Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycanın BMT yanında daİmİ nümayəndəsİ Ermənİstan rəhbərlİyİnİn beynəlxalq hüquqİ öhdəlİklərİnİ növbətİ dəfə pozması barədə BMT Baş katİbİnə məktub ünvanlayıb

Vaşinqton, 1 iyun, AZƏRTAC

Azərbaycanda Şuşa şəhərinin və Şuşa rayonunun 30 kəndinin 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmasını heç vaxt unutmayacaqlar. Bu, Tehranda Ermənistanla Azərbaycanın siyasi rəhbərləri arasında danışıqlar zamanı baş verib. Tərəflər həmin görüşün nəticələrinə dair birgə bəyanat imzalayıblar və münaqişəni beynəlxalq hüquq normalarına müvafiq surətdə sülh vasitələri ilə həll etməyi öz öhdələrinə götürüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlanmış məktubunda danışılır. Məktubda Şuşa şəhərinin işğalı, Azərbaycanın mədəniyyət abidələrinin erməni işğalçılar tərəfindən məhv edilməsi, Ermənistanın Azərbaycana təcavüzü, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi barədə faktlar təqdim

olunub.

Y.Əliyev yazır ki, Ermənistan növbəti provokasiyaya əl ataraq, həm beynəlxalq hüquqi öhdəliklərini, həm də münaqişənin nizamlanmasının indiki prosesi çərçivəsindəki öhdəliklərini pozub. Məsələn, bütün dünyanın İkinci Dünya müharibəsində Qələbə Gününü qeyd etdiyi bir gündə - 2019-cu il mayın 9-da Ermənistanın siyasi rəhbərliyi regionda Azərbaycanın tarixi mərkəzi və mədəni beşiyi sayılan Şuşa şəhərinin 1992-ci ilin mayında ermənilər tərəfindən zəbt edilməsi ilə əlaqədar “bayram tədbirlərində” iştirak etmək üçün Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionuna gedib.

Şübhə yoxdur ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə görüşdən və danışıqların yenidən başlanmasından sonra atılmış belə riyakar və həyasız addımlar narazılığın daha da güclənməsinə, sülh və barışıq perspektivlərinin isə azalmasına gətirib çıxaracaq.

Ermənilərin Şuşaya hücumu nəticəsində 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb və 58 nəfər itkin düşüb. İşğal edilmiş bütün ərazilər boyu Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb, 24 mindən çox Şuşa sakini doğma yurdlarını tərk etməyə məcbur olub.

O vaxtdan etibarən Şuşada Pənahabad qalası, Qaraböyük xanım bürcü, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, Saatlı, Xoca Mərcanlı, Mərdinli, Köçərli, Culfalar, Hacı Yusifli, Çöl Qala, Təzə məhəllə və Çuxur məhəllə məscidləri, Məşədi Şükür Mirsiyab və Məşədi Hüseyn Mirsiyabın karvansarası, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərinin mədrəsələri, Natəvanın evi, Şuşa Şəhərinin Tarixi Muzeyi, Azərbaycan Dövlət Xalça Muzeyinin Şuşa filialı, Qarabağ Tarix Diyarşünaslıq Muzeyi, Qarabağ Ədəbiyyatı Muzeyi, Dövlət Rəssamlıq Qalereyası, Üzeyir Hacıbəylinin ev muzeyi, Mirzə Mövsüm Nəvvabın ev muzeyi və Molla Pənah Vaqifin məqbərəsi kimi bir çox unikal tarixi və dini obyektlər məhv və qarət edilib, Azərbaycanın mədəni və tarixi irsinin bütün izlərini və əlamətlərini bu şəhərdən silmək üçün sistemli addımlar atılıb.

Y.Əliyev qeyd edir ki, Ermənistan özünün ilhaqçı siyasətini həyata keçirmək vasitəsi kimi azərbaycanlıların didərgin salındığı işğal edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində məskunların yerləşdirilməsini də təşviq edir və onların rahat köçməsinə şərait yaradır ki, bu da beynəlxalq hüququn aşkar pozulması deməkdir və münaqişənin siyasi yolla tənzimlənməsi niyyətlərinə zidd addımdır.

Azərbaycan şəhərinin çoxsaylı qurbanlar və məşəqqətlər bahasına başa gəlmiş işğalının bayram və mədh edilməsi də İkinci Dünya müharibəsi illərində istibdad və müstəmləkəçilikdən azad olmaq uğrunda canlarından keçmiş milyonlarla insanın xatirəsinə böyük hörmətsizliyin təzahürüdür. İkinci Dünya müharibəsi illərində erməni legionunun komandirləri olmuş nasist generallar Qaregin Njdenin və Drastamat Kanayanın Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilməsi faktı nəzərə alınsa, Yerevanın bu siyasətində qəribə heç nə yoxdur.

Yuxarıda barəsində danışanlar təsdiq edir ki, bu yaxınlarda Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq bu ölkə əvvəlki kimi regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükədir və bu, Birləşmiş Millətlər Təşkilatı və bütövlükdə beynəlxalq birlik tərəfindən xüsusi diqqət və təxirəsalınmaz reaksiya tələb edir.

Şübhə yoxdur ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş bütün ərazilərindən, o cümlədən Şuşa şəhərindən çıxarmalı olacaq. Azad edilmiş rayonların demoqrafik vəziyyəti və mədəni strukturu bərpa olunacaq. Zorla doğma yurd-yuvalarından qovulmuş əhalinin təhlükəsizlik və layiqli şəkildə öz evlərinə qayıtmaq hüququ təmin ediləcək.

Ermənistan provokasiyalar törətməyə və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu imitasiya etməyə vaxt sərf etməkdənsə, qeyri-sabit status-kvonu uzatmağa yönələn səmərəsiz cəhdlərini dayandırmalı və öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir.

Sonda Azərbaycan diplomatı xahiş edir ki, bu məktub Təhlükəsizlik Şurasının gündəliyinin və sənədinin 35-ci və 41-ci bəndlərinə müvafiq olaraq Baş Assambleyanın sənədi kimi yayılsın.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR