Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Türkİyənİn Mİllİ Müdafİə Unİversİtetİndə “Dağlıq Qarabağ problemİ” və “Xocalı soyqırımı” mövzularında təqdİmatlar keçİrİlİb

Bakı, 1 mart, AZƏRTAC 

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında 10-cu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının Protokolu”na əsasən İstanbulda, Türkiyənin Milli Müdafiə Universitetində “Dağlıq Qarabağ problemi” və “Xocalı soyqırımı” mövzularında təqdimatlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək hər iki mövzuda iştirakçılara ətraflı məlumat verib.

Türk dilində təqdimat slaydlarından və əyani vasitələrdən geniş şəkildə istifadə edilməsi təqdimatçı və auditoriya arasında fikir mübadiləsinin daha səmərəli keçməsinə səbəb olub.

Polkovnik Abdulla Qurbani Qarabağın tarixi, ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Qarabağın dağlıq hissəsinə köçürülməsinin səbəbləri, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək, onu itaətdə saxlamaq, öz mövqelərini möhkəmləndirmək istəyən çar Rusiyasının XVIII əsrin sonlarından başlayaraq Türkiyəyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsi, “böyük Ermənistan” dövlətinin yaradılması üçün ermənilərə maddi və mənəvi dəstək verməsi barədə söz açıb. Onun 200 ildən çox müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin mərhələləri, havadarlarına arxalanan erməni-şovinist qüvvələrinin, “Armenakan”, “Qnçaq”, “Daşnaksütyün” partiyalarının təhriki ilə törədilən qətliamlar, soyqırımlar, Türkiyənin və Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı terrorlar, o cümlədən XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımının səbəbləri, nəticələri və dünyada tanıdılması istiqamətində görülən beynəlxalq əhəmiyyətli tədbirlər barədə təqdimatı 17 ölkəni təmsil edən yüksəkrütbəli zabitlər, generallar və professor-müəllimlər tərəfindən həyəcanla dinlənilib, onlarda təcavüzkara qarşı kəskin nifrət hissləri oyadıb.

Mərasim iştirakçıları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində bundan sonra da Azərbaycan xalqının yanında olacaqlarını bildiriblər. Çıxışlarda insanlıq əleyhinə yönəldilmiş Xocalı soyqırımı kimi son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda hüquqi-siyasi qiymətini tezliklə alacağına əminlik ifadə olunub.

Milli Müdafiə Universiteti rektorunun müavini, general-mayor Celalettin Bacanlı polkovnik Abdulla Qurbanini 15 ildən çox müddətdə tanıdığını vurğulayaraq, onun yaradıcılığına yaxından bələd olduğunu, Vətən qarşısındakı xidmətlərini və bugünkü tarixi faktlara əsaslanan geniş və əhatəli çıxışını yüksək dəyərləndirərək minnətdarlığını bildirib. C.Bacanlı nəzərə çatdırıb ki, A.Qurbani hələ 2005-ci ildə nəşr olunmuş “Qar bəbirləri” kitabında onun xidmətləri barədə də kifayət qədər məlumat verib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlərini oxuculara təqdim edib.

Mərasimin sonunda Milli Müdafiə Universitetinin rektoru, Osmanlı tarixinin görkəmli tədqiqatçısı, əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş professor-doktor Erhan Afyoncu çıxış edərək təqdimatların yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova və təqdimatçı zabitə rəhbərlik etdiyi universitetin kollektivi adından minnətdarlıq edib. O, polkovnik Abdulla Qurbanini təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Professor-doktor E.Afyoncu müəllifi olduğu “Osmanlı tarixi” adlı kitaba avtoqraf yazaraq onu Azərbaycanın müdafiə nazirinə çatdırmağı xahiş edib.

Milli Müdafiə Universiteti və səfər təəssüratlarını bölüşən A.Qurbani deyib: “Qardaş Türkiyədə dəfələrlə olmuşam. Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti müəllifi olduğum “Türk Sancağı” adlı tarixi dram əsasında hazırladığı tamaşanı İğdır, Qars, Ərzurum, Yozqat və Ankara şəhərlərində nümayiş etdirərkən mən də həmin tamaşalardan əvvəl türk qardaşlarımızın qarşısında çıxışlar etmişəm. Ötən il Ankarada şəhidlərin anım mərasimlərində Türkiyənin bütün bölgələrini təmsil edən şəhid ailələri ilə görüşüb, ayrı-ayrı tədbirlərə qatılmışam. Ancaq budəfəki mərasim daha məsuliyyətli, ciddi, qürurverici idi. Əvvəla, təqdimat nüfuzlu bir məkanda – dünyanın bir çox ölkələrinin yüksəkrütbəli zabitlərinin təhsil aldıqları Türkiyə Respublikasının Milli Müdafiə Universitetində keçirilirdi. Bu universitet üç il əvvəl Milli Müdafiə Nazirliyinə bağlı olaraq yaradılan dünyanın ən böyük ali hərbi təhsil qurumudur. 2016-cı ilə qədər Türkiyədə mövcud olan hərbi məktəblər - Quru, Dəniz, Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldıqları ali hərbi məktəblər, həmçinin tam hərbi təhsil verən hərbi akademiyalar Milli Müdafiə Universitetinin tərkibinə daxil edilib və öz nizamnamələri əsasında fəaliyyət göstərirlər. Belə bir xüsusi təyinatlı təhsil ocağı kompleksində fəaliyyət göstərən Türkiyə Respublikası Baş Qərargahının Hərbi Oyunlar və Mədəniyyət Mərkəzinin Atatürk salonunda Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı mövzularında təqdimatlar aparmaq üçün mənə göstərdikləri etimada görə Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Bu təqdimatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğundur”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR