Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

İtalİyanın “Agenzİa Nova” agentlİyİ Azərbaycan və Ermənİstan qoşunlarının təmas xəttİndən xüsusİ reportaj hazırlayıb

Bakı, 29 yanvar, AZƏRTAC

İtaliyanın “Agenzia Nova” informasiya agentliyi bu media qurumunun Azərbaycana ezam olunmuş müxbiri Valerio Palombaronun təmas xəttinə, o cümlədən Xocavənd və Cəbrayıl rayonlarına səfəri əsasında yazdığı məqalələri yayıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan: Dağlıq Qarabağdakı təmas xətti və məcburi köçkünlərin təhlükəsizliyi üçün görülən işlər” adlı məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin 25 ili ərzində rəsmi İrəvanla münaqişənin həlli istiqamətində diplomatik səylərin aparılmasına paralel olaraq, rəsmi Bakının dövlət qurumları müharibə nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qalmış çoxsaylı məcburi köçkünü müvafiq yaşayışla təmin etmək üzərində də iş aparır. “Agenzia Nova” informasiya agentliyi təmas xəttinə səfər etmiş, Xocavənd (sahəsi 1458 kvadratkilometr olan və yalnız 14 min hektar ərazisi Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağın rayonu) və böyük hissəsi Ermənistanın hərbi işğalı altında olan və Dağlıq Qarabağın ətraf yeddi rayonundan (Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və Cəbrayıl) biri və kiçik bir hissəsi Azərbaycanın nəzarətində olan Cəbrayıl rayonunun yerli qurumları ilə görüşmüşdür. Tez-tez “dondurulmuş” münaqişə olaraq istinad edilən Dağlıq Qarabağ münaqişəsi 2016-cı ilin aprelində “dördgünlük müharibə” kimi tanınan yeni bir gərginliyin artması riski ilə qarşılaşdı.

Bu yaxınlarda baş vermiş hərbi əməliyyatların nəticəsi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərlə təmas xəttinin cənubunda və İranla 2 kilometrlik məsafədə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sözügedən “dördgünlük müharibə” zamanı həlak olmuş 22 azərbaycanlı gəncin xatirəsinə ucaldılmış memorial yaradılıb. Burada dondurulmuş münaqişə ifadəsinin müəyyən mənada yanıldıcı olduğunu anlamaq mümkündür. Cocuq Mərcanlı Cəbrayıl rayonunun Azərbaycanın nəzarətinə qaytarılmış kəndidir. 2016-cı ildə Azərbaycan Ordusu Ermənistanın hücumuna cavab olaraq həyata keçirdiyi əks-hücum hərbi əməliyyatı nəticəsində 8 min hektara yaxın ərazini azad etməyə müvəffəq olub. Habelə Azərbaycan Ordusu 2018-ci ildə Naxçıvanda digər 11 min hektar ərazini nəzarəti altına qaytarmağa nail olub.

2016-cı ildə “dördgünlük müharibə” bitdikdən sonra qısa müddət ərzində yenidən bərpa olunaraq 150 ailə üçün evlərin inşa edildiyi Cocuq Mərcanlı kəndi barədə danışan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib: “Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini istəyir, lakin danışıqların uzun sürməsindən artıq təngə gəlib”. Aprel döyüşlərində Azərbaycan Ordusu əhəmiyyətli irəliləyiş əldə edərək ərazinin bir hissəsini, xüsusilə bu ərazidə əhalinin təhlükəsizliyini təmin etmək üçün vacib bir təpənin üzərində nəzarəti bərpa etməyə müvəffəq olub. Buna baxmayaraq, kəndin təmas xəttindən yalnız 500 metr məsafədə və bu ərazidə hərbi birləşmələrin mövcud olduğunu nəzərə alsaq bəzi təhlükəsizlik problemləri vardır ki, buna görə əvvəlcədən planlaşdırıldığı kimi 428 ailənin hələ tam yerləşdirilməsi mümkün olmayıb.

“Əgər bu gün müharibə olsa, Azərbaycan hərbi baxımdan Ermənistandan daha güclüdür”, - deyə K.Həsənov əminliklə bildirib. “Yerli əhali yorulub. Danışıqlar həmişə davam edə bilməz. Hər bir halda biz diplomatiyaya ümidvar olmaqla davam edirik və öz qurumlarımıza inanırıq; digər tərəfdən, mən məcburi köçkünlərdən səbirlərinin bitmək üzrə olduğuna və artıq 25 ildən sonra konkret irəliləyişlərin təcililiyinə ehtiyacın olduğuna dair mütəmadi olaraq müraciətlər alıram”. Burada münaqişənin “yaraları” hələ də açıqdır və öz yurdlarına qayıtmaq istəyənlərin səbirləri sonsuz deyildir. Eyni vəziyyəti uzun illər öncə salınmağa başlamış məcburi köçkünlər üçün daha strukturlu qəsəbələrin olduğu Xocavənd haqqında da demək olar. “Neftdən gələn ilk gəlirlər Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün bir sıra qəsəbələrin inşasının maliyyələşdirilməsinə sərf edilib”, – deyə müvəqqəti olaraq Beyləqan rayonunda yerləşən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib.

Söhbət aparılmış insanların dediklərinə əsasən, 1992-ci ildə ermənilər Xocalıda yerli əhaliyə qarşı “soyqırımı” törədib, qəsəbənin mülki əhalisi olan hər 10 nəfərdən biri qətlə yetirilib, qadın və uşaqlar da daxil olmaqla, ümumilikdə, 613 nəfər öldürülüb. Bu rayonun Azərbaycanın nəzarəti altında olan hissəsində məcburi köçkünlər üçün 2 qəsəbə salınıb, qəsəbələr bütün lazımi xidmətlərlə təmin edilib: biri (500 ailədən ibarət bölgənin ən böyük qəsəbəsi) dövlətin maliyyə dəstəyi hesabına salınıb və 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı həyata keçirilib. Digəri isə 2002-ci ildə beynəlxalq təşkilatların dəstəyi ilə salınıb. Qəsəbənin sakinləri dövlət tərəfindən işıq və qaz ödənişlərindən azad edilib. İcra başçısı bildirib ki, bu yaz məcburi köçkünlər üçün digər qəsəbə istifadəyə veriləcək.

“Biz beynəlxalq hüququn hörmət edilməsinə zəmanət verən həll yolunu istəyirik, lakin əgər danışıqlar nəticə verməsə, biz yenidən silahlanmağa hazırıq. Hər şeyi qəbul edə bilərsən, lakin öz torpaqlarının itirilməsini yox. Bu qəsəbələrin salınması o demək deyil ki, biz burada qalmaq istəyirik. Öz ərazilərimizi nəyin bahasına olursa-olsun azad etmək niyyətindəyik”, - deyə müharibə zamanı Xocavəndin müdafiə qüvvələrinin başçısı olmuş E.Hüseynov bildirib. Hüseynov danışıqların davam etdiyi hazırkı formata tənqidi yanaşır. Onun fikrincə, Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, Rusiya, ABŞ) orada mövcud olan güclü erməni icmaları təsir göstərir. “Biz yalnız beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hörmət tələb edirik”, - deyə o vurğulayıb. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda, Ermənistanın da marağında ola bilər. Belə ki, bu münaqişə olmasa, Ermənistan Qafqaz regionunda bütün strateji infrastruktur və enerji layihələrinə cəlb edilə bilər. Bu xüsusda yerli qurumların nümayəndələri əmin edirlər ki, İrəvan “1988-ci ildən əvvəl azərbaycanlılarla sülh şəraitində yaşamış” 140 minə yaxın erməni ilə müqayisədə bu gün 50 min erməninin yaşadığı Dağlıq Qarabağ regionunun inkişafı üçün layihələr deyil, məhz “böyük Ermənistan” yaratmaq arzusundadır.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR