Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Nazirlər Şurası Qərarları

ATƏT-İn Nazİrlər Şurasının 10-cu görüşü Nazİrlər Şurasının Bəyanatları - Porto, 7 dekabr 2002-cİ İl

ATƏT-in Nazirlər Şurasının 10-cu görüşü

Nazirlər Şurasının Bəyanatları

 

Porto, 7 dekabr 2002-ci il


            Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilməməsindən dərin təəssüf hissi keçirməkdə davam edirik. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək. 

Biz sülh dialoqunun davam etdirilməsi vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz həmçinin tərəfləri qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.

Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq. Biz Ermənistan və Azərbaycan prezidentlərinin və onların şəxsi nümayəndələrinin davam edən görüşlərini xüsusilə alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.

 

ƏLAVƏ

 

Azərbaycan Nümayəndə heyəti tərəfindən Helsinki məsləhətləşmələrinin Yekun tövsiyələrinin 79-cu Paraqrafına (Fəsil 6) müvafiq olaraq

  

 

İzahedici Bəyanat

 

ATƏT-in Nazirlər Şurasının 10-cu görüşünün indi qəbul edilmiş qərarı ilə əlaqədar mən Helsinki məsləhətləşmələrinin Yekun tövsiyələrinin Fəsil 6, 79-cu Paraqrafına müvafiq olaraq izahedici bəyanat vermək istərdim. 

Azərbaycan Respublikası ATƏT-in aşağıdakı prinsiplərindən çıxış edərək Ermənistan və Azərbaycan arasında münaqişəyə dair bəyanat üzrə konsensusa qoşulmuşdur ki, bu prinsiplərə əsasən

 “İştirakçı dövlətlər hər bir iştirakçı dövlətin ərazi bütövlüyünə hörmət edəcəklər.
     Beləliklə, onlar istənilən iştirakçı dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya birliyinə qarşı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olmayan hər hansı hərəkətdən və, xüsusilə hədə və ya gücdən istifadəni təşkil edən hər hansı belə hərəkətdən çəkinəcəklər.

İştirakçı dövlətlər eynilə bir-birinin ərazisini beynəlxalq hüquqa zidd olaraq hərbi işğal və ya digər birbaşa və ya dolayı yolla güc tədbirləri obyekti, yaxud belə tədbirlər və ya onlarla hədələmək vasitəsilə ələ keçirmək obyekti etməkdən çəkinəcəklər. Heç bir belə işğal və ya ələ keçirmə qanuni sayılmayacaq”.
     Azərbaycan tərəfi həmçinin vurğulamaq istərdi ki, xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi Helsinki Yekun Aktının aşağıdakı prinsiplərinə müvafiq olaraq həyata keçiriləcək:

“İştirakçı dövlətlər, bütün zamanlarda Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun hərəkət edərək  xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmək hüququna hörmət edəcəklər”.

Bundan başqa, Azərbaycan Respublikası bildirir ki, Ermənistan və Azərbaycan arasında münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında həll oluna bilər ki, bu da aşağıdakıları nəzərdə tutur:
     - Ermənistan tərəfindən Dağlıq Qarabağ regionu onun ayrılmaz hissəsi olan Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq tanınması;
     - erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ regionundan dərhal və qeyd-şərtsiz çıxarılması;
     - zorla qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına təhlükəsiz şəraitdə qayıtması üçün bütün əlverişli şərtlərin yaradılması.

Bundan əlavə, Azərbaycan Respublikası bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni icması üçün işlənib hazırlanacaq hər hansı özünüidarə statusu yalnız Azərbaycanın ərazi bütövlüyünə tam hörmət edilməsi əsasında mümkün olacaq.

Bu bəyanatı günün protokoluna əlavə etməyi xahiş edirəm.

Azərbaycan Respublikasının nümayəndə heyəti

 

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR