Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Minsk Qrupu həmsədrlərinin irəli sürdükləri təkliflər

ATƏT-İn Mİnsk Qrupu həmsədrlərİnİn İrəlİ sürdüklərİ təklİflər - 7 noyabr 1998-cİ İl

Dağlıq Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin

prinsipləri haqqında*

 

7 noyabr 1998-ci il

 

Dağlıq Qarabağ münaqişəsini, dövlətlərin ərazisi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn normalarına və prinsiplərinə müvafiq surətdə həll etmək əzmində olan Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ aşağıdakılar barədə razılığa gəlirlər:

 

I. Dağlıq Qarabağın statusu haqqında saziş

 

Tərəflər Dağlıq Qarabağın statusu haqqında saziş imzalayacaqlar və o, aşağıdakı müddəalardan ibarət olacaqdır:.

Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradır.

Azərbaycan və Dağlıq Qarabağ müvafiq dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlərin həyata keçirilməsi və qarşılıqlı surətdə həvalə olunması predmetlərinin hüdudlarını müəyyənləşdirmək haqqında saziş imzalayacaq və onun Konstitusiya qanunu qüvvəsi olacaqdır.

Azərbaycan və Dağlıq Qarabağ birgə səlahiyyətlər sahəsinə aid siyasəti və fəaliyyəti müəyyənləşdirmək üçün prezidentlərin, baş nazirlərin, parlament sədrlərinin nümayəndələrinin daxil olacağı birgə komitə yaradırlar.

Əlaqə saxlamaq və birgə tədbirləri əlaqələndirmək üçün Bakıda və Stepanakertdə müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.

Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, ticarət, elm, mədəniyyət, idman və humanitar sahələrdə əcnəbi dövlətlərlə, bu problemlərlə bağlı olan regional və beynəlxalq təşkilatlarla birbaşa xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağdakı siyasi partiyaların və ictimai təşkilatların xarici dövlətlərin siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqələr yaratmaq hüququ olacaqdır.

Dağlıq Qarabağ özünün mənafeləri ilə bağlı məsələlər üzrə Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində iştirak edir. Belə məsələlər haqqında qərarlar iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.

Dağlıq Qarabağ hökuməti özünün xüsusi maraqları olan xarici dövlətlərdəki Azərbaycan səfirliklərində və ya konsul idarələrində öz nümayəndələrinə malik ola, habelə beynəlxalq danışıqlarda, əgər bunlar Dağlıq Qarabağın mənafelərinə aiddirsə, iştirak etmək üçün Azərbaycan nümayəndə heyətlərinin tərkibində öz ekspertlərini göndərə bilər.

Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə uyğun olacaqdır. Onların mümkün olan dəqiqləşdirilməsi və ya dəyişdirilməsi Azərbaycanla Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı razılaşmaların   mövzusu ola bilər.

Azərbaycanla Dağlıq Qarabağ arasında sərhədlər bir-birinin silahsız vətəndaşlarının sərbəst hərəkəti üçün qarşılıqlı surətdə açıq olacaqdır. Gediş-gəliş və işgüzar əlaqələr zamanı onlardan gömrük rüsumu və ya başqa rüsumlar tutulmayacaqdır. Daimi yaşayış hüququ verilməsi müvafiq hökumətlərin səlahiyyətlərinə aid ediləcəkdir.

Azərbaycan və Dağlıq Qarabağ mübahisələrin nizama salınması üçün zor işlətməyəcək və ya zor işlətməklə hədələməyəcəklər.

Birgə komitə çərçivəsində aradan qaldırıla bilməyən mübahisələr və ya fikir ayrılıqları yarandıqda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin məsləhətçi rəyini soruşa bilərlər və o, qəti qərar qəbul edilərkən nəzərə alınacaqdır.

Dağlıq Qarabağın statusuna Dağlıq Qarabağın statusu haqqında Minsk konfransı tərəfindən bəyənilmiş sazişdə rəsmiləşdiriləcək aşağıdakı hüquqlar və imtiyazlar da daxildir:

1. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ xalqı tərəfindən qəbul edilmiş öz Konstitusiyası olacaqdır. Bu Konstitusiya Dağlıq Qarabağın statusu haqqında sazişin müddəalarını inkorporasiya edəcəkdir. Müvafiq olaraq Azərbaycan bu sazişin inkorporasiyası üçün öz Konstitusiyasına dəyişikliklər edəcəkdir.

Bu sazişin va ya Dağlıq Qarabağ və Azərbaycan konstitusiyalarının onu inkorporasiya edən hissələrinin müddəaları hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.

2. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycan qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın  Konstitusiyasına  və  qanunlarına zidd deyilsə, onun ərazisində qüvvəyə malikdir.

3. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.

4. Dağlıq Qarabağ öz Konstitusiyasına müvafiq olaraq qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.

5. Dağlıq Qarabağ vətəndaşlarının şəxsiyyət vəsiqəsi kimi üzərində xüsusi olaraq “Dağlıq Qarabağ” yazılmış Azərbaycan pasportu olacaqdır. Yalnız Dağlıq Qarabağ hökumətinin belə pasportları vermək hüququ olacaqdır.

Dağlıq Qarabağın erməni mənşəli vətəndaşları Ermənistana mühacirət edəndə və oraya daimi yaşamağa köçdükdə həmin ölkənin qanunlarına müvafiq olaraq Ermənistan vətəndaşlığı ala bilərlər.

6. Dağlıq Qarabağ əhalisinin Azərbaycan parlamentinə öz nümayəndələrini seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququ var.

7.  Dağlıq Qarabağ azad iqtisadi zona olacaq, Azərbaycan pul nişanları ilə yanaşı işlənən öz pul nişanlarını buraxmaq hüququna, habelə öz markalarını buraxmaq hüququna malik olacaqdır.

8.  Dağlıq Qarabağın Ermənistanla və Azərbaycanla azad və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququ olacaqdır.

9. Dağlıq Qarabağın könüllülük əsasında formalaşdırılan  milli  qvardiyası, (təhlükəsizlik qüvvələri) və polis qüvvələri olacaqdır. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərə bilməz.

10. Azərbaycanın ordusunun, təhlükəsizlik qüvvələri və polisinin Dağlıq Qarabağın hakimiyyət orqanlarının razılığı olmadan Dağlıq Qarabağın ərazisinə daxil olmaq hüququ olmayacaqdır.

11.  Erməni dili Dağlıq Qarabağın əsas rəsmi dili, Azərbaycan dili isə ikinci rəsmi dilidir. Onun vətəndaşları bütün rəsmi və qeyri-rəsmi hallarda digər doğma dillərdən də istifadə edə bilərlər.

12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən alınan vəsaitdən ibarət olacaqdır. Dağlıq Qarabağ hökuməti Azərbaycan şirkətlərini və xarici şirkətləri, şəxsləri kapital qoymağa həvəsləndirəcək, buna təminat verəcəkdir.

 

II. Laçın dəhlizi barədə

 

Azərbaycanın və Dağlıq Qarabağın razılığı ilə əgər Laçın rayonunun xüsusi rejiminə dair digər qərarlar qəbul edilməsə, Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz əlaqələri təmin etmək məqsədi ilə Dağlıq Qarabağın Laçın dəhlizindən istifadə etməsi məsələsi ayrıca razılaşmanın mövzusu olacaqdır. Laçın rayonu daim tam silahsızlaşdırılmış zona olaraq qalmalıdır.

 

III. Şuşa şəhəri və Şaumyan şəhəri barədə

 

Tərəflər razılaşırlar ki, bütün Azərbaycan qaçqınları Şuşa şəhərinə, öz  daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyi Dağlıq Qarabağın müvafiq hakimiyyət orqanları tərəfindən təmin ediləcəkdir. Onlar Dağlıq Qarabağın bütün vətəndaşları ilə eyni hüquqa, o cümlədən siyasi partiyalar yaratmaq, bütün səviyyələrdə seçkilərdə iştirak etmək, dövlət qanunvericilik orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək, dövlət qulluğuna, o cümlədən hüquq-mühafizə orqanlarına işə qəbul edilmək hüququna malik olacaqlar.

Erməni qaçqınları da Şaumyan şəhərinə qayıdarkən eyni hüquqları alacaqlar.  

Şuşa şəhərinin və Şaumyan şəhərinin sakinləri yollardan, Azərbaycanın və Dağlıq Qarabağın qalan yerləri ilə rabitədən və digər əlaqələrdən heç bir məhdudiyyət olmadan istifadə edə biləcəklər.

Dağlıq Qarabağın və Azərbaycanın hakimiyyət orqanları müvafiq olaraq Şuşa və Şaumyan şəhərlərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəliklərinin yerləşdirilməsinə və fəaliyyətinə kömək göstərəcəklər.

* * *

Dağlıq Qarabağın statusu haqqında sazişi üç tərəf imzalayacaq və o, Minsk konfransı tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcəkdir.

 

IV. Silahlı münaqişənin dayandırılması haqqında saziş

 

Tərəflər razılaşırlar ki, silahlı münaqişənin dayandırılması haqqında saziş aşağıdakı müddəaları əhatə edəcəkdir:

I. Tərəflər öz aralarında mübahisələrin həlli üçün zor işlətməklə hədələməkdən, yaxud zor işlətməkdən imtina edirlər.  Onlar silahlı münaqişənin dayandırılması haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar meydana çıxa biləcək mübahisələr daxil olmaqla, bütün belə mübahisələri dinc vasitələrlə, ilk növbədə birbaşa danışıqlar yolu ilə, yaxud ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.

II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara müvafiq olaraq və 1-ci əlavədə ətraflı şərh edildiyi kimi çıxarırlar:

A. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədi ilə Yüksək Səviyyədə Planlaşdırma Qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.

B. İkinci mərhələdə qüvvələr eyni vaxtda və 1-ci əlavədə razılaşdırılmış cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılacaqdır:

(1)   Ermənistan  Respublikasının sərhədləri xaricində yerləşən Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə aparılır.

(2) Dağlıq Qarabağın qüvvələri Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz gediş-gəliş haqqında saziş əldə edilənədək  Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci ildəki hüdudları daxilinə aparılır.

(3) Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyələrinə əsasən 1-ci əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı ərazisindən çıxarılır.

(4)  Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən, ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında, 1-ci əlavədə şərh olunmuş şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməklə bu barədə göstərilmiş yerlərə çıxarılır.

III. Qüvvələrin bu cür çıxarılması nəticəsində azad olunmuş ərazi aşağıdakı müddəalara müvafiq olaraq və 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, bufer zonası və ayırıcı zona təşkil edir:

A. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası DQMV-nin 1988-ci il hüdudları boyunca yerləşir. Əlavə razılaşma əldə edilərsə, o Laçın rayonu hüdudları boyunca da keçə bilər. Bufer zonası məskunlaşdırılmır, ATƏT-in sülhü müdafiə əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.

B. 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, sülhü müdafiə əməliyyatının daimi qarışıq komissiya ilə əməkdaşlıq fəaliyyəti üçün icazə verilmiş, o cümlədən qüvvələr istisna olmaqla, ayırıcı zona  silahsızlaşdırılır:

(1) Sülhü müdafiə əməliyyatının elementləri,

(2) Azərbaycanın sərhəddə keşik çəkmək və minalardan təmizləməyə uyğun bölmələri,

(3) Azərbaycanın say tərkibi və icazə verilmiş silahlı, 2-ci əlavədə müəyyən edilmiş mülki polisi.

C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında uçuşsuz zona yaradılır, tərəflər bu zonada hərbi uçuşlara yol vermirlər.

D. II maddəyə müvafiq olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağın hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud təhlükəsizlik strukturları tərəfindən təmin olunur.

IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına uyğun olaraq tərəflər ATƏT-in çoxmilli sülhü müdafiə əməliyyatına (“SMƏ”) dəvət edilir və onun yerləşdirilməsinə kömək göstərirlər, o, Daimi Qarışıq Komissiya (DQK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir. SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qorunub saxlanmasına və  2-ci əlavədə şərh edildiyi kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir.

Sülhü müdafiə əməliyyatı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əsasən ilkin mərhələdə bir ildən çox olmayan müddətə təsis edilir və zərurət olduqda ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə uzadılır. Tərəflər bununla razıdırlar ki, çoxmillətli sülhü müdafiə əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli nizama salınmasının həyata keçirilməsi sürətindən asılı olaraq minimum zərurət həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və sülhü müdafiə əməliyyatının hər hansı şəkildə pozulmasının, yaxud dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.

V. Tərəflər, 2-ci əlavədə göstərildiyi kimi, qaçqınların və köçkünlərin təhlükəsiz və könüllü surətdə ayırıcı zonadakı daimi yaşayış yerlərinə qayıtmasına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmağa kömək etmək məqsədi ilə SMƏ qayıdan əhalinin təhlükəsizliyinə daimi qarışıq komissiya ilə əməkdaşlıqda nəzarət edir. Tərəflər bu sazişlə əhatə olunanlardan savayı, Ermənistanla Azərbaycan arasında 1987-ci ildən sonra baş vermiş münaqişə və gərginlik nəticəsində qaçqın, yaxud köçkün düşmüş bütün digər şəxslərin təhlükəsiz şəraitdə və könüllü surətdə qayıtmasının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.

VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər yolların, dəmir yollarının, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin bərpası məqsədi ilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh olunmuş cədvələ və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə təminat yaradacaq, onların regionun başqa yerlərindəki öz etnik icmaları ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı və yüklərin, adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsini təmin edəcəklər.

VII. Tərəflər münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin tezliklə və təhlükəsiz qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılması və bütün cənazələrin qalıqlarının qaytarılmasının, yenidənqurma məqsədləri ilə ayrı-seçkilik qoyulmadan humanitar yardımın və köməyin Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının və digər beynəlxalq təşkilatların nəzarət etdikləri ərazidən münaqişə zamanı zərər çəkmiş rayonlara çatdırılmasının təmin olunması üçün onlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək tədbirlərinin həyata keçirilməsində Daimi Qarışıq Komissiya vasitəsilə ATƏT-in SMƏ ilə əməkdaşlıq edirlər.

VIII. Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlərə dair müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, sədrin bir müavini Azərbaycandan və bir müavini Dağlıq Qarabağdandır. DQK-nın əsas vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir; ATƏT-dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiyalar vermək də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları və rabitə üzrə yardımçı komissiyası var. DQK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 4-cü əlavədə şərh olunmuşdur.

IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələrin həyata keçirilməsinə yardım göstərmək və yolların, dəmiryollarının, rabitənin, boru kəmərlərinin açılmasına, ticarətin və digər münasibətlərin bərpasına dair tədbirlərə nəzarət və yardım etmək üçün dərhal Ermənistan-Azərbaycan hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-nın iki həmsədri var: biri Ermənistandan, biri Azərbaycandan. Komissiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi nümayəndə daxildir. EAHK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur.

X. Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq və Avropada adi silahlar haqqında müqaviləyə tam əməl edilməsi də daxil olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədi ilə müvafiq beynəlxalq və danışıqlar aparırlar.                       

XI. Tərəflərdən hər biri digər tərəflərin və onların əhalisinin təhlükəsizliyinə hörmət edir. Tərəflər ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək etməklə öz xalqları arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi öhdələrinə götürür və bu sazişi, yaxud mehriban münasibətləri poza biləcək bəyanatlardan və ya hərəkətlərdən çəkinirlər.

XII.  Sülhün qorunmasına va qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən 1992-ci ilin Helsinki sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırlayaraq ATƏT bu sazişin bütün cəhətlərinin tam həyata keçirilməsinə müvafiq mexanizmlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür.

XIII. Silahlı  münaqişənin dayandırılması haqqında sazişi üç tərəf imzalayacaq və o, Minsk konfransı tərəfindən bəyənildikdən və üç tərəfin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

XIV. Sazişlər imzalandıqdan və onlar Minsk konfransı tərəfindən bəyənildikdən sonra Azərbaycan Respublikası və Ermənistan Respublikası səfirlər səviyyəsində daimi diplomatik missiyalarla tam diplomatik münasibətlər yaradırlar.

 

V. Təminatlar haqqında

 

1. Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin və əvvəlki yaşayış yerlərinə qayıdan qaçqın və köçkünlərin təhlükəsizliyinin təminatı daxil olmaqla, yuxarıda göstərilən sazişlərə əməl olunmasını təmin etmək üçün öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.  

2. BMT-nin Təhlükəsizlik Şurası hərtərəfli sazişin həyata keçirilməsini izləyəcəkdir.

3. Minsk konfransının həmsədrləri Dağlıq Qarabağın statusu haqqında sazişi və silahlı münaqişənin dayandırılması haqqında sazişi şahid kimi imzalaya bilərlər. Rusiya, ABŞ və Fransa prezidentləri sazişlərin həyata keçirilməsinin gedişinə ciddi nəzarət etmək və bu sazişin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək məqsədi ilə üç ölkənin birgə fəaliyyət göstərmək niyyətini təsdiqləyirlər. ATƏT və ya BMT-nin Təhlükəsizlik Şurası, lazım gələrsə, BMT-nin nizamnaməsinə uyğun olaraq diplomatik, iqtisadi, yaxud əlacsız qaldıqda, hərbi xarakterli tədbirlər görə bilər.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan, çoxsaylı insan tələfatına, Azərbaycan torpaqlarının işğalına səbəb olan silahlı münaqişəni həll etmək üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Qrupun tərkibinə 11 ölkənin təmsilçiləri daxildir. Sonradan ümumi razılıq əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu təsis olunmuşdur.

    ----------------------   

   * ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçüncü, sonuncu təklifi 1998-ci il noyabrın 7-də irəli sürülmüşdür və daha çox “ümumi dövlət” şərti adı ilə tanınır. Azərbaycan bu təklifi qəbul etməmiş, Ermənistan isə həmin təklif əsasında münaqişənin həllini məqbul saymışdır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR