Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ağdamda axtarılan “ermənİ İzİ”

Alimlərin fikrincə, aparılan arxeoloji qazıntılar beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır 

Azərbaycan ərazilərini zaman-zaman ələ keçirən ermənilər məskunlaşdıqları yerlərdə "erməniləşdirmə siyasəti” aparırlar. Biz bunu əzəli Azərbaycan ərazisi olan İrəvan və ətraf ərazilərdə maddi-mədəniyyət abidlərinə qarşı onların törətdikləri vandallıq hərəkətlərindən də görə bilərik. Sonrakı dövrdə Qarabağ torpaqlarına iddia edən Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra çirkin "erməniləşdirmə siyasəti”ni burada da davam etdirdi. 
 
Belə ki, ermənilər Şuşada, Kəlbəcərdə, Füzulidə, Xocalıda və digər işğal olunmuş ərazilərdə Azərbaycana məxsus tarixi, maddi-mədəniyyət abidələrini özününküləşdirməyə çalışaraq bərbad vəziyyətə salıblar. Yerüstü abidələrin erməniləşdirilməsi azmış kimi, işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji qazıntılar həyata keçirir və guya bu ərazilərin "ermənilərə” məxsus olmasını sübuta yetirməyə cəhd edirlər. Son vaxtlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işlərini genişləndirib. 
 
Bu yaxınlarda işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib. İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.
 
Ermənilər qanunsuz arxeoloji qazıntı işləri aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib "Tiqranakert” qoyublar.
 
 
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, professor Fəzail İbrahimli bildirdi ki, ermənilər beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğal ediblər və belə bir cəzasızlıq mühitində həmin ərazilərdə erməniləşdirmə siyasəti yürüdürlər: "Ermənilər Kəlbəcərin qızılını çıxarır, Şuşanın sərvətlərini dağıdır və indi də Ağdamda arxeoloji qazıntılar aparırlar. Orda bir daş və ya nə isə tapıb deyəcəklər ki, bura ermənilərin dədə-baba torpağıdır. Bu ona görə baş verir ki, dünyanın aparıcı ölkələri və ya ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər Ermənistanı işğalçı kimi tanımayıb. Ermənistanı kim yerində oturtmağa cəhd edir, hansı siyasi, iqtisadi embarqolar qoyulub? Kim tərəfindən bu ölkə cəzalandırılıb? Ermənistan cəzasızlıq mühitində yaşayan bir dövlətdir, quldur bir hakimiyyəti var və arxasında dayanan dövlətlər tərəfindən dəstəklənir, nəticədə də öz bildiyini edir. Hesab edirəm ki, Azərbaycan tərəfi ermənilərin Ağdamda apardığı qanunsuz arxeoloji qazıntılarla bağlı müəyyən addımlar atmalıdır”.
 
F.İbrahimli qeyd etdi ki, bu arxeoloji qazıntılarla Azərbaycanın tarixini saxtalaşdırmaq hansısa erməninin istəyinə görə olan məsələ deyil: "Bunlar işğal olunmuş ərazilərdə harada gəldi, üzəri ermənicə yazılmış daşlar basdırır, sonra da "tapırlar”. Əslində bununla Azərbaycan tarixini saxtalaşdırmaq mümkün deyil. Ermənilərin bu təxribatının qarşısının alınması üçün Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”.
 
 
 
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirdi ki, son 4-5 ildə ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər: "Onlar apardıqları arxeoloji qazıntılara bir sıra xarici mütəxəssisləri də cəlb edirlər ki, məsələ bir qədər beynəlxalq xarakter alsın. Azərbaycanda, konkret olaraq Qarabağ ərazisindəki Azıx mağarasında tapılan maddi-mədəniyyət nümunələri  yaşına görə dünyada 4-5 qədim yaşayış məntəqələrindən biridir. Ermənilər gedib burada da axtarışlar aparıblar. Xarici mütəxəssislər qanunsuz olaraq sərhədi pozublar, ermənilər isə bizim dövlət qurumlarının icazəsi olmadan Azıx mağarası ətrafında qazıntı işləri aparırlar. Onların bu kimi hüquqa zidd əməlləri Azərbaycanın həm ərazi bütövlüyü, həm də suverenliyinin ciddi şəkildə pozulmasıdır. Ermənilər hələ sovet dövründə azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini dağıdıblar. Bilirik ki, Ermənistan ərazisində 300-dən çox məscid olub, bu gün həmin məscidlərin heç biri yoxdur və hamısı məhv edilib. Eyni siyasət hazırda işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilir. Ermənilər Azıx ətrafında qazıntılardan başqa, Şuşada da bir çox tarixi, maddi-mədəniyyət abidələrini saxtalaşdırıblar, onlar ətrafında qazıntılar aparıblar. Onlar bu qazıntılarla Qarabağ ərazisində "erməni izi” axtarırlar”.
E.Əhmədov əlavə etdi ki, ermənilər işğal edilmiş ərazilərdə arxeoloji qazıntılar aparmaqla Azərbaycan qanunvericiliyi ilə yanaşı, həm də beynəlxalq hüququ kobud şəkildə pozublar: "Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın tarixi, mədəni və dini abidələrinin dağıdılması və qəsdən məhv edilməsi "Silahlı münaqişə baş verən zaman mədəni dəyərlərin qorunması haqqında” BMT-nin 1954-cü il Konvensiyasına ziddir. Bundan başqa, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası ermənilər tərəfindən kobud şəkildə pozulub. Ermənistanın həyata keçirdiyi bu beynəlxalq hüquqa zidd hərəkətlərə təəssüflər olsun ki, beynəlxalq qurumlar heç bir mövqe bildirmir, bu vandalizmə ikili standartlarla yanaşırlar. Ancaq son dövrlər Azərbaycanın artan siyasi imici, iqtisadi gücü, hərbi potensialı bizə əminliklə əsas verir ki, Prezident İlham Əliyevin səyi nəticəsində Qarabağ məsələsi tezliklə öz həllini tapacaq. Biz nə olursa-olsun, o torpaqları işğaldan azad edəcəyik və azərbaycanlılara məxsus olan tarixi, maddi-mədəniyyət abidələri bərpa olunacaq”.
 
Bəxtiyar MƏMMƏDLİ    
http://www.kaspi.az/az/adamda-axtarilan-ermeni-izi/       
 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR