Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Azərbaycan Respublİkasının Dağlıq Qarabağ bölgəsİnİn azərbaycanlı İcması” İctİmaİ Bİrlİyİnİn BƏYANATI

17.07.2017

 

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2017-ci il iyulun 19-da qondarma “prezident seckiləri” keçirilməsini planlaşdırılır. Artıq necənci dəfədir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış  qeyri-qanuni rejimdə qondarma seçkilər keçirilir. Yəni,  2012-ci il iyulun 19-da qondarma “prezident seckiləri”, 2015-cu il mayın 3-də “parlament seckiləri”, 2015-cu il sentyabrın 13-də qondarma “özünüidarə orqanları”na seçkilər, 2017-cu il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin kəskin etirazına səbəb olmuş bu hadisə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin iclasında müzakirə olunmuş və qətiyyətlə pislənmişdir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər  yalnız  Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik  Şu­ra­sının  1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qət­na­mələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Minsk qrupunun göstərdiyi səy­lər Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməmişdir.

Ermənistan Respublikası beynəlxalq hüquq norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Ermənistan Respublikası öz qanunsuz digər hərəkətləri ilə də münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə ciddi zərbə vurur.

Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki  qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri  də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımamışdır. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.

Münaqişnin tezliklə həlli üçün, ilk növbədə, işğala son qoyulmalı, işğal edilmiş ərazilərdən Ermənistan qoşunları çıxarılmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu xüsusda, işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdən məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının, o cümlədən 85 mindən çox Dağlıq Qarabağ azərbaycanlılarının  öz doğma torpaqlarına geri qayıtması zəruridir. 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması regionda davamlı sülhün təmin olunması məqsədilə bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin və dialoqun formalaşdırılmasının tərəfdarıdır. Təəssüf ki, Ermənistan rejimi bu kimi konstruktiv təşəbbüsün əleyhinə çıxış edir.

 “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi  bu qondarma qeyri-qanuni rejimdə qondarma “prezident seçki”si  keçirilməsinə  etirazımızı bildirərək qeyd edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində  bütün beynəlxalq təşkilatların, xüsusilə  BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunmuşdur.

Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapmıası göstərilmişdir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir.

 Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və ədalət təmin olunacaqdır.

 

(Bəyanat  “Azərbaycan  Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”

                                             İctimai Birliyinin 17 iyul 2017-ci il tarixli

 toplantısındada  qəbul edilmişdir)

                           

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR