Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXXVI konfransı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına qarşı təcavüzü üzrə Q Ə T N A M Ə - Dəməşq, 23-25 may 2009-cu İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXXVI konfransı
Ermənistan Respublikasının Azərbaycan Respublikasına

qarşı təcavüzü üzrə

 Q Ə T N A M Ə

 

Dəməşq, 23-25 may 2009-cu il

 

            İslam Konfransı Təşkilatının prinsip və məqsədlərindən çıxış edərək,

            Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Azərbaycanın torpaqlarının 20 faizinin işğalı ilə nəticələnən təcavüzündən ciddi narahatlıq duyaraq,

            Azərbaycan torpaqlarının mühüm bir hissəsinin işğal altında qalmasının davam etməsindən və erməni millətinə mənsub məskunların bu ərazilərə qeyri-qanuni köçürülməsindən dərin narahatlığını ifadə edərək,

            Erməni təcavüzünün nəticəsində meydana çıxan bir milyon Azərbaycanlı məcburi köçkün və qaçqının vəziyyətindən və humanitar problemlərin böyüklüyü və kəskinliyindən dərin narahatlıq keçirərək,

            Bütün əvvəlki müvafiq qətnamələri və xüsusilə İKT-nin 13-14 mart    2008-ci il tarixlərində Seneqal Respublikasinın Dakar şəhərində keçirilmiş Sammitində qəbul edilmiş10/11-P(IS) saylı qətnaməni bir daha təsdiq edərək,

            BMT Nizamnaməsinə ciddi əməl edilməsinə və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam icrasına çağıraraq,

            Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün bütün diplomatik və digər səyləri alqışlayaraq,

            Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiq edərək,

            Həmçinin Ermənistan Respublikasının təcavüzkar siyasətinin ATƏT çərçivəsində sülh prosesinə destruktiv təsirini qeyd edərək,

            Baş Katibin Hesabatını nəzərə alaraq,

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü ciddi tənqid edir.
  2. İşğal olunmuş Azərbaycan ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətləri insanlıq əleyhinə cinayət hesab edir.
  3. Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji, mədəni və dini abidələrin talan edilməsi və dağıdılmasını ciddi tənqid edir.
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, eləcə də BMT Baş Assambleyasının A/RES/62/243 qətnaməsinin ciddi icrasını və Dağlıq Qarabağ regionu da daxil olmaqla bütün işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının dərhal, qeyri-şərtsiz və tam çıxarılmasını təkidlə tələb edir və Ermənistanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırır.
  5. Bütün üzv dövlətləri BMT Baş Katibinin BMT Baş Assambleyasının  A/RES/62/243 qətnaməsinin icrası üzrə hazırlanacaq hesabatında əks olunmaq üçün onun sorğusuna cavab veməklə tez bir zamanda öz töhfələrini verməyə və BMT Baş Katibinə cavablarına bütün İKT üzvlərinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və qovulmuş Azərbaycan əhalisinin öz evlərinə qayıtması, eləcə də ərazilərin işğal altında saxlanmasına yönələn istənilən hərəkətin qarşısının alınması əsasında həllinə aydın dəstəyini əks etdirən prinsipial mövqeyi daxil etməyə təkidlə çağırır. Bundan əlavə, BMT Baş Katibinin sözügedən hesabatının gələcək aylarda BMT Baş Assamblyasının iclasında müzakirə olunacağını nəzərə alaraq, bütün üzv dövlətləri öz Nyu-York və Cenevrədəki Daimi nümayəndəliklərinə və nümayəndə heyətlərinə bu məsələni gündəlikdə saxlamaq və Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə güclü dəstək nümayiş etdirmək haqqında göstəriş verməyə çağırır.  
  6. Ermənistanın yuxarıda sadalanan BMT Təhlükəsizlik Şurası qətnamələrindəki tələbləri hələ də yerinə yetirməməsindən narahatlığını ifadə edir.
  7. BMT Təhlükəsizlik Şurasını Azərbaycan Respublikasına qarşı təcavüz faktının olmasını tanımağa, öz qətnamələrinə əməl edilməsini təmin etmək üçün BMT Nizamnaməsinin VII fəslinə uyğun zəruri tədbirlər görməyə, Azərbaycan Rspublikasına qarşı təcavüzü pisləməyə və aradan qaldırmağa çağırır və BMT-də bu istiqamətdə əlaqələndirilimiş fəaliyyət göstərməyi qərara alır.
  8. Bütün dövlətləri işğalçını münaqişəni daha da dərinləşdirmək və Azərbaycan torpaqlarını işğal altında saxlamaq imkanından məhrum etmək üçün Ermənistanı istənilən silah təchizatı və hərbi texnika ilə təmin etməkdən çəkinməyə təkidlə çağırır. Üzv dövlətlərin əraziləri bu cür təchizatın daşınması üçün istifadə olunmamalıdır.
  9. Üzv dövlətləri, eləcə də beynəlxalq birliyin digər üzvlərini Ermənistan təcavüzünə və Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün zəruri olan təsirli siyasi və iqtisadi tədbirlər görməyə çağırır.
  10.  Ermənistan və Azərbaycan arasındakı münaqişənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətli və sülh yolu ilə həllinə çağırır.  
  11.  Üzv dövlətlərin BMT-nin Nyu-Yorkdakı qərargahı yanında Daimi Nümayəndəliklərinə BMT Baş Assambleyasındakı səsvermə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə tam dəstək vermək barədə göstəriş verməyi qərara alır.
  12.  Etmənistanı və ATƏT-in Minsk Qrupunun bütün üzvlərini hazırda ATƏT çərçivəsində davam edən sülh prosesində BMT-nin müvafiq qətnamələri  və ATƏT Şurasının 1992-ci il martın 24-də keçirilmiş Birinci Əlavə görüşünün, ATƏT-in 1994-cü il 5-6 dekabr, 1996-cı il 2-3 dekabr, 1999-cu il 18-19 noyabr Sammitləri də daxil olmaqla, ATƏT-in müvafiq qərarları və sənədləri əsasında konstruktiv şəkildə iştirak etməyə və münaqişənin sülh yolu ilə həllini çətinləşdirəcək istənilən hərəkətdən çəkinməyə təkidlə çağırır.
  13.  Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin ATƏT-in 1996-cı il Lissabon Sammitində ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən verilmiş bəyanatda sadalanan üç prinsip, yəni Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağ regionuna Azərbaycan daxilində ən yüksək özünü idarəetmə  dərəcəsi və bu regionun və onun bütün əhalisinin təhlükəsizliyinin təminatı, əsasında həllinə tam dəstəyini ifadə edir. 
  14. Baş vermiş faktın (fait accompli) nizamlama üçün əsas olmadığını, eləcə də, nə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hazırkı vəziyyətin, nə də səsvermə prosesi keçirmək də daxil olmaqla status-kvonu möhkəmləndirməyə yönəlmiş istənilən fəaliyyətin qanuni şəkildə tanınmasının mümkün olmadığını vurğulayır.
  15.  Beynəlxalq humanitar hüququ kobud şəkildə pozan və münaqişənin sülh yolu ilə nizamlanmasına zərər verən Azərbaycanın işğal olunmuş ərazilərinə erməni millətinə mənsub sakinlərin köçürülməsi prosesini dayandırmağı və aradan qaldırmağı tələb edir və bu istiqamətdə Azərbaycanın səylərinə, o cümlədən   BMT-nin Nyu Yorkdakı qərargahı yanında Daimi nümayəndəlikləri vasitəsilə BMT Baş Assambleyasındakı səylərinə tam dəstək verməyi qərara alır.
  16.  İKT üzv dövlətlərindən öz hüquqi və fiziki şəxslərini Dağlıq Qarabağ regionu və Azərbaycanın digər işğal olunmuş ərazilərində iqtisadi fəaliyyətlə məşğul olmaqdan çəkinməyə çağırmağı xahiş edir.
  17.  ATƏT-in Minsk Qrupunun fəaliyyətinə və Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri səviyyəsində keçirilən məsləhətləşmələrə öz dəstəyini və mərhələli həllin Azərbaycan Respublikasına qarşı təcavüzün ən ciddi nəticələrini tədricən aradan qaldırmağa kömək edəcəyinə inamını ifadə edir. 
  18.  Baş Katibdən Ermənistanın Azərbaycan Resublikasına qarşı təcavüzünə münasibətdə İKT-nin prinsipial və sərt mövqeyini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı Sədrinə çatdırmağı xahiş edir.  
  19. Azərbaycan Hökuməti və xalqına öz ölkələrini qorumaq üçün həyata keçirdikləri səylərə tam həmrəyliyini və dəstəyini bir daha təsdiq edir.
  20. Məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtması üçün şərait yaratmağa çağırır.
  21.  Qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz minnətdarlığını ifadə edir və digərlərini bu insanlara öz yardımlarını göstərməyə çağırır.
  22.  Azərbaycan Respublikası ərazisində bir milyon qaçqın və məcburi köçkünün olması ilə bağlı humanitar problemlərin kəskinliyindən narahatlığını ifadə edir və İKT üzv dövlətləri, İslam İnkişaf Bankı və digər İslam institutlarından Azərbaycan Respublikasına lazımi maliyyə və humanitar yardım göstərməyi xahiş edir.
  23. Azərbaycanın münaqişənin nəticəsində dəymiş ziyanla əlaqədar müvafiq kompensasiya hüququ olduğunu hesab edir və bu müvafiq ziyanın ödənilməsi üzrə məsuliyyəti Ermənistanın üzərinə qoyur.

Baş Katibdən bu qətnamənin icrasında nəzarət etməyi və məsələ üzrə Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında hesabat verməyi xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR