna həvəsləndirəcək və buna təminat verəcəkdir.

XV. Dağlıq Qarabağ çox etnik xarakterə malikdir; hər bir vətəndaş bütün rəsmi və qeyri-rəsmi hallarda öz milli dilindən istifadə hüququna malikdir.

XVI. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

 

Dağlıq Qarabağ münaqişəsi üçün etimadın möhkəmləndirilməsi tədbirləri

Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq niyyətini nümayiş etdirmək üçün tərəflər hər hansı bir digər sazişi gözləmədən etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə dair aşağıdakı tədbirlərdən istənilənləri və ya onların hamısını həyata keçirə bilərlər:

- Azərbaycan və Ermənistan İcevan - Qazax sektorunda öz aralarındakı sərhəd boyunca atəşkəs rejimini dərhal bərpa etmək barədə öhdəlik götürə bilər. 1992-ci ildə tətbiq olunmuş bu rejim təcili telefon rabitəsi xəttindən və sərhəddə birgə keşik çəkilməsindən ibarət idi;

- tərəflər Dağlıq Qarabağla əlaqədar, məsələn, İcevan-Qazax sektorunda, Ermənistan-Azərbaycan sərhədi boyunca əlavə müşahidənin həyata  keçirilməsi  üçün ATƏT-in  fəaliyyətdə olan sədrinin müşahidə üzrə missiyasının genişləndirilməsi haqqında sazişə gələ bilərlər;

- humanitar tələbatların (istər Azərbaycanın köçkün şəxsləri üçün, istərsə də Dağlıq Qarabağın daxilində) müəyyənləşdirilməsi məqsədi ilə BMT-nin Qaçqınların İşləri üzrə  Ali Komissarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə dialoq. Bu, ya BMT Ali Komissarının, ya da Beynəlxalq Qızıl Xaç Komitəsinin razılığı ilə həyata keçirilə bilər;

- Dağlıq Qarabağ regionunda həm ermənilər üçün, həm də azərbaycanlılar üçün açıq olan həftəlik və ya gündəlik bazarların təşkili. Bu, sərhədi keçmək üçün məntəqələr yaradılmasını, bazar meydançalarına gələn yolların açılmasını və minalardan təmizlənməsini, tranzit rejimlərinin və ticarət qaydalarının modallığı haqqında sazişlər bağlanmasını tələb edəcəkdir.

-------------------

* ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin dinc yolla aradan qaldırılması üçün indiyə qədər üç təklif irəli sürmüşlər. Bunlardan birincisi 1997-ci il iyulun 18-də təqdim edilmiş və şərti olaraq daha çox “paket həll” adı ilə tanınan təklifdir. Həmin təklif müəyyən qeyd-şərtlərlə münaqişənin həllində əsas kimi Azərbaycan tərəfindən qəbul edilmişdir. Lakin Ermənistan bu təkliflə razılaşmamışdır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR