Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Polİtoloq: “Prezİdent İlham Əlİyev Sarkİsyanın çıxışını alt-üst etdİ”

BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMTAzərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMTsessiyasında iştirakı vacib idi”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışına münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.  

 

E. Şahinoğlu bildirib ki, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. Politoloq hesab edir ki, Azərbaycan prezidentinin BMT-nin 20 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var: “Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj SarkisyanBMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi. Prezident İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi, beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırkı prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sarkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sarkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”. İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüququmuz var və bu hüquq elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə, ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə, beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.

 

Ekspert Azərbaycan prezidentinin BMT tribunasından ölkədəki iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən və Azərbaycanda multikulturalizmdən bəhs etməsini önəmli sayıb: “Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər. Üçüncüsü, İlham Əliyev 2016-ci ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan olunduğunu xatırlatdı. Azərbaycandakı indiki hakimiyyətinin əsas uğurlarından biri məhz ölkədəki dini dözümlülüyün dərin tarixi köklərə malik olduğunu beynəlxalq aləmə aşılaya bilməsidir. Dünyada artıq çoxları bilir ki, Azərbaycanda bütün dinlər rahat şəkildə varlığını sürdürür, məscidlər kilsə və sinaqoqlarla qonşudur. Bu səbəbdən İlham Əliyevin çıxışının bu hissəsini “bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır” cümləsi kimdəsə şübhə doğurmaz”.

 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu APA-ya açıqlamasında deyib ki, prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72- ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nüfuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi olub: “Prezident İlham Əliyev ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq bunun yolverilməz olduğunu bildirdi. O, azərbaycanlılara qarşı soyqırım törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan dövlət başçısı artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını söylədi. Bu təklif hazırda islahatların aparılmasının zəruri olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə yetirilmir. BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda dünyanı xaos bürüyür, etnik separatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq hazırkı mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT doğurdan da öz Nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə gətirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır”.

 

H. Babaoğlu prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında işğalçı Ermənistana xəbərdarlığını önəmli sayıb:  “Azərbaycan prezidenti işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər. Ona görə də, beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. Yüksək tribunadan səsləndirilən bu cəsarətli fikir əslində Ermənistanla bərabər həm də onun işğalçılıq  siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan inkişaf edən, hüquqi demokratik dövlətdir. Ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu daima artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Prezident İlham Əliyevin BMT Baş Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli  ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla, həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə  ən yaxşı təqdimatı kimi səciyyəvi oldu”.

 

Politoloq Qabil Hüseynli APA-ya açıqlamasında bildirib ki, Ermənistan prezidentinin çıxışı ilə müqayisə edildikdə Azərbaycan prezidentinin çıxışı çox əhəmiyyətli və aydınlaşdırıcı idi: “İşğalçı dövlətin rəhbəri Xocalı soyqırımının iştirakçısı ola-ola Azərbaycanı təqsirləndirməyə başladı. Dövlət başçımız ona çox layiqli cavab verdi ki, bu gün Ermənistan prezidenti vaxtilə Xocalı soyqırımının başında dayanıb, torpaqlarımızı işğal edib və 30 mindən çox insanın həlak olmasında təqsirkarlardan biridir. Üstəlik, prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və 1 milyondan çox insanın didərgin düşməsi faktını vurğulamaqla dünya ictimaiyyətini bu məsələnin tənzimlənməsinə kömək etməyə çağırdı. Bildirdi ki, BMTTəhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var, elə qətnamələr var ki, bir gündə həyata keçirilir, amma torpaqlarımızın işğalı ilə bağlı qəbul edilmiş qətnamələr 25 ildir həyata keçirilmir. Dövlət başçısı sual etdi ki, bu ikili standartlar nə üçün baş verməlidir, BMT kimi nüfuzlu təşkilat qətnamələrin icrasını niyə təmin etmir? Bugünkü Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir? Dövlət başçısının çıxışı 5 dəqiqə oldu. Bütün problemləri 5 dəqiqəlik çıxışa sığışdırmaq mümkün deyil. Amma hər halda Azərbaycan prezidenti bir çox problemləri 5 dəqiqəyə sığışdıra bildi. Özü də Azərbaycan prezidenti Ermənistan prezidentindən fərqli olaraq, ingilis dilində çıxış etdi və bu da Azərbaycan prezidentinin çıxışına rəğbəti artıran amillərdən biridir. Hesab edirəm ki, Azərbaycan prezidentinin çıxışı BMT Baş Assambleyasının bütün üzvləri tərəfindən rəğbətlə qarşılandı”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR