Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Məqalələr

ATƏT-İn Mİnsk Qrupu: 22 İllİk fəalİyyətsİzlİk

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası “Beynəlxalq

münasibətlər və xarici siyasət” kafedrasının dosenti,

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ

bölgəsinin azərbaycanlı  İcması” İctimai Birliyi

Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

 

ATƏT-in Minsk Qrupu: 22 illik fəaliyyətsizlik

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri baş tutdu. Amma bu dəfəki səfər heç də əvvəlkilər səviyyəsində yadda qalmadı. Minsk Qrupunun fəaliyyətsizliyi göz qarşısındadır. Hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar 22 illik Minsk Qrupunun fəaliyyətsizliyindən xəbər verir.

1992-ci ildən- 2014-cü ilə qədər, yəni 22 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 27 nəfər sədrlik (həmsədrlik) etmişdir:

İtaliya – 1 nəfər; İsveç – 1 nəfər; Finlandiya – 1 nəfər; Rusiya – 7 nəfər; Fransa – 7 nəfər; ABŞ – 10 nəfər. 

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salıb qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan indiyə qədər prezidentlər Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada və Sədərəkdə 47 görüş keçirimişlər. 

 Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. 

 Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təş­­kilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənis­tan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı tə­ca­­vüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qa­ra­­bağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi ta­nın­masını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır. 

 Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir. 

 Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələri, eləcə də Təhlükəsizlik Şu­ra­sı sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, bu sənədlər qəbul edilərkən şuranın üzvü olan böyük dövlətlər, xüsusilə də ABŞ, Rusiya, Fransa nümayəndələri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına ra­zı­lıq verməyərək münaqi­şənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına  üs­tünlük vermişlər.

 Minsk qrupunun göstərdiyi səy­lər Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respublikası­na qarşı Ermənistan Respublikasının birbaşa təcavü­zü faktının etiraf olunmaması ilə bağlıdır.

 Ermənistan Res­pub­li­kası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prin­siplərini kobud şəkildə pozmasına baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahə­sin­də çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermə­nis­tan silahlı qüvvələrinin münaqişədə bi­la­vasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Er­mənistan Respublikasının münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapmışdır. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR