Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Laçın rayonunun Ermənİstan sİlahlı qüvvələrİ tərəfİndən İşğalının 26-cı İldönümü İlə əlaqədar “Azərbaycan Respublİkası Dağlıq Qarabağ Bölgəsİnİn Azərbaycanlı İcması” İctİmaİ Bİrlİyİnİn BƏYANATI

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə və kimi cinayətlər törətmişlər.

Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlə­rinin xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaran­mış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağ­lıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Dağ­lıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində” qərar qəbul etdi. Bunun ardınca, Er­mə­­nistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haq­qında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqa zidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR Konstitusiyalarına zidd olduğundan, buna heç cür haqq qazandırıla bilməzdi və bu Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi.

    Sovet rəhbər­li­yinin çox cid­di və bağışlanılmaz səhv­ləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əv­vəllərində vəziy­yətin getdikcə kəs­kin­ləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermə­nistanla həmsərhəd bölgə­lə­rində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

26 il əvvəl – Azərbaycanın Şuşa şəhəri işğal edildikdən az sonra Ermənistan silahlı qüvvələri qısa müddət ərzində, yəni 1992-ci il mayın 18-də Dağlıq Qarabağdan kənarda yer­lə­şən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəti­cədə, 1835 kvadratkilometr ərazisi, işğal zamanı 60 min nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azər­bay­can Respublika­sının Dağlıq Qarabağ bölgəsinin erməni ic­ması, hətta istəsəydi belə, kənardan çox böyük kömək ol­madan Azərbaycan ərazi­lərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermə­nis­tanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğal­çılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “huma­nitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Bununla yanaşı, işğal nəticəsində Laçın rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Tarixi və memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), Minkənddəki XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi,  Kosalar kəndindəki Ağoğlan qəsri (IX əsr), Adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Malxələf kəndindəki Xəlifə türbəsi (XVII əsr), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Minkənd kənddəki Birtağlı və İkitağlı körpülər (XIX əsr), Güləbirddəki türbə, eləcə də yüzlərlə tarixi və memarlıq abidələrimizin taleyi naməlumdur.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düş­məsinə gətirib çıxarmış və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­si və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü  nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının26-ci ildönumundə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Laçın rayonunun 77 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Biz  humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın  haqq səsi  eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevirilsin.

Bununla yanaşı, Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səy­lər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti­cə­lər verməmişdir. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğur­suzluqlarının başlıca səbəbi məhz Azər­bay­can Respublikası­na qarşı Ermənistan Respublikasının birbaşa təcavü­zü faktının etiraf olunmaması ilə bağlıdır.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində  Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir.  Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

 

(Müraciət  “Azərbaycan  Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”

                                             İctimai Birliyinin 17 may 2018-ci il tarixli

 toplantısında  qəbul edilmişdir).

       

    17.05.2018.

 

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR