Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

ATƏT PA-nın qətnaməsİ Dağlıq Qarabağ münaqİşəsİnİn Azərbaycanın maraqları çərçİvəsİndə həllİ üçün vacİb dəstəkdİr

Lüksemburq, 8 iyul, AZƏRTAC

ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Sessiyada müxtəlif məsələlərə toxunulsa da, əsas müzakirələrin Siyasi işlər və təhlükəsizlik komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında çoxsaylı çıxış və görüşlərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində siyasi komitənin qətnamə layihəsində münaqişələrin həlli üçün yeni yanaşma öz əksini tapdı.

Bu yanaşma aşağıdakıları əhatə edir:

• ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan münaqişələrə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Hətta Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, münaqişələrə bu cür vahid yanaşmasının sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adının siyahıdan çıxarılmasını təklif etdiyi dəyişiklik 41 əleyhinə, 6 lehinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

• Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində mövcud olan münaqişələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında nəticəyönümlü danışıqların aparılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.

• Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

• Sənəddə münaqişə ərazisi kimi yalnız Azərbaycanın göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.

• BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.

• Bu qətnamə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun - güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında həll olunma prinsiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə bir daha rəsmi dəstək verdi.

• Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu.

• Bu qətnamə ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan onun mühüm siyasi əhəmiyyəti var.

Qeyd etmək lazımdır ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə, qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün vacib dəstəkdir.

Dağlıq Qarabağ münaqişəsi və işğal olunmuş digər rayonlarla bağlı məsələnin ATƏT Parlament Assambleyasının iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərini daha çox qəbul etmələrinə səbəb oldu.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR