Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan Xarİcİ İşlər Nazİrlİyİ Bako Saakyanın Moskvaya səfərİ İlə bağlı Rusİya XİN-İn şərhİnə münasİbət bİldİrİb

Rusiya Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə “rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib. Şərhdə bildirilir ki, bu səfər Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil.

Yenə də xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: “Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.

Azərbaycan XİN-in rəsmisi deyib:

-Bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: “Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir”.

Rusiyanın vasitəçilik missiyasına gəldikdə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir: “Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaq”.

Həmçinin sual yaranır: əgər bu, həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) “şəxsi” səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə, mənşə ölkəsinin – Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR