Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Polİtoloq: Tənzİmlənmədə effekt Lİdİnqtonun Dağlıq Qarabağın ermənİ və azərbaycanlı İcmalarını görüşdürməsİndən asılıdır

"Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində pozitiv aktivlik nümayiş etdirir. İrfan Siddiq Böyük Britaniyanın Azərbaycandakı səfiri təyin edildikdən sonra bir neçə dəfə Dağlıq Qarabağ tənzimlənməsinə dair açıqlamalar verib. Açıqlamalarında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesinə qoşulması aktuallaşdırılır. Səfirin səyləri nəticəsində Böyük Britaniyanın digər rəsmiləri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar pozitiv fəaliyyətə qoşulublar". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Böyük Britaniyanın Ermənistandakı səfiri K.Liç də son aylar xeyli aktivdir. Ermənistandakı digər səfirlərdən fərqli olaraq K.Liç ölkəsinin Azərbaycanla maraqlarını hətta Ermənistanda da müdafiə edə bilib: "Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu üçün vəsait ayırıb. Bu barədə Böyük Britaniya parlamentarilərinin Dağlıq Qarabağ mövzusunda keçirdiyi dinləmələrdən sonra məlumat yayıldı. Bu pulun hara və necə xərclənməsi barədə əlavə heç bir məlumat yoxdur".

Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv qoşulanlar sırasındadır: "Cəmi bir dəfə Dağlıq Qarabağ erməniləri barədə Azərbaycanın maraqlarına uyğun olmayan fikir səsləndirib. Ola bilər, təsadüfən belə olub və ya mətbuat onu düzgün başa düşməyib. Ümumiyyətlə, bütün fikirləri və davranışı obyektivdir, Azərbaycanın maraqlarına uyğundur. Ermənistan və Azərbaycanda olarkən səfərinin əsas məqsədinin Dağlıq Qarabağ tənzimləməsi olduğunu bildirdi. ATƏT-in Minsk qrupunun fəaliyyətini gücləndirəcəyini bildirdi. Bakıda olarkən Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə görüşdü".

M.Əhmədoğlu bildirib ki, Böyük Britaniyanın mövqeyində üç parametr var: birincisi, zəruri pozitiv aktivlik, ikincisi, Dağlıq Qarabağın azərbaycanlı icması mövzusunu aktuallaşdırmaq, üçüncüsü, ATƏT MQ vasitəçiliyini gücləndirmək: "ATƏT MQ vasitəçiliyini gücləndirməklə bağlı səy göstərməyə dəyər. Son illər ATƏT MQ-nin qərəzli fəaliyyəti və əksərən məqsədyönlü fəaliyyətsizliyi ATƏT MQ-ni vasitəçi kimi sıradan çıxmaq təhlükəsi ilə üzləşdirib. ATƏT MQ vasitəçiləri uzun müddət Ermənistanın işğalçı mövqeyinə göz yumublar, ona dəstək veriblər. İndi ATƏT MQ-nin taleyi Ermənistandan asılıdır. Ermənistanın taleyi isə Rusiyanın əlindədir. Ermənistan Rusiyanın bütün əmrlərini yerinə yetirir. RF-nin əmri ilə Ermənistan ATƏT MQ-dən imtina edəcək".

Politoloq deyib ki, RF-nin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsində marağı var: "Avrasiya İqtisadi Birliyi inkişaf etdikcə Dağlıq Qarabağ Ermənistandan ayrılacaq. Lakin Rusiyanın daha böyük marağı Dağlıq Qarabağın digərlərinin əli ilə Azərbaycana qaytarılmasındadır. Rusiya Azərbaycanın müstəqil siyasətinə arxayındır, çox parametrli münasibətlərini daha da inkişaf etdirməyə resursları yarada biləcək. İndi Rusiyanın qarşısında duran əsas məqsəd Ermənistanın antirusiyaçılığının inkişafının qarşısını almaqdır. O baxımdan RF özünün iştirakı olmadan, digər dövlətlərin əli ilə Dağlıq Qarabağın Azərbaycana qayıtmasında çox maraqlıdır".

Onun sözlərinə görə, yaranmış şərait Böyük Britaniyanın pozitiv aktivliyi üçün münbitdir: "Böyük Britaniyanın qısa zaman kəsiyində Dağlıq Qarabağ məsələsində uğur qazanmasına dair çox parlaq nümunə var: 1993-1994-cü illərdə BMT TŞ-nin münaqişə ilə bağlı 4 qətnaməsinin qəbulunda BMT TŞ-nin daimi üzvü olan və BP vasitəsilə Azərbaycanda neft layihələrini reallaşdırmağa başlayan Böyük Britaniyanın müstəsna rol oynadı. O dövrkü yığcamlıq və operativliyi indi nümayiş etdirməklə Böyük Britaniya uğur qazana bilər. İndiki zamanın ən əsas nümunəsi konkretlik və praktiklikdir. Devid Lidinqton Azərbaycanda olarkən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O bu istiqaməti inkişaf etdirib Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə nail ola bilər. Ermənistan münaqişənin danışıqlar vasitəsilə tənzimlənməsinə hazırdırsa, hansısa konkret addımı praktik şəkildə atmağa başlamalıdır. İndi Böyük Britaniya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu üzərində fokuslanıb. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü Dağlıq Qarabağın özündə baş verərsə və mütəmadi davam edərək dialoqa çevrilərsə, bu, Dağlıq Qarabağın statusunun müəyyən olunması deməkdir".

M.Əhmədoğlu qeyd edib ki, Böyük Britaniya ekspertlərinin iştirakı ilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Dağlıq Qarabağ ərazisindəki dialoq müstəvisində Azərbaycanla Ermənistan arasında iqtisadi və investisiya layihələrini müzakirə edib ortalığa konkret ideyalar qoyula bilər: "D.Lidinqtonun timsalında Böyük Britaniyanın aktivliyi həm ATƏT MQ-nin, həm də Qərbin bu məsələdə simasını qoruya bilər. Ermənistan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə razılıq verməyəcəksə, S.Sarkisyan icmaların görüşünə qoyduğu qadağanı aradan qaldırmayacaqsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər şey Qərbin əlindən çıxıb Rusiyanın əlinə keçəcək".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR